Modern.az

İcra başçılarına mübahisəli torpaqlara görə İTTİHAM: "Özləri problem yaradırlar"

İcra başçılarına mübahisəli torpaqlara görə İTTİHAM: "Özləri problem yaradırlar"

4 Oktyabr 2016, 14:12

“Çox zaman görürük ki, rayon rəhbərləri mübahisəli torpaqlara görə birbaşa olaraq öz aralarında ciddi problemlər yaradırlar. Bu da çox xoşagəlməz haldır”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu günkü iclasında deputat Tahir Rzayev deyib.

 

O bildirib ki, torpaqların hansı rayona az yaxud çox düşməsinə görə ciddi mübahisələr yaratamaq yolverilməzdir: “Fərqi nədir ki, torpaqdır da... 50 hektar bir rayona az düşər, birinə çox düşər. İki rayonun da əhalisi azərbaycanlıdır. Həmin torpaqlar hamısı Azərbaycana məxsusdur, onlar hamısı Azərbaycanın rayonlarıdır. Məsələni həll edərkən elə etməliyik ki, nəyisə düzəltmək istəyərkən əlavə ciddi problemlər yaranmasın”.

 

Komitə üzvü söyləyib ki, bu məsələnin müzakirəsini əhalinin özünə həvalə etmək düzgün olmaz: “Mübahisəli torpaqların həlli məsələsini əhalinin müzakirəsinə versək ortaq məxrəcə gəlmək çox çətin olacaq. İnsanların bir hissəsi rayonların ərazisində məcburi köçkün olaraq məskunlaşıb. Bunu da nəzərə almalıyıq. Xəritələrin çəkilməsini dəqiqləşdirərkən yerli əhalinin məskunlaşma tipini mütləq bilməliyik. Yəni rayonlarda torpaqların sərhədlərini müəyyənləşdirərkən elə etməliyik ki, yaşayış məskənlərinə toxunulmasın və əhalinin köçürülməsinə ehtiyac qalmasın. Ümid edək ki, bu məsələlər müsbət həllini tapacaq”.

 

Tahir Rzayevin sözlərinə fikir bildirən komitə sədri Arif Rəhimzadə söyləyib ki, mübahisəli torpaqların ayırd edilməsində ciddi olmaq lazımdır: “Belə hallar çox olacaq.

 

Azərbaycanda qoyunçuluqla əlaqədar müəyyən aran və dağətəyi rayonlarda köçəri həyat tərzinin, yaylaq-qışlaq maldarlığının hələ də qalması, otlaqların mübahisəli istifadəsi kimi problemlər də var. Ancaq bunların da normativi, qanunu var. Məsələn, tutaq ki, 1 hektar torpaqda 2-3 min baş qoyun otarmaq olur. Ancaq kiminsə 100 qoyunu var və istəyir ki, ona da 1 hektar otlaq yaxud başqa formada torpaq verilsin və torpağı özələşdirsin. Baxın biz buna imkan verməməliyik. Müəyyənləşdirilməlidir ki, həqiqətən də kimə nə qədər torpaq düşür”.

 

Komitə sədri vurğulayıb ki, mübahisəli torpaq məsələsində əhalinin qeydiyyat məsələsi mütləq nəzərə alınmalıdır: “Vətəndaşın harda qeydiyyatda olması və ya mövcud qeydiyyatını dəyişmək məsələlərinə ciddi fikir vermləiyik. Ola bilər ki, bəlkə heç hansısa adam öz qeydiyyatını dəyişmək istəmir. Ona görə də mübahisəli torpaqların qarşı tərəfə verməkdən yaxud elə həmin rayonun özündə saxlamaqdan ötəri çox ciddi dəlil və sübutlar olmalıdır”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi