Modern.az

Deputat: “Şantajla məndən pul qoparmaq istəyirlər, bunu yuxularında görərlər" - QALMAQAL

Deputat: “Şantajla məndən pul qoparmaq istəyirlər, bunu yuxularında görərlər" - QALMAQAL

5 Oktyabr 2016, 14:06

Mirzəcan Xəlilov: “Toyuğu kəsəndə əlim-ayağım əsir, mən kimisə necə ölümlə hədələyə bilərəm?”


“Haqqımda deyilənlərin, yazılanların hamısı şər, böhtan və şantajdır. Biz Zülfüqar Əliyevi artıq məhkəməyə də vermişik”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

Deputat “Yeni Müsavat”da Zülfüqar Əliyev adlı şəxsin onun haqqında səsləndirdiyi ittihamlara belə cavab verib.

M.Xəlilov deyib ki, Zülfüqar Əliyev onun  haqqında  dediyi ittihamları sübut etməlidir, yoxsa o, cinayət məsuliyyətin cəlb olunacaq:

“O, Milli Məclisə də bir neçə dəfə gəlib. Zülfüqar Əliyev şər-xətanın, axmağın biridir. O, Abşeronda 5 mərtəbəli binanın üstünə çıxıb ki, özünü yerə atacaq. Zülfüqar Əliyev şantajı özünə sənət seçib.

Axı nəyə görə, 2013-cü ildə görülmüş iş haqqında indi məsələ qaldırırlar? Adama deyərlər ki, sən bu 3 ili harada yatmışdın? İndi Mirzəcan Xəlilov deputat olub deyə, Zülfüqar Əliyev də şantaj, şər-böhtan yolu ilə pul almaq istəyir.

Mən 2013-cü ildə özümə ev tikdirəndə heç deputat da deyildim, sadə bir adam idim. Zülfüqar Əliyev elə o zaman gələrdi və nə problemi var idisə, üzbəüz oturub həll edərdik.

Artıq Zülfüqar Əliyevi Ağdam rayon Məhkəməsinə vermişik.

Ədliyyə Nazirliyinin Ekspertiza idarəsi də gəlib evdə hansı işlərin görüldüyü ilə tanış olacaq. Həmin vaxt mənə şər, böhtan yağdıran Zülfüqar Əliyev də, digər fəhlə və ustalar da iştirak edəcək.

Qoy Zülfüqar göstərsin ki, mənim evimdə hansı işləri görüb. Zülfüqar Əliyev özü etiraf edir ki, məndən 160.000 manat pul alıb. Amma 160.000 manatdan sonra biz özümüz onun 20.000 manat borcunu bağlamışıq.

O, bu gün 160.000 manatı ortalığa qoysun. Bilək, görək ki, o qədər məbləğin qarşılığında hansı işləri görüb kimə və hara verib... Bizim heç bir usta və fəhləyə borcumuz qalmayıb, hamısını bağlamışıq”.


Deputat M.Xəlilov Zülfüqar Əliyevi ölümlə hədələmədiyini deyib:

“Zülfüqar deyir ki, mən onu ölümlə hədələmişəm. Əlbəttə ki, bu açıq-aşkar şər-şantajdır. Mən bu yaşıma qədər gəlmişəm, amma toyuğu kəsəndə əlim-ayağım əsir. Mən kimisə necə ölümlə hədələyə bilərəm?

İlk dəfə Abşeron rayon Məhkəməsində dedim ki, bu şəxs məni şantaj edir. Məhkəmə də dedi ki, bu məsələ media, KİV-də getməyibsə, şantaj hesab olunmur. İndi ki, Zülfüqar Əliyev məsələni bu qədər şişirdərək mediaya qədər gətirib çıxardı, buna görə də o qanun qarşısında ciddi şəkildə cavab verəcək, məsuliyyətə cəlb olunacaq.

Artıq Zülfüqar Əliyev ölkəyə car çəkib ki, mən onu ölümlə hədələmişəm, qoy o, bunu sübut etsin. Sübut edə bilməsə, o mənə şər-böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb olunacaq”.


M.Xəlilov əlavə edib ki, əgər o, Zülfüqar Əliyevin pulunu kəsibsə, nə üçün 3 il bundan qabaq bu məsələni açmayıb?

“O adam 3 ildir yoxa çıxıb , mən 3 ildir onu görmürəm, qaçıb aradan çıxıb. Bir ara yanıma adamlar göndərmişdi. Mən də həmin adamlara 2 min manat verərək dedim ki, aparın başıvıza fırlayıb verin ona.

Sonuncu dəfə aramızda 3-5 min manatdan söhbət gedirdi və mən də Zülfüqara 2 min manat göndərmişəm. İndi də bu adamı kimlərsə qızışdırır, öyrədir ki, məndən nəsə qopartsınlar. Zülfüqarın özü mənə 55.000 manat pul borcludur. Pullarımı yedi qaçdı, işləri də yarımçıq qoydu. Bunu hamı gözəl bilir. Əlimdə şəkillər də var. O işimi yarımçıq qoyub qaçanda evimin hansı formada olmasını təsdiq edən şəkilləri də məhkəməyə vermişəm. Zülfüqar Əliyev deyir ki, guya evimin 90 faiz işini görüb. Amma o, heç evin işərinin 50 faizini də görməyib. Özü çox gözəl bilir ki, məhkəmənin sonunda onu ağır cəza gözləyir və indidən bu formada yalandan hay-küy salır”.

Deputatın sözlərinə görə, Zülfüqar Əliyevin ona olan borcunu və dəymiş zərərin təzminatını istəmir, ondan əl çəksin:

“Zülfüqar Əliyevin bizə ödəməli olduğu 100.000 manat təzminatın içində 35.000 manat onun bizə olan borcudur.

Axşama qədər mənim dalımca olmayan şər-böhtanı yazdırıb təhqir edir. Mənə onun 100.000 manatı lazım deyil, onun başına dəysin. Bu söz-söhbəti qurtarsın. Ondan heç nə istəmirəm. Yığışdırsın bu söz-söhbəti, yerində otursun. Belə olmaz axı...

Jalüz mələsində də mənə şər atan adamlar elə Zülfüqar kimilər idi. Onları da gətirdim, hər şeyi ölçdük-biçdik. Əksinə, onlar da mənə 200 manatdan çox borclu çıxdılar.

Bu söz-söhbətlər hamısı mənim deputat mandatı almağımdan sonra başladı. Əgər belə şeylər əvvəldən var idisə, niyə ortaya qoymurdular?

Onlar düşünürlər ki, mən indi deputatam və məni hansısa yollarla şantaj edib pul alacaqlar. Amma onlar səhv yoldadırlar. Çünki bu ölkədə qayda-qanun var. Əgər mənim Zülfüqara borcum var idisə, niyə 3 il bundan qabaq tələb etmirdi? Bu sualı ona vermək lazımdır.

Onların əsas istəyi mənim təmiz adımı ləkələməkdir. Onlar bunu yuxularında görəcəklər. Hamı bilir ki, mən insanlara necə maddi yardımlar edirəm”.


Xatırladaq ki, “Yeni Müsavat”da Zülfüqar Əliyev adlı şəxsin deputat Mirzəcan Xəlilov haqqında ittiham dolu yazısı dərc olunub. O bildirib ki, 2013-cü ildə briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə Mirzəcan Xəlilovun Novxanıdakı baş evində işə başlayıblar. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. 2014-cü ilin may ayından isə Mirzəcan Xəlilovla Zülfüqar Əliyev arasında problemlər meydana gəlib.
Zülfüqar Əliyev iddia edib ki, Mirəzəcan Xəlilov villasında işlətdiyi ustaların pulunu vermir, onun özünü isə hədələyir.



Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir