Modern.az

Dövlət qurumu “mədəni oğruları” cəzalandırıb, 3 mahnı plagiat elan edilib  

Dövlət qurumu “mədəni oğruları” cəzalandırıb, 3 mahnı plagiat elan edilib  

3 Oktyabr 2016, 10:37

İstər Azərbaycanda, istərsə də dünya ölkələri arasında  bir çox sahələr üzrə plagiatlıq vüsət almaqdadır. Mədəni şəkildə oğurluq edənlər bu yolla populyarlıq qazanmağa çalışsalar da, hazırkı dövr üçün bunun uğurlu nəticələri yoxdur. Mədəni oğurluq halları aşkar olunduğu təqdirdə, dərhal  Müəllif Hüquqları Agentliyi tərəfindən araşdırılaraq məsələyə hüquqi qiymət verilir.

 

Azərbaycan Müəllif hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev  Modern.az-a  açıqlamasında 2016-cı ildə də belə halların baş verdiyini bildirib.

 

“2016-cı ilin ilk 9 ayı ərzində əsasən elmi əsərlər üzrə plagiat faktları ilə bağlı müraciətlər daxil olub. Ədəbiyyat, musiqi sahələri üzrə plagiat faktları barədə Agentliyə müraciətlər daxil olmayıb. Lakin onu da bildirmək istərdik ki, dövlət qeydiyyatına alınmaq üçün bir sifarişçi  tərəfindən təqdim edilən 3 mahnının (mətn və musiqi) ekspertizası zamanı, həmin mahnıların plagiat olduğu aşkar edilib. Buna görə də, mahnıların qeydiyyatından imtina edilib və bu barədə məktub hazırlanaraq müəllifə göndərilib”.

 

Şöbə müdirinin sözlərinə görə müraciət olunan bu cür hallar agentlik tərəfindən araşdırılaraq ölçü götürülür.

 

“Əsərlərin müəllifliyinin mənimsənilməsi (plagiat) halları hüquq sahiblərinin (müəlliflərin və digər maraqlı tərəflərin) təşəbbüsü ilə pozulmuş hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə yazılı müraciəti əsasında müvafiq qaydada Agentlikdə araşdırılır, müvafiq rəy hazırlanaraq hüquq sahibinə təqdim edilir. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxılan halda, Agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir.

Məlumat üçün qeyd edək ki, 2015-ci ildə 1400-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılmış, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilib”.

Agentliyin rəsmisi onu da əlavə edib ki, belə hallarla qarşılaşan müəlliflər, məsələ ilə bağlı “Qaynar xətt”ə müraciət edə bilərlər.

 

“Pozulmuş müəlliflik hüquqlarının bərpası, plagiat faktları, habelə, əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müəlliflərə və digər hüquq sahiblərinə köməklik edilməsi üçün Agentlikdə müvafiq şərait yaradılmış, o cümlədən burada ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”, “960” nömrəli “qaynar xətt” və elektron xidmətlər fəaliyyət göstərir.

 

Azərbaycanın müəllif-hüquq qanunvericiliyinə əsasən, hər bir əsərin sahibi, müəlliflər və ya hüquqları əldə etmiş digər şəxslərdir. Ona görə də hüquqların pozulması faktı barədə məhkəmə iddiası qaldıra bilərlər”.

 

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir