Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XI YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XI YAZI

3 Oktyabr 2016, 12:29

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Rusiya-Qacarlar (1796-1797; 1804-1813; 1826-1828) mühari­bə­lə­ri və onun nəticələri Qacarlar dövlətindəki bütün türklərin, daha çox da Azərbaycan Türklərinin həyatına təsir göstərmiş, onun gələcək taleyində mühüm rol oynamış­dır. Çox yazıqlar olsun ki, bütün bunlar bu günə qədər ictimai-siyasi və fəlsəfi fikir tariximizdə öz doğru-düzgün əksini tapmamışdır. Fikrimizcə, nəinki bu məsələ, həmçinin elə önəmli məqamlar var ki, bu günə qədər heç bir elm sahəsində həmin məsələlərə ob­yek­tiv qiymət verilməmişdir. Məsələn, «Azərbaycan tarix»i kitabı­nın IV cildi­nin I fəsli və paraqrafları müvafiq olaraq belə ad­la­nır: «Şi­ma­li Azərbaycanın Rusiya tərəfindən işğa­lı»; 1. «Azər­bay­ca­nın istilasının başlanması»; 2. «Birinci Rus­iya-İran müha­ri­bəsi»; 3. «İkinci Rusiya-İran müharibəsi. İstila­nın başa çatması». Birincisi, I fəsillə ilk paraqrafın adı uyğun gəlmir, belə çıxır ki, Rusiya şimali Azərbaycan adı altında bütün Azərbaycanı istila etmişdir. İkincisi, hə­min dövrdə və sonralar Xorasanı, Persiyanı, Cənubi Azərbaycanı, Təbəristanı, Luristanı, Əhvazı və başqa  ərazi­lə­ri idarə edən Qacarların “İran” adı altında verilməsi doğru deyildir. Bu fəslin nə adı, nə paraqraf­larının adı, nə də məz­mu­nu Azərbaycan türklərinin maraqları ilə uzlaşmır. Bu məsələylə bağlı hökmən deməliyik ki, nə vaxta qədər “Türk (Azərbaycan) xalqının tarixi”ni deyil, “Azərbaycan taixi”ni, yəni yalnız coğrafi bir ərazinin ya da vətən tarixini yazaraq buna uygun olaraq sinkretik bir tarix uyduracağıqsa, o zaman Nadir şah Əfşarlar, Ağa Məhəmməd şah Qacarlar, Abbas Mirzələr, Fətəli şah Qacarlar bizlər üçün doğma deyil, yad olacaqlar.

Bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində də milli iradə yoxdur ki, Azərbaycan coğrafiyasının tarixini yazmaqdan birdəfəlik əl çəkib Türk xalqının, yəni Azərbaycan türklərinin tarixini yazsınlar. Bu anlamda çağdaş Azərbaycan tarixçiləri Rusiyanın xanlıqlar, Böyük Britaniyanın Qacarlar üzərində oynadığı barbarcasına işğalıçılıq oyunlarını gün işığına çıxartmaq, eyni zamanda Qacarlarla Şimali Azərbaycan türklərinin zaman-zaman ortaya qoyduqları birliyi ifadə etmək əvəzinə, əsasən Abbas Mirzənin başçılığıyla Qacarlar ordusunun 1804-1813, 1826-1828-ci illərdə Şimali Azərbaycanı Rus qoşunlarından azad etmək üçün həyata keçirdiyi bütün hərbi yürüşləri bir yandan talançılıq, qəsbkarlıq, viranedicilik, digər tərəfdən ingilislərin oyuncağı kimi qələmə verirlər.

Ümumiyyətlə, 7 cildlik Azərbaycan tarixinin 4-cildinin Rusiya-Qacarlar müharibələrindən bəhs olunan bölümlərində, açıq şəkildə olmasa da, çar Rusiyasının Şimali Azərbaycanı işğalına haqq qazandırılmağa cəhd göstərilir. Bu anlamda da rus qoşunlarının Şimali Azərbayacana işğalçılıq yürüşləri sadəcə, “işğalçılıq, müstəmləkəçilik niyyəti” kimi ifadə edildiyi halda, Qacarlar ordusunun əski Türk torpaqlarını yenidən ələ keçirmək üçün həyata keçirdiyi hərbi yürüşləri ingilislərin qızğın yardımı adı altında viranedicilik, talançılıq, qəsbkarlıq adlandırılır. Məsələn, “Azərbaycan tarixi”nin 4-cildində  Qacarların Şimali Azərbaycanda Rus qoşunlarıyla müharibəsi haqqında yazılır: “Kızılyaradək bütün ölkələri “kafir ruslardan” təmizləyəcəyini lovğalıqla bəyan etmiş şah”; “İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər”; “Qəsbkarlar geri çəkilərkən...”; “İran qoşunlarının Zaqafqaziyaya viranedici yürüşləri yenidən başladı”; “İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi”; “Abbas Mirzə Qafqaz xalqları arasında milli və dini ədavəti qızışdıracağına da ümid bəsləyirdi”; “İran sərbazları (Qacarlar əsgərləri-F.Q.) əllərinə düşən hər şeyi məhv edir, dinc əhalini soyur, mal-qaranı sürüb aparırdılar”. Bu sözlərdən belə çıxır ki, Qacarlar Rusiyayla müharibə aparmaqdan çox Şimali Azərbaycanı talamaq, soymaq və dağıtmaqla məşğul olublar. Azərbaycan tariçxiləri az qala yazırlar ki, rus qoşunları isə Şimali Azərbaycanı işğal deyil də, onu talançı, soyğunçu, qəsbkar Qacarlar ordusundan müdafiə etmək üçün savaşırmışlar!!!

Hər halda Rusiyanın Şimali Azərbaycanda işğalçılıq yürüşlərinə gəlincə, Azərbaycan tarixinin 4-ci cildində artıq rus qoşunlarına aid ola biləcək “talançılıq”, “viranedici”, “lovqağlıq”, “qəsbkarlıq” kimi ifadələrə rast gəlmirik. Bu zaman daha çox ümumi “işğal” sözü istifadə edilməklə yanaşı “fəth”, “tabe etdirilmə”, “Rusiyanın hakimiyyəti altına keçmə”, “ələ keçirilmə” kimi ifadələrə də üstünlük verilir. Üstəlik, Rusiyanın Qacarlar üzərində qələbələrinə olan rəğbət də açıq şəkildə hiss olunur: “ruslar... İran qoşunlarını əzdilər”; “İran qoşununu dağıtdılar”, “Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı”; “İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi”; “Kotlarevski Aslandüz istehkamlarına hücum edib onun (Abbas Mirzənin – F.Q.) qoşunlarını darmadağın etdi”; “Şah sarayı... bir sıra parlaq qələbələrdən sonra Rusiyanın Zaqafqaziyada güclənməsindən qorxaraq, sülh danışıqlarına başlamaq qərarına gəldi”. Maraqlıdır ki, müharibənin gedişi zamanı Qacarlar ordusunun Rusiya hərbi birləşmələrinə məğlub olmaları rəğbətlə qarşılandığı halda, onların qələbələrinə isə mümkün qədər kölgə salınmağa çalışılır. Azərbaycan tarixçiləri bunu daha çox ruslar açısından “uğursuzluq”, “məğlubiyyət” kimi ifadə etməklə kifayətlənirlər. Guya, Abbas Mirzə də bütövlükdə Rus qoşunlarıyla döyüşələrdən çox vaxt çəkinərək Şimali Azərbaycanda talançılıqla məğul olurmuş. Üstəlik, Azərbaycan tarixçiləri yzırlar ki, Şimali Azərbaycanı talayıb dağıdanlardan biri də Abbas Mirzənin oğlu imiş.

Quzeyli-güneyli yeni Azərbaycan Türk nəsili bilmlidir ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacardan sonra Türk Qacar dövlətinin vəlihədi, Azərbaycan hökmdarı Abbas Mirzə vahid millət, vətən və dövlət uğrunda mübarizə aparmışdır. Dogrudur, Abbas Mirzə Şimali Azərbaycanın Qacarlara birləşdirilməsi ugrunda çar Rusiyasına qarşı apardığı iki müharibənin ikisində də yenilmişdi. Bəs, bugünkü quzeyli-güneyli Azərbaycan türk xalqı Abbas Mirzənin məğlubiyyətinin əsas səbəblərini bilirmi?! Yoxsa, hələ də hesab edirik ki, yalnız çar Rusiyasının qoşunları Abbas Mirzəninin Azərbaycan türk ordusundan hərbi texnologiyada üstün olduqları üçün hər müharibədən qalib çıxmışdı?! Şübhəsiz, bu gün Azərbaycan türkləri əsil Abbas Mirzə Qacarı hələ tanımırlar. Özəlliklə, Qacarlar dövlətində Təbrizin ikinci paytaxt, vəlihədin isə şah olmazdan öncə Azərbaycan hökmdarı olmasında onun misilisiz xidməti olmasından çoxumuz xəbərsizik. Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan” (1813) və “Türkmənçay” (1828) barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının - Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, Abbas Mirzənin də bütövlük  uğrunda apardığı müharibələri ya “İran”ın adına yazmaqla, ya da onu “düşmən” kimi qələmə verməklə kifayətlənəcəyik.

Yeri gəlmişkən, Azərbaycan tarixçiləri yalnız Qacarları deyil, dünənə qədər sahib olduqları torpaqları Rus qoşunlardan azad etmək istəyən Şimali Azərbaycan Türk xanlarını da soyğunçu, talançı kimi qələmə verirlər. Guya, Qacarlarla birlikdə hərəkət edən xanların da başlıca vəzifəsi körpüləri, dəyirmanları, ərzaq ehtiyatlarını dağıdan təxribatçı dəstələr təşkil etmək imiş. Deməli, həmin xanlıqlardan bəziləri rusyanlısı olduğu zaman soyğunçu, talançı, qəsbkar olmadıqları halda, ancaq Qacarlarla birləşib Rus qoşunlarına qarşı döyüşərkən artıq həmin adları daşımağa layiq olurlar. Bu isə onu göstərir ki, Türkün şüuruna yeridilmiş “mütərəqqi Rusiya” düşüncəsi hələ də, sürməkdədir.

Azərbaycan tarixçiliyinin bu dövrüylə bağlı əsas diqqəti çəkən məsələlərdən biri də Rusiya-Qacarlar müharibələrinin, o cümlədən sonrakı proseslərin böyük ölçüdə, bəlkə də 100-də 90 faizlə rus mənbələrinə istinadən yazılmasıdır. Halbuki Rus-Qacar müharibələriylə bağlı kifayət qədər digər mənbələr, özəlliklə də yerli olan Türk mənbələr də vardır. Belə olduğu təqdirdə, Sovetlər Birliyi dövründə olduğu kimi əsasən rus mənbələrinə istinad edərək Rus-Qacar müharibələrinin ələ alınmasımı kökündən yanlış hesab edirik.

Çar Rusiyası və Sovet Rusiyası (SSRİ) dövründə Şimali Azərbaycan Türk Xanlıqlarından, xüsusilə Qarabağ Xanlığından, o cümlədən Rusiya-Qacarlar müharibələrindən bəhs edən müəllifləri əsasən başa düşmək çox da çətin deyildir. Şübhəsiz, onlar bu məsələlərdə müəyyən istisnaları nəzərə almasaq Rusiyanın mənafeyindən çox da kənara çıxa bilməmişlər ki, ona görə də burada obyektiv tarixçilikdən danışa bilmərik. Ancaq bu gün müstəqil Şimali Azərbaycan tarixçilərinin əsasən, məcburiyyətdən obyektiv tarixçilikdən uzaq olmuş müəllifləri aşağı-yuxarı təkrarlamaları yolverilməzdir.

Bütün bunlar onu göstərir ki, 7 cildlik “Azərbaycan tarixi” milli iradənin mənafeyini təmsil etməkdən çox uzaqdır. Burada milli iradənin mənafeyindən çox Rusiyanın ya da “İran”ın mənafeyinə toxunmamaq ön plandadır. Ancaq Azərbaycan türk xalqının tarixi metodologiyasıyla tariximizi öyrənsək görərik ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə kimi Türk böyükləri Azərbaycan üçün mücadilə vermiş və bu yolda şəhid olmuşlar. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş, özlərini şah elan etmiş Oğuz-Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə övladlarımıza çatdıra bilmiriksə, deməli Azərbaycanın bütövlüyü, bunun timsalında da yeni Türk dövlətinin qurulması söz olaraq qalacaqdır. Ancaq bugünkü yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad Türk dövlətlərində yaşamaları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman yeni nəslin özünə inamı da artacaq, bütövlük, birlik, ən əsası Əfşarların, Qacarların davamçısı olan yeni Türk dövləti qurmaq ideyasına daha da möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyin, o cümlədən yeni Türk dövlətini qurmağın ilk prinsipi bugünkü nəslin Nadir şahlara, Ağa Məhəmməd şahlara, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilməlidirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər