Modern.az

Talış yüksəkliyinin sevimli ŞƏHİDİ - FOTOLAR

Talış yüksəkliyinin sevimli ŞƏHİDİ - FOTOLAR

Reportaj

7 Oktyabr 2016, 10:59

Vətəni qibləgah edən şəhidlər - XXXVII


Hər kəsin qulağı səsdə idi, hər kəs  QƏLƏBƏ xəbəri gözləyirdi.  Hər kəs vətən uğrunda canından keçən şəhidlərin evlərinə tələsirdi… 2016-cı ilin aprel günlərində...  Hamı ayaq üstə idi, hamı bir-birinə təsəlli verirdi. Cəbhədən gələn “Torpaqlarımızın bir hissəsi geri qaytarılıb!” xəbərlərinə əl götürüb oynayanlar da var idi. Hamı xəbər gözləyirdi, dünyanın hər yerində olan dostlarımız, vətəndaşlarımız bir sözə  bənd idilər, səfərbər olub əmr gözləyirdilər ki, böyüklü-kiçikli  hamı Vətəni xilas etməyə getsin...


Modern.az saytı “Aprel döyüşləri”nin daha bir şəhidi haqda yazı təqdim edir.


Aprelin 5-də Həsən Qasımov yaşadıqları Xətai rayonuna şəhid gətirilməyindən xəbər tutan kimi, həmin ünvana yollandı. Qonşu məhəllədə yaşayan  Arif Orucovun oğlu Müşfiq şəhid olmuşdu.  Tanış olmasalar da, bir vətəndaş kimi şəhid ailəsinə baş çəkməyi özünə borc bildi.  Yas çadırından yenicə çıxmışdı ki, telefonuna zəng  gəldi. Oğlu Xaliq Əzizzadəni soruşdular. Xəttin o başındakı şəxs Həsən Qasımovdan Xaliqin kimi olduğunu soruşurdu. Həsən kişi “atasiyam” dedi. Və sonra zəng  kəsildi. İki saatdan sonra isə Həsən Qasımova  oğlunun şəhid olduğunu söylədilər…

Düz 1 həftə əvvəl həyat yoldaşı Nigar xanımla birlikdə  Toğanaya, oğlunun xidmət etdiyi hərbi hissəyə getmişdilər. Deyib-gülüb, danışmışdılar. Xoş-əhval ruhiyyə ilə də, ayrılıb gəlmişdilər. Nigar xanım bu dəfə lap arxayın qayıtmışdı. Bu dəfə oğlu bir az da gözəlləşmişdi, üzünə-gözünə işıq gəlmişdi elə bil. Anasının “ay Xaliq, nə yaman gözəlləşmisən” sözünə “ay ana, sən elə narahat olursan mənimçün, görürsənmi, burda  şərait yaxşıdır” deyə cavab vermişdi.


“Bilsəydim, heç gəlməzdim, dayanıb orda balamın keşiyin çəkərdim. Heç  20 yaşı tamam  olmamışdı Xaliqimin. Evimin sonbeşiyi idi. Hamısından çox onu istəyirdik…”.



Həsən Qasımov  ali təhsilli zoomühəndisidr. Qərbi Azərbaycanın Vedi mahalından 1988-ci ildə ailəsi ilə çıxıb, Naxçıvanın Şərur rayonuna pənah aparmışdı. Atasının, qardaşının, doğmalarının məzarını yurd yerlərində kimsəsiz qoymuşdular. Zaman-zaman bu yurd həsrəti göynədirdi qəlbini.  Amma neyləyə bilərdi ki, əlindən nə gəlirdi ki… Dövlət nə zaman qərar versə, yenə elliklə yığışıb gedərdilər İrəvana…

2003-cü ildə ailəsini də götürüb  Bakıya köçdü. Onda kiçik oğlu Xaliqin 7 yaşı var idi. Həsən soyuna-kökünə bağlı kişi idi. Babalarının adını oğlanlarına vermişdi. Biri Xəlil, kiçiyini Xalıq adlandırmışdı.  Həmin babaları ki, Abasqulu ağanın ən sadiq dostları olmuşdular. Onun Qarabağlar kəndindəki  təsərrüfatında işləyib, gəlib-gedən qonaqlarını qarşılamışdılar. Abasqulu ağa  bütün ailəsini, evini də bu iki kişiyə  Xəlil və Xaliq qardaşlarına etibar edirmiş…


Böyük oğlunu evləndirib, qızını ərə vermişdi Həsən kişi. Evinin kiçiyi, Xaliqi isə göz-bəbəyi, ürək parası kimi sevirdi. Nədəndirsə, bu kiçiyə çox bağlanmışdı. Gör dünyanın harası idi ki,  Bakıya köçəndən sonra, Xaliqə kiçik toy edəndə, uşaq atasından toyunun  “Neolit” şadlıq sarayında olmasını istəmişdi. Həsən də eləmə tənbəllik, qiymətlərin od tutub yanan vaxtında, gücü yetməsə də, oğlunun sözünü yerə salmamışdı. Bir toy çaldırmışdı ki, gəl görəsən…


“Nə yaxşı ki, uşağın o kiçik toyunu istədiyi yerdə elədik, balamın qismətinə böyük toyu görmək yazılmayıbmış”, - anası Nigar xanım deyir.

“Onun xatirələri yandırır məni. Keçən il bir qohum toyuna gedirdik.  Evdə ürəyimcə olan paltarım olmadığından narahatlıq keçirdim. Bir də gördüm ki, Xaliq deyir, “ana, gəl gedək sənə bir paltar alaq. Razı olmadım. Ancaq dilə tutub apardı, mənə bir don aldı. Bundan sonra mən o donu necə geyinim, göz dağı kimi asılıb qalıb dolabda”.




“Aprelin 5-i axşamı oğlumu gətirdilər. Bu həyətdə bir təntənə, bir törən var idi ki… Bütün rayon oğlumu görməyə gəlmişdi. Oğlumu sevdiyi üçrəngli bayrağa büküb çiyinlərində gətirmişdilər. Xaliqin tabutu gələndən sonra, məktəbdən istədiyi qız da gəldi. Oturdu tabutun ayağında, o ağladı, biz ağladıq, bütün məclisi göz yaşına boğdu.  Neçə gün məzarının üstündən çəkilmədi qızcığaz. Aprelin 6-da dəfn elədik. İndi atası onun məzarına bir bəzək vurub ki…  Onun üçün bəzəyəcəyimiz toy evini qəbristanlıqda bəzəyib. Hər gün gedirəm balamın məzarı üstünə. Heç aram olmuram. Unuda bilmirəm, yanıram, atəşim görünmür. Çıxıb məzar üstünə deyirəm ki:

Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim , balam hanı?

Ağacda xəzəl ağlar,
Dibində gəzən ağlar.
Belə oğlu ölənlər,
Sərgədan gəzər ağlar...

 
Sərgərdana, divanəyə dönmüşəm. Evı-eşiyə  yığışa bilmirəm. Xaliq gedəli 6 aydır, atası bir dəfə də olsun  isti qazan xörəyi yeməyib. Tez-tez yuxularıma gəlir balam. Keçən dəfə  yuxumda gördüm ki, Xaliq əlində çörəyə bükülmüş kabab çəkib verir, deyir ki, ver atam yesin”.

Həsən kişi elə hey ağzını açır ki, balasından danışsın, hıçqırır, qəhər boğur, göz yaşını selə-suya döndərib ağlayır.  Deyir ki, “o mənim gərəyim idi”.



“Gül kimi balamı aldı əlimdən Talış yüksəkliyi. Mən ona toy edəcəkdim, onunla  bağlı o qədər arzularım var idi ki...  Onun soyadını dəyişib atamın adı ilə Əzizzadə etmişdim. O bizi heç incitmədi.Yay tətillərində də, gedib işləyərdi. Zəhmətkeş uşaq idi. Qonum-qonşunun yanında, dost yanında hörmətli idi oğlum. Xaliq hərbdə tibb məntəqəsində sürücü işləyirdi. Aprelin 3-ü əsgərlərə kömək aparıb. Sonra özü də onlarla qalıb. Aprelin 4-ü isə anasına zəng vurub, son dəfə danışıb. Daha deməyib ki, ön cəbhədədir. Düşmən tərəfin atdığı mərmi partlayıb, oğlumu da həlak edib. Bir ondan təsəlli tapıram ki, nə yaxşı ki, 5-6 gün əvvl gedib onu gördük, görüşdük. Aprel ayının 16-sı məzuniyyətə gələcəkdi... Bizə söz vermişdi axı... Ali məktəbə sənəd vermişdi, 1 balı çatmadığından keçməmişdi. Elə ağlayırdı ki.. anasına deyirmiş ki, “mən atamın üzünə necə baxacam”. Sonra mən gəldim. Boynunu qucaqlayıb könlünü aldım, dedim ki, dünyanın sonu ha deyil, gələn il yenə də verərsən sənədlərini. Yalnız bundan sonra toxtadı. Daha gələn illərimiz olmayacaq. Heç bilmirəm Xaliqsiz o gələn illəri necə qarşılayacağıq?!

Mən aşiq lala dağı,
Bürüyüb lalə dağı.
Hər yara sağalsa da,
Sağalmaz , bala dağı”.


1996-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan anadan olan  Xaliq Həsən oğlu  Əzizzadə 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Xətai rayonu 116 saylı orta məktəbi bitirmişdi. Onun da taleyinə Vətənin yolunda, azadlığı uğrunda  şəhid olmaq yazılıbmış. Atası Həsən kişi, anası Nigar xanım deyirlər ki, müharibə istəyirlər. 1992-ci ildən bəri  qan tökülən torpaqlarımızı geri qaytarmaq istəyirlər. Nigar xanım, indi intiqam hissi ilə alovlanır. Oğlunun uğrunda canını verdiyi Vətən torpağını azad və hürr görmək istəyir.  Həsən Qasımov deyir ki, dünyadan, beynəlxalq ictimaiyyətdən ədalət gözləyir. Və onu hər zaman Azərbaycanın bu haqq savaşında haqq səsinin eşidilməməsi narahat edir. 
“Axı biz işğalçı deyilik, bizim torpaqlarımız alınıb, geri dayansınlar, öz torpaqlarımızı qanımız bahasına da olsa götürəcəyik, ya da peşimançılıqlarını və ya səhv yolda olduqlarını anlayıb, torpaqlarımızı qaytarsınlar ki, canından keçən şəhidlərimizin narahat  ruhu rahatlıq tapsın”.




Aida  Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür