Modern.az

Bir şəklin tarixçəsi - Elçibəyin başını yaran o şəxsin bədbəxt sonluğu...

Bir şəklin tarixçəsi - Elçibəyin başını yaran o şəxsin bədbəxt sonluğu...

3 Oktyabr 2016, 11:43

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında yayımladığı bu foto 1991-ci ildə çəkilib. Zaman - 29 avqust 1991-ci il. Məkan - Elçibəyin qardaşı Almurad Əliyevin evi…

6 gün öncə - 23 avqust (1991) mitinqində yaralanmış Azərbaycan Xalq Cəbhəsinin lideri, gələcək prezident Əbülfəz Elçibəy qardaşının evinə sığınıb.

O zaman xalq hərəkatının lideri Elçibəyin başını kimin yardığı kütlə arasında müzakirə olunur, hamının qınadığı o şəxslə bağlı şayiələr yayılırdı. Kimi deyirdi o, mülki şəxsdir, kimi deyirdi məmur...

Gerçəkdə isə Elçibəyə əl qaldıran o şəxs Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) əməkdaşı idi.

Modern.az-ın məlumatına görə, Əbülfəz Elçibəyin silahdaşları onun başını yaran OMON-çunun adını açıqlamasalar da, olayla bağlı maraqlı əhvalat danışıblar.  

Belə ki, Elçibəy prezident seçiləndən sonra bir qrup hərbçi qərara alır ki, yığışıb onun qəbuluna getsin. Məqsəd də bir il öncə onun başını yaranı OMON-çunu işdən qovdurmaq olub...

Hərbçilər çətinliklə də olsa, Elçibəylə görüşürlər... Məsələni bilən Elçibəy yanına gələn hərbçilərə hirslənir: “Qardaşlar,  əsgər əsgəri satmaz, çalışın belə etməyin...” deyib onları yola salır.

Elçibəy yola saldığı hərbçilərə öyüd-nəsihət də verir ki, həmin OMON-çunun adını orda-burda hallandırmasınlar.

Əbülfəz Elçibəy həmin OMON-çunu işdən qovdurmasa da, o, prezidentlikdən gedəndən sonra adam uzun müddət görəvdə qala bilməyib. Şahidlərin sözlərinə görə, Bakı OMON-unun əməkdaşı olan həmin şəxsi işdə yol verdiyi ciddi nöqsanlara görə öz komandiri qovub...

Deyilənə görə, adamın işi həyatda da düz gətirməyib və sonralar çox pis durumlara düşüb...



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir