Modern.az

Niyə bizim cəmiyyət bədbəxtdir…

Niyə bizim cəmiyyət bədbəxtdir…

6 Oktyabr 2016, 15:04

Akif Eminqueyf


"Payız gəldi, uçdu getdi, quşlar". Yox mənim dərdim quşların getməsi deyil. Mənim dərdim yenə də özümüzük. Küçələri daimi gəzən biri kimi yaxşı bilirəm ki, bu şəhərdə qəribə bir xaos var. "Koftalar 5 manat, çantalar 2 manat, buyurun, keçin, baxın". Həə, Pakistandan, Çindən vurulmuş kilosu bir neçə manata geyimlər. Hətta, bir ara satıcılardan biri mənə demişdi ki, bu geyimlər bir müddət geyinilib tullanmış geyimlərdir.

Dükandan siqaret alanda hələ çəkməmiş adamın əlləri yanır. Bir vaxtlar yaxın durmadığımız qutusu 40 qəpik olan siqareti indi ciyərimizə 1.20 qəpiyə təpirik a kişilər, hamı ya “Mercedes” sürür, ya da bahalı Jeep. Di gəl ki, borca görə işığını kəsirlər, qonşusundan borc istəyir. Hamı serial qəhrəmanı, şou-biznes adamı kimi görünməyə çalışır. Adi günlərdə “Vest” siqareti çəkən adam, toya “Marlborro” alıb gedir. Həəə, bax, bu məqamda Azərbaycan xalqı "Range Rover" sürəndə “Tom and Jerry” multfilmindəki duruma düşür, onlar da evdə lüt gəzib, çimərlikdə şortik geyinirdilər.

Ay həzərat, az qala Azərbaycanın yarısı seyiddir. Bunların da yarısı biznesmendir. Biri "Mirmövsüm ağa"nın şəkillərindən pul qazanır, o biri pampıqla, digəri başqa zadlarla qorxu çıxarmaqla məşğuldur. Yaxşı yadımdadır ki, atam öləndən sonra məni də belə məzmunlu bir ziyarətgaha aparmışdılar. Deməli, birinci otaqda bir kişi oturmuşdu, pampıqla çıldaq mərhələsinə baxırdı. İkinci otaqda isə peyğəmbər nəslindən olduğu iddia olunan şəxsin məzarı idi. Hə, elə məsələ də bundadır. Deməli, əvvəlcə məzarın başında 3 dəfə döngə vurmalıydıq, xüsusən hər dəfə Quranın altından keçməli idik. Sonra bu binəva adamlar bütün arzularını məzara söyləyib barmaqlarını sinə daşındakı deşiklərə soxub bir növ arzularına zamin dururdular. Daha sonra çöldə başı təzəkli bir kişi bizi həyəcanla gözləyirdi. Kişi dəmir zibil qutusunun yanında adamları saxlayır, bu ayinin sonuncu, yəni, "kuliminasiya"nöqtəsini icra edirdi. Arxamızı qutuya çevirməli və bu cəddinə qurban olduğum da arxamızda (zibil qabında) "Xırdalan" pivə butulkalarını qırıb bizi diksindirməli idi. Yəni, qorxumuz bununla da o zibil qutusuna sərxoş halda təslim olmalı idi.


Belə bir əyləncəli vaxt keçirəndən sonra ən azı 3 gün özümə gələ bilmədim. Fikirləşəndə ki, 3-cü erada başqa dünyalar axtarışındayıq, al, bu da bizə dünya. İnsanın başına gələn bu cür oyunlar savadsızlıqla əlaqədardır. Uşaqlarını məktəbə yollayan valideynlər yəqin edirlər ki, onlar təhsil alır. Ancaq elə dərs müəssisələri var, orada uşaqlar dərs oxumaqdan əlavə, hər işlə məşğul olurlar. Dərsə kiməsə sataşmaq, dava etmək, boş-boş vaxt öldürmək üçün gələn uşaqlar da var. Bunun birinci günahkarı valideyndir, sonra müəllim. Müəllimlər uşaqlara bilik, savad ötürməlidir. Əgər bir müəllim uşaqlara pirdən, falçılardan və digər şarlatan əməllərdən söhbət edirsə vay o uşaqları halına, vay cəmiyyətin halına.

Müəllimin maaşı da qaneedici deyil. Yəni, maaşlar mənim fikrimə görə 3 yerə bölünür:

1. Aşağı - üzücü
2. Orta-qanedici
3 Yüksək - sevinib-uçmalı.

İndi müəllim bu 3 səviyyədən birinciyə aiddirsə, onlar "İlin müəllimi" adını almaqdan əvvəl "Dağ adam" adını almağa layiqdirlər. Yəni, bu şərtlər altında işləmək və bütün çətinliklərə "üzücü" maaş müqabilində dözmək təqdirəlayiqdir. Yazımın səsinin çatmadığı ucqar kənd yerlərində işləyən, ayın sonu barmaqlarının ucu "üzücü" maaşla göynəyən bütün müəllimləri təbrik edirəm.

Keçid alıram cəmiyyətdəki xaosun digər sətirlərinə. Bu xaosun içində bir yaralı yer də insanların ədəbiyyata olan marağıdır. Ki, bunu da kəmiyyətə görə kateqoriyaya bölsəm, bircə variant alınacaq: "Üzücü" ( oxucu azlığı).

 AYB-nin qeydiyyatında 1500-dən çox şair var və təbii ki, bu şairlərin çoxusu "qara gözlərin, bal dodağın”  məzmunundan ibarət şairlərdir. Bəs yaxşı, AYB bir qurum kimi niyə ədəbiyyatın təbliğatını aparmır?

Sosial şəbəkələrin həyatımıza əl qoyduğu bir dövrdə oxuculara internet üzərindən yaxınlaşmaq mümkündür. Bu yaxınlaşmanı da bəzən sərhəddi keçmək kimi başa düşənlər də var. Və nədənsə həmişə oxucu şairdən istədiyi mövqeni görmək istəyir, əksilə rastlaşdıqda şair düşmənə çevrilir. Söz azadlığı istəyənlər hələ qarşısındakı insanın fikrini qəbul edə bilmirlər. Həmişə bir səhv axtarırlar ki, kimisə alçaldalar.

Bu yaxınlarda bir sayta belə bir müsahibə vermişdim: "Sən ey oxucu, nə vaxt öz şairinin, yazıçının kitabının çapına dəstək vermisən? Nə vaxt, onun yazdıqlarının iki abzasını yazmısan? Əlbəttə ki, yazmalı da deyilsən. Amma həqiqət budur ki, hələ də ən minimum səviyyədə Sabiri belə misal çəksək, hələ onun da yazdıqlarını başa düşməmisən. Hələ, başa düşüləsi ən asan şair Sabirdir. Sizin əksəriyyətiniz biri-birinin nənəsinə, babasına ilişən meyxanaçılara pul xərcləmədinizmi? Siz deyilsinizmi, şairi acından öldürüb, Nadir Qafarzadələrə 10 min verən?".

Az qalsın ki, məni də dar ağaca çəksinlər. "Ədəbiyyat bədbəxtdirsə, cəmiyyət xoşbəxtdir". Bəs niyə bizim cəmiyyətdə hər ikisi də bədbəxtdir? İnsanlar nə istədiklərini bilmədikdə bədbəxt olurlar. Bu da böyük bir xaosa səbəb olur. Kreditlə maşın alıb borcun altından çıxa bilməyən insanlardan tutmuş şairdən şeir yox, oxucuya yaltaqlanmağını istəyən oxuculara qədər.

Xülasə, əgər bir gün sizin də qarşınıza göydən enən bir mələk çıxsa və desə ki, sənin həyətində Tanrı bir ağac bitirib, 1000 yarpağı var, sən danışanda hər sözə görə 1 yarpaq töküləcək və yarpaqlar tökülüb qurtaranda öləcəksən. Bu məqamda nə edəcəyinizi düşünün. Mütləq, bu xaosdan çıxış yolu tapacaqsınız. Və düsünsək ki, hər bir köşə 5000 işarə edir, deməli, mən çoxdan ölmüşəm, ruhum sizinlədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi