Modern.az

Bir qəzəldə yatan sirr (ariflər üçün) – IV-V HİSSƏLƏR

Bir qəzəldə yatan sirr (ariflər üçün) – IV-V HİSSƏLƏR

Ədəbi̇yyat

5 Oktyabr 2016, 11:25

Mirzə HACIYEV


Adəm yaradıldığı zaman Uca Məclisdə Allaha bütün əşyaların adlarını söylərkən mələklərlə, ilk cinlə yanaşı Allahın Hüsnü-Camalını da görmüşdür; qeyd etdiyim kimi, mələklər də, cin də bəlli materialdan düzəldilmişdilər deyə vücuda malik idilər, o vücud onların görüntüsü, bəyanıdır. Allahın Mübarək Adlarından oluşan Hüsnü-Camalını isə yalnız görüntü kimi görmüşdür. Çünki O Hüsnü-Camalı göstərən İlkin Ruhdur, Onunla Özünü bəyan etmişdir, amma vücudu, cismi yoxdur deyə  Özü görünməz. Hüsnü-Camal cisimsiz Laməkanın görüntüsüdür. O Laməkan olan İlkin Ruh  Hüsnü-Camalla birlikdə Allahdır. Rəhman-Rəhim o Mübarək Adlardan yalnızca birisidir, bütün cənnət məkanı o Mübarək Adlardan yalnız birisinin təzahürüdür. Mələk Cəbrayılın gətirdiyi ayələr bu Addan gəlir. “Bismillah ir-Rəhman ir-Rəhim”, yəni Allahın Rəhman-Rəhim Adıyla başlayıram. Bütün Adları ilə deyil, yalnızca Rəhman-Rəhim Adı ilə. Bütün Adları ilə olmuş olsaydı, bu o demək olardı ki, Allahın Hüsnü-Camalı ilə  başlayıram. “Əlhəmdü lillahi Rəbbil aləmin”. Yəni həmd aləmlərin yaradıcısı Allaha məxsusdur. Ayrılıqda İlkin Ruhamı? Ayrılıqda Hüsnü-Camalamı? Xeyr. İlkin Ruhla Hüsnü-Camalın birliyinə. Hüsnü-Camal İlkin Ruhsuz var olmazdı, İlkin Ruhun da Hüsnü-Camalı olmasaydı, o Camalı oluşduran Mübarək Adlardan aləmlər yaranmazdı. Hansı aləmlər? Bizim bildiyimiz cənnət və varlıq məkanından başqa Allahın digər Mübarək Adlarından da təzahür edən aləmlər varmış. Biz insanların o aləmlərin varlığından xəbərimiz yoxdur. Amma həzrət Adəm cənnətdə yaşadığı vaxtlar bundan xəbərdar imiş; on səkkiz min aləmin mövcudluğundan xəbər verir o, Nəsiminin diliylə. O aləmlərin hər birinə Allahın sözü onların təzahür etdikləri Adlardan gəlir. Bizim aləm isə Rəhman-Rəhim Adından təzahür etmişdir deyə həmd, tərif Allaha və bu aləm üçün Onun Adlarından birisi olan Rəhman-Rəhimə məxsusdur. Çünki bizim aləm üçün Qiyamət gününün hökmdarı Rəhman-Rəhim olacaq. (Əslində “Rəhman” və “Rəhim” iki ayrı Mübarək Ad olsa da Rəhman bu maddi dünyadakılara, Rəhim isə Qiyamətdən sonrakılara mərhəmət edən mənasındadır deyə ikisini bir Adda birləşdirilir. Belə ki, Ərşi-Ali və sidrətül-müntəha içində olanlar hər ikisindən təzahür etmişlər).

“Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın Rəsuludur”. Onun Rəsul olaraq göndərilməsi irəlicədən göylərdəki Ana Kitabda yazılıdır, ona göndərilən ayələr də o Kitabdandır. O Yazılar Allahındır, yəni bütün Mübarək Adlarındır Rəhman Adı ilə birlikdə. Yalnız Rəhman Adına aid olmuş ilsaydı deyilərdi “Allahın Rəhman-Rəhim adından baıqa ilah yoxdur, Məhəmməd Allahın Rəhman-Rəhim Adının Rəsuludur”. Bununla belə, ayələr bizim məkana yalnız Rəhman-Rəhim Adına gəlir. Niyə? Çünki o Ana Kitabdakı ayələr içərisində  yalnız bizim məkana endirilməsi nəzərdə tutulan ayələr digər Mübarək Adların təzahürü olan on səkkiz min aləmə deyil, yalnız Rəhman Adının təzahürü olan aləmə gəlir.


Adəm cənnətdə kamil olmuşsa, yəni bütün cənnət məkanının bütünlüklə Rəhmandan təzahür etdiyi həqiqətini anlamışsa, demək, ruhən Rəhmana qovuşmuş kimi olmuşdur. Necə ki, Yer üzü insanı kamilləşincə ruhən Adəmə qovuşur və “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyir, eləcə də, kamil Adəm ruhən Rəhmana qovuşub  “Həm ayətü-Rəhman mənəm, həm rəhmətü-Rəhman mənəm” deyir. Bir ovuc suyu dənizə atarsan dənizə qovuşar, sonra o su desə ki mən dənizəm, ayırd etmək olarmı onu deyən o bir ovuc sudur, yoxsa bütünlükdə dəniz? Ruhən Rəhmana qovuşduğu üçün hətta “vəhy ilə həm mələk mənəm” deyir. Yəni bir halda ki, Rəhmana qovuşaraq Hüsnü-Camaldayam, vəhy də, mələk də o Hüsnü-Camaldan deyilmi? Maddi məkanda vəhyin ayət şəklində olması, mələyin surət halında görüntüsü, eşidilməsi mənəmsə, cənnətdəki kamil halımda vəhyin də, mələyin də şəkillənməsi deyil, özləri mən olmurammı Hüsnü-Camalda ikən? Qadağan olunmuş ağaca toxunduğu zaman isə kamilliyinə qüsur gəlmişdir, çünki kamil varlıq  Allahın əmrindən çıxmaz. O üzdən Rəhmana qovuşmağı bitir və  Allahın əmrilə bu maddi cahana çevrilir. Ona görə də anlamaq lazımdır ki, qəzəldə Nəsiminin dili ilə danışan  mühiti-əzəm  Adəm  cənnətdəki kamil halındadır.

 
Mələyin də, cinin də cənnət məkanındakı görüntüləri onların konkret bir cisim kimi görüntüləridir deyə həqiqidir, amma maddi dünyamızdakı görüntüləri isə şəkillənmədir, xəyaldır deyə fanidir. Adəmin də o məkandakı onlara görüntüsü cisim kimi görüntüdür deyə həqiqidir. Amma onun bu maddi məkanın ayrı-ayrı maddiliklər kimi, yəni Ay, Günəş, ulduzlar, canlı-cansız hər şey şəklində  görüntüləri şəkillənmədir, xəyaldır deyə fanidir. Eləcə də, Allahın Hüsnü-Camalı İlkin Ruhun bir (cisim kimi deyil) varlıq kimi görüntüsüdür, cənnət və içindəkilər isə o görüntünün (daha doğrusu, o görüntünü oluşduranlardan birisi olan Rəhman-Rəhim Adının) görüntüsü, şəkli, bəyanıdır. Maddi məkandakı şəkillənmələrdən birisi olan biz insanlar da faniyik deyə bizim üçün cənnət məkanı həqiqidir, əsil həyat oradadır. Amma o məkan əbədi olsa da əzəlidirmi? Xeyr. Məhz sonradan mövcud olduğu baxımından Allah üçün o məkan da şəkillənmədir, xəyaldır. Həqiqi var olan yalnız və yalnız Allahdır. Amma cənnət əzəli deyil deyə fanidirmi? Xeyr. Çünki Allah onun əbədi olacağını vəd etmişdir. Allah isə vədində doğrudur, sözündən dönməz. İstəsə o məkanı da yox edər və bütün sonsuzluq  “Öncə Allah vardı və Onunla heç bir şey yox idi” halına gələr. Və bunu edərsə Ona qarşı çıxacaq bir qüvvə, vədinə xilaf çıxdığı üçün Onu qınayacaq bir kimsə olmaz. Amma bununla belə o məkanın əbədiliyini vəd etmişdir, demək, əbədiyyən onu yox etməz. Əbədi olan şey isə fani sayılmaz, həqiqi sayılar. Maddi məkan isə içindəki hər şeylə, o cümlədən, insanlarla birlikdə Qiyamət zamanı əzəldən olmayıbmış kimi silinəcək, ona görə fanidir. Cənnət məkanının Rəhmanın şəkillənməsi, bəyanı olduğu həqiqətini dərk edən Adəm bu bəyan ilə Rəhmanı görmüş, Rəhmanı görməsi ilə də Allahın digər Mübarək Adlarını, yəni bu Adların oluşdurduğu Hüsnü-Camalı görə bilmişdir. Ona görə Adəm deyir ki, “surəti gör bəyan ilə”, ey insan, nə qədər ki, yaşadığın varlıq məkanının cəm halda mənim cismimin bəyanı olduğunu anlamayacaqsan, mənim bu varlıq məkanından böyük olduğumu dərk edə bilməyəcəksən. Bilməyəcəksən ki, bu dünya, bu cahan dediyin “bəyana sığmazam” mən. Necə ki cənnət məkanı Rəhmanın bəyanıdır, Rəhmanın içindədir, Rəhmana sığar deyə Rəhman o məkana sığmaz. Çünki Rəhman ondan böyükdür.




Daha anlaşıqlı olsun deyə müqayisələrlə deyim. Necə ki cənnətə salınarkən Adəmin cisim halında Hüsnü-Camalla birbaşa əlaqəsi kəsilmişdir, eləcə də Adəm cənnətdən çıxarılarkən  cənnətlə cisim halında birbaşa  əlaqəsi kəsilmişdir. Adəmin cənnətdəki cismini Hüsnü-Camaldan ayıran Ərşi-Alidir, maddi məkana çevrilən cismini cənnətdən ayıran isə sidrətül-müntəhadır. Cənnətdəki Adəm cismən Ərşi-Alidən o yana keçə bilməz; Ərşi-Ali olmazsa Hüsnü-Camalla cismən birləşər. Eləcə də, maddi-məkan sidrətül-müntəhadan o yana keçə bilməz; keçərsə cənnətlə bir olar. Amma baxmayaraq ki, sidrətül-müntəhadan dərhal sonra ilk qoşa cənnətlər başlayır, bu qovuşma mümkün deyil. Eləcə də, baxmayaraq ki, Ərşi-Alidən dərhal sonra Hüsnü-Camal başlayır, o qovuşma mümkün deyil. Belə ki, cənnət məkanı yalnız Rəhman Adının təzahürü olduğu üçün digər Mübarək Adlardan ayrı, müstəqil bir məkan kimi yalnız Rəhmanın içindədir. Maddi məkan da yalnız Adəmin cismindən yaradıldığı üçün cənnət məkanından ayrı, müstəqil bir məkandır deyə yalnız Adəmin içindədir. Varlıq tipləri fərqli olan məkanlar cismən bir-birinə qovuşmaz. Məkan nədən yaradılmışsa, nəyin təzahürüdürsə ona sığar. Cənnət Rəhmanın təzahürüdür deyə Rəhmana sığar. Maddi aləm də Adəmdən yaradılmışdır deyə Adəmə sığar. Ona görə də Adəm bu maddi məkana sığmaz, cənnətə sığar. Necə ki Rəhman cənnətə sığmaz, Hüsnü-Camala sığar. Ona görə Adəm deyir “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”. Ona görə də qəzəldə insanlara böyük bir qəzəb var; Adəmin cismi olan bütün bu maddi cahanın səsidir o səs: “Kəs sözünü və əbsəm ol, şərhü-bəyanə sığmazam!!!”. “Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam!!!”. Yer üzündəki ilk insanı Adəm hesab edib mənim barəmdəki təxminlərini, gümanlarını həqiqət bilmə. Çünki “Kimsə gümani-zənn ilə etmədi həqq ilə bilik. Həqqi bilən bilir ki mən zənni-gümanə sığmazam!!!”. Özün kimi görmə məni, mən yalnız sən deyiləm, Günəş də mənəm, Ay da mənəm, kiçik bir zərrə də mənəm, ulduz da mənəm, bütün bu maddi aləmdə nə varsa hamısı mənəm, mən.


Bəs bu bilik insana niyə lazımdır? Cismindən oluşan maddi aləmin içindəki bütün maddilikləri arasında yeganə şüurlusu insandır deyə Adəm istəyir ki, heç olmasa insan əbədiyyən Allahın içində olaraq var olmaq şansını itirməsin. Adəmi Allah Öz Hüsnü-Camalına bənzədərək yaratmışdır, yəni onun yaradılışında bütün Mübarək


Adların iştirakı var. Ayrılıqda yalnız Rəhman Adının işi deyil bu. Yaradıldığı zaman Adəm Allahla birbaşa təmasda olmuş, ona cismən və ruhən qovuşmuş halda idi. Sonra Allah onu Mübarək Adlardan yalnızca birisinin, Rəhmanın təzahürü olan cənnət məkanına salır. Bu zaman onun Allahla cismən qovuşması kəsilir, yalnız ruhən Rəhman vasitəsilə əlaqəsi qalır. Və yalnız kamil olduğu üçün ruhən Rəhmana qovuşa bilir. Yer üzü insanı da Allaha qovuşmaq istəyirsə qəlbini saflaşdırmaq və biliyini artırmaqla kamilləşərək ruhən Adəmin cənnətdəki halına çatmalıdır ki, Rəhmana qovuşsun. Rəhmana qovuşmaq isə digər Mübarək Adlarla birlikdə Allahın Hüsnü-Camalında olmaq deməkdir.


***


Biz insanlar canlılığı öz arşınımızla ölçürük; yalnız insan, heyvan və bitki aləmini canlı hesab edirik, çünki doğulan-yaşayan-ölən bunlardır. Halbuki bu cahanda mövcud olan hər şey --- Ay da, Günəş də, ulduzlar da, qum zərrəsi də, daş, torpaq da canlıdır. Onlardakı can canlılığın bir başqa tipidir və Qurani-Kərim deyir ki, onlar da Allahı zikr edirlər, sadəcə, biz bu cür canlılığı qavraya bilmirik. Adəmin cənnətdəki  canlılıq tipi də başqadır, vücudu bizimkinə bənzəməz deyə biz o cür canlılığı da qavraya bilmərik. Allahın canlılığı isə tam başqadır, onu, ümumiyyətlə, təsəvvürümüzə gətirə bilmərik, insan idrakı xaricindədir. Nə canlıdır-nə cansız,həm canlıdır-həm cansız, Əzəlidir-Əbədidir, Başlanğıcdır-Sondur. Konkret vücuda malik deyil deyə bənzəri yoxdur; “la hü və la qeyrihu”, yəni bu nə odur, nə də qeyrisidir. Canlılığı yanlışlıqla yalnız doğulan-yaşayan-ölən kimi qavramışıq deyə özümüzü yalnızca Yer kürəsi həyatına bağlayaraq maddi məkanda, bütün sidrətül-müntəha içində fikrən özümüzü qalan hər şeydən təcrid etmişik. Adəm bu yanlış təsəvvürə üsyan edir Nəsiminin diliylə. Cənnətdən çıxarılan Adəm hansı məkana qoyulmalıydı? Digər Mübarək Adların təzahürü olan on səkkiz min aləmlərin hansına yerləşdirilməliydi? Cənnətdə günah işləyən varlıq o aləmlərdə də günah işləməyəcəkdimi? Günah işləyə-işləyə birisindən çıxarılıb digərinə salınmaqla məkan-məkan gəzdirilməliydimi? Mübarək Adların təzahüründən başqa  da  məkanlar yoxdur sonsuzluqda. Allahın nüfuz etmədiyi bir boşluq, bir heçlik də yoxdur ki, Adəm oraya salınsın. Bu üzdən Adəmin özündən Allah yeni məkan və saysız cisimlər yaratmışdır ki, özü öz içində yaşasın və Qiyamətə qədər zaman təyin etmişdir bu fani məkanın mövcudluğuna. Nəsimidən iki yüz il əvvəl yaşamış məşhur sufi alimi Mühyiddin Ərəbiyə görə maddi aləm Ərşi-Alidən kənarda deyildir, cənnət məkanı əhatəsindədir; bu iki məkan iç-içə, konsentrik çevrələr halındadır ki, son dərəcə kiçiyi sidrətül-müntəha çevrəsidir, böyüyü isə Ərşi-Ali çevrəsi. O zaman belə bir haqlı sual yarana bilər ki, əgər qovulmuş varlıq yenə də cənnət içində yaşayacaqdısa niyə onun qovulmasından söhbət gedir? Məsələ bundadır ki, həmin varlıq, yəni maddi məkana çevrilmiş Adəm artıq sidrətül-müntəha sərhədi ilə cənnətdən ayrılmış, təcrid olunmuş haldadır birinci kiçik çevrənin içində. Cənnətə bir daha ayağı dəymirsə, cənnətə həsrət qalmışsa,demək, oradan çıxarılmış, qovulmuşdur. Həmin çevrələrin niyə məhz konsentrik, yəni radiusları müxtəlif olsa da mərkəzləri bir olan çevrələr kimi düşünüldüyünün cavabı isə bəllidir; toxunmaları Adəmlə Həvvaya qadağan edilmiş ağac cənnətin tən ortasındaymış. O ağaca toxununca əbədi yaşamağa uyğun vücudlarının ilkin maddiləşməsi oradaca baş vermiş, “örtülü övrət yerləri bir-birisinə görünmüşdür”. Cənnətdən qovulmaq bundan dərhal sonra olmuşdur; Nəsimi həqiqətinə görə Allahın əmrilə vücuddan maddi məkan və içindəki maddiliklər o an  yaradılmış və o məkana Qiyamətə qədər zaman verilmişdir. Həmin o zaman anlayışının özü də fanidir, çünki yalnızca bu məkana aiddir, bu məkanın içindədir, səma cisimlərinin dövri hərəkəti ilə ölçürük onu; yəni Adəmin içindəki zamanı Adəmin içindəki öz hissələri ilə ölçürük. Bu məkan sidrətül-müntəha ilə bitdiyi kimi zaman da orada bitir, ondan o yana cənnət məkanında zaman yoxdur. Bu zamanın da var olmağı bu məkanla birlikdə Qiyamət günündə yox olacaq. Yəni bizim zaman ölçümüzlə Qiyamətə qədər müddəti var bu məkanın, Allah üçün isə həmin bu müddət əbədiyyət boyunca uzanan bir tək anın içindədir. Günəş kimi, ətrafına dönən planetlər kimi milyardlarla səma cisimlərindən oluşan ulduz sistemlərinin sayı da  milyardlarladır, onların hamısı ayrı-ayrı Qalaktikalar şəklində maddi məkanın mərkəzindəki olduqca böyük bir çismin ətrafında hərlənir; işıq sürəti ilə gedəsi olsaq həmin o mərkəzə trilyard dəfə trilyarddan qat-qat çox işıq ilində çata bilərik. Hətta o Qalaktikaların hamısı mərkəzdəki  həmin o olduqca böyük cisimlə birləşib vahid bir cisim əmələ gətirə bilsəydilər belə Adəm hələ o olmazdı; o  ondan da qat-qat böyükdür, çünki həmin o vahid cisimlə sidrətül-müntəha arasında mühit qalmış olacaqdı. Bax o mühitlə birlikdə o böyük cisim Adəm böyüklükdədir. Sidrətül-müntəhanı xəyalən bir çevrə kimi təsəvvür etsək, Adəm sidrətül-müntəhanın içi  böyüklükdədir. Bu məkanda bir tək o böyük, vahid cisim və mühit qalsa da zaman bitməz, çünki ulduzların bir-birləri ətrafına dönmələri müddəti zamanın özü deyildir ki, hamısı bir yerə toplaşıb o dövri hərəkətlərini bitirsələr zaman da bitsin. Zaman  maddənin içindədir, bu məkan yaradıldığında cisimlərin ruhuna, daha doğrusu, enerjisinə yüklənmişdir. Enerji dediyimiz şey ruhun bəyanıdır, maddə isə o enerjinin özüdür, onun sükunət halıdır, kifayət qədər böyük sürətlərdə görünməz olar, enerjiyə, əvvəlki halına dönər. İlkin yaradılış zamanı Adəmin nəhəng vahid cisminin görüntüsü olan nəhəng enerjisinin sükunətdə olmayan qismi isə sidrətül-müntəha içəriisindəki bütün mühiti doldurmaqdadır; cisimlərin  içindəki kiçik zamanlardan fərqli olaraq bütün mühiti dolduran o böyük enerjinin içindəki həmin o zaman böyük zamandır. Zaman ruhun bəyanı olan enerjiyə mövcudluq  müddəti kimi, onda baş verəcək  proseslərin proqramı kimi yüklənmişdir. Enerjinin bir halda mövcudluq müddəti bitərsə bəyan tipi dəyişər, yəni başqa enerjiyə çevrilər, amma itməz, yox olmaz. Yalnız Qiyamət günü yox olar bütün digər görüntülər kimi. O gün Allah bütün bu aləmdəki cisimlərin və boşluq dediyimiz mühitin içindən həmin o zaman yükünü bir andaca çəkər və bu maddi aləm bir göz qırpımındaca yox olar. Ona görə də onu özləriinin ölçüsündə hesab edən insanlara qəzəblənir Adəm, bu böyüklükdəki sidrətül-müntəha içindəki o böyük zamanın yerləşdirildiyi məkan ölçülərində olduğu halda insanların onu öz kiçicik “dəhr”lərinə, kiçicik zaman dünyalarına, yəni Yer planetinə sığdırmalarını lətifə adlandırır. “Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm. Gör bu lətifeyi ki, mən dəhrü-zəmanə sığmazam”.


Bax, bütün bu danışdıqlarım elə böyük həqiqətdir ki, Adəm Nəsiminin diliylə digər bir şerdə belə deyir: ” Yüz yaşında ruhban görsə gərdəninin ağını. İncili suya buraxar, vaz gələr xaçdan keçər”. Ruhban xristian keşişidir, yeni doğulmuş körpələr xristian olsunlar deyə onları xaç suyuna salıb çıxarar. Həqiqətin göz qamaşdıran parlaqlığı isə rəmzi olaraq gözəlin gərdəninin, sinəsinin ağlığına bənzədilmişdir. Yəni bu həqiqət elə parlaqdır ki, yüz yaşına qədər körpələri xaç suyuna salıb çıxarmağı doğru iş bilən bir keşiş də onu görsə haqqa gəlib körpəni yox, İncilin özünü təhrif olunmuşdur deyə suya buraxar, xaçını tullayar. Və ya: “Hacılar həccə gedərkən çöldə görsələr səni. Heyran olub mat qalarlar, vaz gəlib həccdən keçər”. Yəni həccin anlamı Kəbə ətrafında dolanmaqda, Səfa-Mərvə arasında qaçmaqda, qurban kəsməkdə deyil. Həqiqəti dərk etmədən icra edilən bu əməllər, sadəcə, dini mərasimlərdir.


Bu həm də ona görə böyük həqiqətdir ki, əsrlərin arasından keçərək bu günümüzə qədər də nəinki yaşaya bilmişdir, hətta bu elm-texnologiya əsrində bu həqiqət əsasında xristian alimləri tərəfindən “Qaynar kainat” modeli deyə Böyük Partlayış nəzəriyyəsi də yaradılmışdır. Bu nəzəriyyənin əsasında da Kainatdakı bütün cisimlərin bir tək maddədən yaradılması durur. Bu nəzəriyyəyə görə bəlli olmayan guya bir tək şeydir: o tənha cismi kim yaradıb? Qalan hər şey isə guya bəllidir; ölçüsü santimetrin trilyonda bir hissəsi qədər kiçik olan bir zərrəciyin içində baş verən partlayışdan sonra bir-birini əvəzləyən proseslər nəticəsində bir göz qırpımındaca bütün Kainatı dolduran səma cisimləri yaranmışdır. Başqa necə deyə bilərlər? Desələr ki, həmin o cisim mikrob boyda yox, sidrətül-müntəha böyüklükdə olan Adəmin özü olub, “Böyük partlayış” nəticəsində vücudundan bu maddi məkan əmələ gəlib, buna artıq yeni yox, Nəsimidən oğurlanmış nəzəriyyə deyə bilərlər axı.


Görəsən, Nəsimi qəzəllərini birinci şəxsin deyil, üçüncü şəxsin təkində yazmış olsaydı, yəni “Adəmdə sığar ikən cahan, O bu cahana sığmaz” desəydi yenə dəmi avam, cahil kütlə ona qarşı qalxardı? Ola bilsin ki yox. Amma ilahi həqiqəti dərk edib kamilliyin zirvəsinə çatmış şair bütün digər qəzəllərində də “Mən”in, birinci şəxsin təkinin dilində danışır. Çünki o, həzrət Adəm haqqında danışmır, onun özü imiş kimi danışır. Niyə? Çünki ağılla, qəlblə kamilliyin zirvəsinə yetənlər cismən olmasalar da ruhən həzrət Adəmin özü olmuş olurlar. Ona  görədir ki, şair “Onda sığar...”, ”Adəmdə sığar...”, ”İlk insanda sığar...” demir, ”Məndə sığar ikən cahan, mən bu cahana sığmazam” deyir. Yəni mən kamilləşib həzrət Adəm həqiqətini dərk etmişəmsə o elə mənəm. Yəni Nəsimi öz şair təxəyyülündə Adəmi bir ədəbi obraz kimi xəyal etməmişdir, Adəm özü Nəsiminin dili ilə danışmışdır. Əbədilik vəd olunan cənnət məkanının içindəkilərdən birisi olduğu üçün Adəm də əbədi var olanlardandır. Əbədi olan hər şey isə həqiqidir, bu maddi cahanımızdakı hər şey Allahın əmrilə o həqiqinin, həqq olanın maddiləşməsi, görüntüsüdür. Demək, Nəsimi özü də o maddiliklərdən biri olduğu üçün o həqiqi, həqq olan Adəmin maddiləşmələrindən,sadəcə, birisidir. Vücud olaraq Nəsiminin görüntüsü “insanü-bəşər”dir. İçindəki ruh da bütün o maddiliklərin hər birisinin içindəki ruhun eynisidir, Adəmin içindəki ruhun eynisidir. İlahidəndir. Sadəcə, maddiliklər içində o dövrdə ən kamili Nəsimi imiş deyə Adəm onun dili ilə danışmışdır.


Şairin qəzəllərini Allahın diliylə deyil, həzrət Adəmin diliylə yazdığına yəqinlik hasil etdikdən sonra “Məndə sığar ikən cahan” yerinə “Məndə sığar iki cahan” deməyin nə qədər yanlış olduğu dərhal aşkar olur. Guya burada iki cahandan biri Adəmin ilk olaraq yaşadığı cənnət, o birisi isə qovulduğu Yer kürəsi imiş. Necə yəni? Cənnət Adəmdən kiçik idimi ki, Adəmə sığsın? Yaradıldıqdan sonra yaşamaq üçün yerləşdirildiyi məkan onun özündən necə kiçik ola bilər? O məkan onun özü üçün yaradılmamışdırmı ki, onun içində yaşasın və onun hər naz-nemətindən istifadə etsin? Varlıq məkanı isə Adəmin özündən yaradılmışdır deyə Adəmdən kiçikdir, Adəmin içindədir. Ən çoxu Adəmin özü böyüklükdə ola bilər. Yəni yalnız həmin bu məkan, həmin bu cahan Adəmin içinə sığandır. Və məhz içinə sığdığı üçün də özünün yalnız bu cahana sığa bilmədiyini, yalnız bu maddi cahandan böyük olduğunu deyir.


Budur. O böyük şairin yaradıcılığına tamamilə yeni yöndən işıq tutub cahillərin onun üzərinə çox böyük bir haqsızlıqla örtdükləri kafir pərdəsini siyirib atmağa çalışdım. Buna nə dərəcədə nail olduğumu yalnız arif olanlar bilər. Amma tam əminəm ki, onun bir tək qəzəlinin  üzərinə saldığım bu işıq bundan sonra onun bütün yaradıcılığının sirrini açmaq üçün nəsimişünaslara yardımçı olacaq. Çünki Nəsimi yaradıcılığına şair poeziyası kimi baxmaq düzgün deyildir; hər beytində bir dünya yatan bu qəzəllərin sahibi öz ruhani dünyası ilə bəşəriyyətin fövqündə duran elə tək-tük kamillərdəndir ki, bildiyi, yetdiyi həqiqəti,sadəcə, şerlə söyləmişdir. Həqiqət isə  bir olduğu üçün şair bütün qəzəllərində yalnız və yalnız onu çatdırır insanlara. Fərq yalnız poetik ifadələrdə,  təşbehlərdə, aforizmlərdə, rəmzlərdədir.


Qeyd etmək lazımdır ki, həm Nəsiminin sağlığında, həm də onun edamından sonra “Nəsimi” təxəllüsü ilə qəzəllər yazanlar çox olmuşdur. O “nəsimilər”in  qəzəllərini əsl Nəsimiyə aid etmək onun həqiqətinin dərk edilməsində çətinlik yarada bilər. Misalçün, əgər qəzəldə deyilirsə  “dərimi soydular”, o qəzəl kəsinliklə əsil Nəsiminin deyildir, çünki tarixi fakt bundan ibarətdir ki, onun dərisi boynu vurulduqdan sonra soyulmuş, dərisiz cəsədi Hələb darvazasından bir həftə asılı saxlanmışdır ki, digər hürufilərə dərs olsun; dərisi soyulan meyit dil açıb qəzəl deyəmməz. Və ya qəzəldə o özündən əhli-beyt aşiqi kimi söz açırsa, imam Əlidən mədət umursa, bu da kəsinliklə onun deyildir, böyük bir ehtimalla Xətai dövrünün hansısa qızılbaş “nəsimi”sinin qəzəlidir. Çünki özünə “mühiti-əzəməm, adım Adəmdir, Adəməm” deyən birisinin Yer insanlarından yardım  umması, ”ya Əli, səndən mədət” deməsi, təbii ki, ağlabatan deyildir. Yəni Nəsimi həqiqətinin bu yazımdakı kimi açılışını qəbul edərkən qəzəllərdən hansının ona aid olub olmadığını anlamaq artıq o qədər də çətin olmayacaq.


Mən qəzəli şərh etməyə çalışdım; necə ki insan bədəni, Ay, Günəş görüntüləriylə bəyan olduqlarından onların görüntüləri şərhə sığar, qəzəl də, baxmayaraq ki, həzrət Adəmin diliylə deyilmişdir, insan oğluna qəzəl kimi bəyan olub maddiləşmişdir deyə bir maddiyyət kimi şərhə sığandır. Amma o qəzəlin içində böyük bir hikmət yatır ki, o hikmət o qəzəlin ruhudur, insan bədəninin, Ayın, Günəşin içində olan ruh kimi ilahidəndir deyə şərhü-bəyana, zənni-gümana, bizim lisana sığan deyil. Çünki ruh haqqında bilik yalnız Allaha məxsusdur.                


Arif olanlar dediklərimi anladılarsa yazım şairin ruhuna ehsan olsun. Cahillər isə, sadəcə, şairə  toxunmasınlar. Bir onu bilsinlər ki, belə bir şair nə ona qədər, nə də ondan sonra dünyaya gəlməmişdir.


(son)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi