Modern.az

Vəzifəli şəxslər cəriməni ödəmirsə... Yol polisi çarə AXTARIR

Vəzifəli şəxslər cəriməni ödəmirsə... Yol polisi çarə AXTARIR

7 Oktyabr 2016, 13:34

Bakıda yol hərəkəti qaydalarını pozmağa görə cərimələnənlər arasında yüksək vəzifəli şəxslər, o cümlədən icra başçılarının olduğuna dair məlumatlar var. Bildirlir ki, onlara kəsilmiş cərimələrini ödəməkdən yayındıqları halda, yol polisi bu şəxslərin avtomobillərini cərimə meydançasına apara bilmir.
Bu məlumatı yol polisinin rəsmiləri də qismən təsdiqləyirlər, ancaq adlarını açıqlamaq istəmirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov Modern.az-a deyib ki, cərimələnən sürücülərin, o cümlədən bu sıradan olan vəzifəli şəxslərin adlarını açıqlamaq düzgün deyil.

““Yol hərəkəti haqqında” qanunda göstərilib ki, bilərəkdən və ya bilməyərəkdən, qəsdən və ya  ehtiyatsızlıqdan yol hərəkəti qaydalarının tələblərinin pozulması inzibati xətadır. İnzibati xəta törədən hər kəs kimliyindən və vəzifəsindən asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. İnsanları və avtomobilləri kateqoriyaya bölmək olmaz. Yol hərəkətinə görə hər kəs eynidir. Sükan arxasına oturan hər kəs sürücü, küçə və yollarda hərəkət edənlər isə piyada adlanır”.


V.Əsədovun sözlərinə görə, ilin əvvəlindən bu günə kimi 590 min inzibati protokol yazılıb.

“Kimsə ehtiyatsızlıqdan da qaydanı poza bilər, bu təbiidir. Heç kim bundan sığortalanmayıb. Amma heç kim düşünməsin ki, qaydanı pozub, cərimə ödəməyəcək. Qaydanı pozan polis də, icra başçısı da, mühəndis də, müəllim də ola bilər. Amma onların adının mətbuata açıqlanması hesab edirəm ki, düzgün deyil”.

Vaqif Əsədov cərimə ödəməkdən yayınanların olduğunu da deyib.

“Qanunvericilikdə göstərilib ki, cərimə ödəməkdən yayınanlar aşkarlandıqca, onların idarə etdiyi avtomobillər  yol hərəkətindən kənarlaşdırılıb, müvəqqəti  mühafizə olunan dayanacaqlara qoyulur. Cərimə və təyin edilmiş cərimə faizi ödənildikdən sonra avtomobil sərbəst buraxılır. Yaxud da başqa tədbirlər görülür. Cərimənin ödənilməməsi olduqda biz müəyyən orqanlara müraciət edirik”.


“Heç bir icra başçısı deyə bilməz ki, mənim cəriməm yoxdur. Hamısının cəriməsi var. Əksəriyyəti də bu cərimələri ödəmək istəmir”.

Bunu isə Modern.az-a yol-nəqliyyat sahəsi üzrə ixtisaslaşmış “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib.

O bildirib ki, icra başçılarının kobud qayda pozuntuları qeydə alınır.

“Xüsusilə də Bakıya gələn-gedən icra başçıları surət həddinə məhəl qoymurlar. Onların ən çox qayda pozuntuları surət həddini aşması ilə bağlı olur. Yol polisi əməkdaşı da onları saxlayanda hədə-qorxu gəlirlər ki, rəhbərlik qarşısında məsələ qaldıracaqlar. Nəinki icra başçılarının sürücüləri, onların ailə üzvləri də qaydalara əməl etmirlər. Elə icra başçıları var ki, 100-dən çox cəriməsi var”.


Elməddin Muradlı qeyd edib ki, bəzi icra başçıları sürücülərin qaydaları pozmasına şərait yaradır.

“Buna misal olaraq Mingəçevirin icra başçısı Niyazi Bayramovu göstərmək olar. O, sürücüsünün surət həddini aşaraq qaydanı pozmasına belə cavab verib. “Sürücüdür də, qaydanı pozub... Burda şişirdilməli nə var ki...””.


Müsahibimiz bəzi icra başçılarının qırmızı işıqdan keçidiyini , qoşa xəttin tələbini pozduğunu və bunlara görə kəsilən cərimələri də ödəmədiyini bildirib.

“Buna misal olaraq Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovu göstərmək olar. Bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılmışdı”.


Mirmahmud KAZIMOĞLU

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır