Modern.az

Maliyyə Nazirliyi ADİF-ə ayrılacaq kreditə dövlət zəmanəti VERDİ  

Maliyyə Nazirliyi ADİF-ə ayrılacaq kreditə dövlət zəmanəti VERDİ   

4 Oktyabr 2016, 16:01

Maliyyə Nazirliyinin Kollegiyası Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı qərar qəbul edib.

 

Bu haqda nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, oktyabrın 4-də Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.


Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1.7-ci və 17.2-ci maddələrinə və Prezidentin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC “Bank Standad” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır. 

 

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?