Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - X YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - X YAZI

8 Oktyabr 2016, 10:40

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Şimali Azərbaycanın tamamının çar Rusiyası tərəfindən işğalının rəsmiləşməsindən sonra (1828, 10 fevral Türkmənçay müqaviləsi) Qacarların vəziyyəti daha da ağırlaşdı. Əslində Qacarların siyasi-ideoloji durumunun ağırlaşmasında torpaq itkisindən çox, Şimali Azərbaycan Türklərinin yeni dövlətdən ayrı düşməsi oldu. Nəzərə alsaq ki, Şimali Azərbaycan türkləri fəlsəfi-dini məktəbləri, elm ocaqları baxımından Azərbaycan Türk dövlətlərinin əsas mərkəzlərindən biri olmuşdu, artıq Qacarların bundan yararlana bilməməsi çox böyük itki idi. Özəlliklə, yenilkçi-dünyəvilik baxışlarına görə bir qədər fərqlənən Şimali Azərbaycan Türklərinin, onların qabaqcıl aydınlarının Qacarlardan ayrı düşməsi daha çox farsdillilərin işinə yaramış oldu. Belə ki, farsdillilər Şimali Azərbaycan itkisindən də çox ustalıqla yararlanaraq Qacarlar dövlətinin ideolojisinin yenilkçi-dünyəvi ruhlu Türkçülük dəyərləri üzərində möhkəmlənməsinə yol verməyərək, Səfəvi Qızılbaşlığı ya da şiəçilik adı altında əslində farsçı-zərdüşti ideyaları dirçəltməyə başladılar.

Ümumilikdə 19-cu əsrdə, xüsusilə 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Qacarlar dövlətində mübarizə şiə maskasına bürünmüş zərdüştçü farsdililərlə yenilikçi-dünəyvilik tərəfdarı türklər arasında getmiş, bu proses Qacarların  süqutuna (1925) qədər sürmüşdür. Hələ, Türkmənçay sülh müqaviləsinə qədər (1828) zərdüştçü farsdililər ingilislərin mühüm yardımlarıyla yenilikçi-sekulyar türkləri xeyli dərəcədə sıxşıdırmağı bacarmışdılar ki, çar Rusiyası yenilgisiylə də Qacarlara olan basqılarını daha da artırdılar. İlk növbədə, Qacar hökmdarlarını yenilikçi-sekulyar dünyagörüşdən uzaqlaşdırmaq məqsədini həyata keçirməyə çalışan farsdilli zərdüştçülər Fətəli şah Qacarın timsalında ilk uğurlarını qazandılar. Belə ki, onu  şiəçiliyin təsiri altına salaraq dünyəvi hakimiyyətin formalaşmasına imkan vermədilər.

Əslində Fətəli şah Qacar başlanğıcda heç də şiəçiliyə maraq göstərməmiş, oğlu Abbas Mirzəylə birlikdə daha çox dünyəvi hakimiyyətə meyilli olmuşdur. Ancaq çar Rusiyasına ardıcıl yenilgilərin, eləcə də ingilislərin çoxüzlü siyasətinin nəticəsi olaraq Fətəli şah Qacar hakimiyyətinin sonrakı illərində farsdilli zərdüştçülərin təsir dairəsində olan şiəçilik ideologiyasını qəbul etmək zorunda qalmışdır. Ancaq onun şiəçilik ideolgiyasını qəbullanmasını daha çox məcburi hal kimi qiymətləndirir, tamamilə özünü onların ixtiyarına vermədiyinə də inanırıq. Hər halda Fətəli şah Qacarın farsdilli dini ruhanilərlə onun arxasında dayanan ingilislərin əməllərindən tamamilə xəbərsiz olması inandırcı deyildir. Bu anlamda Qacarlar hakimiyyətini davamlı etmək üçün farsdilli zərdüştçü dini ruhanilərlə ortaq dil tapmağa məcbur olan Türk hökmdarının zaman-zaman onlara öz hədlərini göstərdiyini də bilirik.

Hesab edirik ki, bu baxımdan Şimali Azərbaycanın işğalından sonra Fətəli şah Qacarın Cənubi Azərbaycan Türk xanlıqlarına ciddi təzyiqlər göstərməməsi təsadüfi olmamışdır. Üstəlik, Cənubi Azərbaycan Türk xanlıqları daxili müstəqilliklərini saxlamaqla mərkəzi hökümətə yalnız vergi ödəməklə və zəruri hallarda orduya əsgərlər göndərməklə kifayətlənirdi. Özəlliklə, Tehrandan sonra Təbrizin ikinci paytaxat elan edilməsi və gələcək Qacar hökmdarının vəlihəd kimi Azərbaycanda oturması da Fətəli şah Qacarın dövründə reallaşmışdır. Hətta, “ikinci paytaxt olduğu üçün xarici diplomatik nümayəndələrin iqamətgahı ilk dövrdə Təbriz hesab edilirdi”.

Fətəli şah Qacardan sonra Abbas Mirzənin oğlu Məhəmməd şah Qacarla (1834-1848) Nəsrəddin şah Qacarın (1848-1896) hakimiyyətləri dövründə farsdilli şiəçi ruhanilərin Qacarların siyasi hakimiyyəti üzərinə təzyiqi daha da gücləndi. Onların dönəmində Türklərə məxsus elat yönətim quruluşunun aradan qaldırılması, bunun əvəzində fars mirzələrin-katiblərin hakimiyyət sarayına doldurulması vəziyyəti daha da mürəkkəbləşdirdi. Qacarlarda fars dilinin hakimliyini qoruyub saxlamağa çalışan farsdilli şiəçi ruhanilərin bu yöndəki addımları da Türklərin ciddi narazlığına səbəb olmuşdu. Hər halda Türk dilinin saraydan və onun ətrafından sıxışıdrılb çıxarılması planlı şəkildə həyata keçirilirdi ki, bütün bunlar da Qacarların Türk əhalidən uzaqlaşdırılmasına hesablanmışdı.

Bütün bunlara baxmayaraq, bu dövrdə də Türklər, o cümlədən Azərbaycan türkləri arasında Nadir şah Əfşarın, Abbas Mirzənin yolunu davam etdirən Mirzə Tağı xan (?-1852) kimi yenilikçi dövlət xadimləri olmuşdu. Bir ara Peterburqda yaşayaraq Avropa mədəniyyətiylə yaxından tanış olan Mirzə Tağı xan Təbriz şəhərində vəlihəd Nəsrəddin xanın yanında çalımış, daha sonra sonuncunun şah olmasıyla baş nazir kimi önəmli vəzifəyə gətirilmişdir. Abbas Mirzənin yolunu davamçısı kimi, o da Qacar hakimiyyətini dini-şiəçi hakimiyyətdən xilas edərək yenilkçi-dünyəvi hakimiyyət qurmağa çəhd göstərmiş, bu yolda Dövlət Şurası yaratmışdır. Ancaq hakimiyyətdə şiəçiliyin zəifləməsinə yol verməyən farsdilli ruhanilər Nəsrəddin şahı oyuna gətirərək “Böyük əmir”, “Düzən əmiri” adlandırlan Mirzə Tağı xanın qətlini gerçəkləşdirmiş, Dövlət Şurasının ləğvinə də nail olmuşlar. Milli ideoloq M.Ə.Rəsulzadə də yazır ki,  Qacarlarda Avropada olduğu kimi, nazirlər kabineti formalaşdıraraq dövlət işlərinin idarəçiliyini ayrı-ayrı nazirliklərə bölən Mirzə Tağı xanın əsas istəyi anayasalı ağalıq yönətimi yaratmaq idi: “Mirzə Tağı Xan sorumsuz ağa olan şahın istəyinə tərs olaraq Avropaya oxuyan göndərir, Tehranda da yeni elmləri oxutmaq üçün okullar açırdı. İndiki Tehran Universiteti də o yüksək düşüncəli baş bakanın gəlişməsevərliyinin əsəridir. Bütün bu kimi yenidənqurmanın ruhu, kökü olmaqla baş bakan Mirzə Tağı xan daha böyük bir proyektlə də uğraşırdı, o da yurdun, yurddaşların hüququnu, görəvlərini göstərən yasalar yaratmaq idi. “Böyük başçı”nın istəyi avtoritar yönətimi aradan  qaldırmaq, onun yerinə anayasalı monarxiya, işlək bürokratiya qoymaq idi. Onun öldürülməsinə nədən də bu düşüncəsi oldu. O böyük yurdsevərin bu düşüncəsi onda gənc olan Nəsrəddin şaha başqa yolla çatdırıldı. Baş bakan şahın ağalığını sınırlamaqla bir sıra pisliklər bəsləyir, deyilib suçlandı. Bundan quşqulanan padşah onu görəvdən alıb Kaşana göndərdi. Sonra verilən gizli buyuruqla ağı verilib öldürüldü”.

Mirzə Tağı xanın baş nazirliyi və öldürülməsi Babilik hərəkatı (1848-1852-ci illər) dövrünə təsadüf etmişdi ki, bizcə bu hərəkat Qacarlardan çox məhz farsdilli şiəçi ruhanilərə qarşı baş qaldırmışdı. Ancaq farsdilli şiəçilər çox böyük ustalıqla istər Mirzə Tağı xanın qətlini, istərsə də Babilər hərəkatının yatızdırılmasını Nəsrəddin şahın əliylə həyata keçiridilər. Nəsrəddin şah da ətrafında Mirzə Tağı xan kimi yenilikçi-dünyəvi insanları tuta bilmədiyi üçün, məcburən farsdilli şiəçi ruhanilərdən yardım alırdı. Rəsulzadə yazırdı ki, Nəsrəddin şah İslamı qorumaq görüntüsüylə babilərə savaş açaraq ruhanilər sinfinin sevgisini qazanmaq üçün də, onlarla çox amansızca davranmışdı: “Ancaq vicdan, inanc özgürlüyünə qarşı edilən bu kimi zorbalıqların yaratdıqları da görülməkdə idi, uğradıqları pislikləri onları bilginlərin gözündə ucaldırdı. Babilik suçlaması ilə bir çox babi olmayanlar da öldürülürdü. O çağın deyimincə özlərinə “yasasevən” adı verən özgürçülərdən bir çoxları da babi başçılarındandır, deyə insanların gözü önündə asılır, işkəncələrə uğradılırdı”.

Ümumiyyətlə, Babilər hərəkatı daha çox Cənubi Azərbaycanda geniş yayılmış, əsas mərkəzi Zəncan şəhəri olmuşdu. Babiliyin banisi, başçısı Seyid Əli Məhəmməd (Bab) “Bəyan” kitabında İslam dinində islahatların aparılmasının tərəfdarı kimi çııxş edərək bərabərlik, ədalətlilik, şəxsiyyətin toxunulmazlığı ideyalarını təbliğ etmişdir. Ancaq hər cür reformların əleyhinə olan farsdilli şiəçi ruhanilər Babilik hərəkatını Nəsrəddin şah Qacarın əliylə amansızcasına yatızdırdı. Türkçülük ideoloqlarından Əməd bəy Ağaoğlu da yazır ki, bununla da Nəsrəddin şah hər cür islahat cərəyanını lap kökündən kəsdi, süqut etmiş olan ədəbiyyatın son nəfəsi də tükəndi.

Babilərə qarşı tutulan bu divan dini hakimiyyəti daha da gücləndirdiyi halda, Qacarların siyasi hakimiyyətinə formal ağalıqlarını sürdürmək anlamında yardımçı oldu. Əslində ingilis diplomatiyasının istəyilə hərəkət edən farsdilli ruhani və qeyri-ruhani zümrə üçün belə bir durum, yəni Türk Qacarların ağalığı altında şiəçi bir rejimin varlığını sürdürməsi hələlik, qane edirdi. Çünki dini hakimiyyət farsdilli dini ruhanilərin əlində olduğu kimi, hərbi güc də türklərin əlində cəmləşmişdi. Türk Qacarlar hərbi gücə malik olduğu müddətcə siyasi hakimiyyəti ələ keçirə bilməyəcəklərini yaxşı anlayan farsdilli zümrə havadarları ingilislərin dəstyilə dini hakimiyyəti gücləndirməklə məşğul olmaqla Nəsrəddin şahı hər cür yeniləşmə tərəfdarından uzaq tutur, eyni zamanda da Qacarların siyasi hakimiyyətdən uzaqlaşdırılması üçün də planlar hazırlayırdılar.

Bu anlamda, bizcə, Nəsrəddin şah Mirzə Tağı xan olayı ilə Babilik hərəkatının yatızdırılmasından sonra, başqa bir zərbənin qurbanı Mirzə Hüseynxan (Müşirüdddövlə) olmuşdur. Avropada təhsil almış Mirzə Hüseynxan Nəsrəddin şah tərəfindən 1871-ci ildə Qacarlarda baş nazir təyin edilmiş, ancaq dövlət işlərində apardığı islahatlara görə o da vəzifəsindən uzaqlaşdırılmışdır.

Nəsrəddin şah dövründə sonuncu zərbəni Azərbaycanın Həmədan bölgəsindən olan Cəmaləddin Əfqani almışdı. Əgər Nəsrəddin şah 19-cu əsrdə yalnız türklərin, o cümlədən Azərbaycan türklərinin deyil, bütövlükdə İslam dünyasının böyük  aydını olan C.Əfqaninin ideyalarından yararlana bilsəydi, şübhəsiz Qacarların sonrakı taleyi də fərqli olacaqdı. Hər halda İslam birliyi baxışını yayan, Rəsulzadənin təbrincə desək, “bu baxışın son biçiminin yaradıcısı sayılan Şeyx Cəmaləddin Nəsrəddin şah çağında iki yol sarayda olmuş, ancaq yenilkçi düşüncələrindən dolayı İrandan (Qacarlardan-F.Q.) çıxarılmışdır. İlk uzaqlaşdırılmasının ardınca Nəsrəddin şah Avropada olduğu günlərdə onunla Münhendə görüşmüş, onu bakan qoyacağına söz verməklə dəstəsilə birlikdə Tehrana çağırmışdır. Şeyx ikinci yol Tehrana gəldikdən sonra düşüncəsini dəyişən (?!-F.Q.)” şahın acığına uğramış, öldürülməsinə qərar vermişdir. Asılmasından qabaq bütünlüklə soyundurulan şeyx bir qatıra mindirilərək Tehran küçələrində gəzdirilmişdir. Ancaq Fransa elçiliyinin qatışması ilə öldürülməsindən vaz keçilmiş, yenidən İrandan çıxarılmışdır”.

Bizcə, Nəsrəddin şahla C.Əfqani arasındakı münasibətlərin baş tutmamasında, hətta ona ölüm hökmü kəsilməsində əsas rolu İngiltərəylə onların əlaltıları farsdilli şiəçi qrup mühüm rol oynamışdır. Hər halda, ilk baxışda onun əsas düşmənləri arasında birinci yeri İngiltərənin tutması çox qəribədir. Çünki İngiltərə dünyada özünü ən demokratik, sivil ölkələrdən biri saydığı halda C.Əfqanini heç cür həzm edə bilməməsi təsadüfi hesab oluna bilməz. Görünür, ingilislər C.Əfqaninin vasitəsilə Nəsrəddin şahın əsil həqiqətləri anlayacağından, bununla da Qacarların sonununu gətirmək planlarının yarımçıq qalacağından çəkinmişlər. Bunun üçün də ingilislərin oyuncağına çevrilən farsdilli şiəçi qrupun basqısıyla Nəsrəddin şahla C.Əfqaninin bir araya gələrək ölkədə reformaların aparılması məsələsi baş tutmamışdı. Üstəlik, bütün bunlara görə əsas günahkar Nəsrəddin göstərilərək Rəsulzadənin təbrincə desək, “Nəsrəddin dönəmi İran (Azərbaycan Türk-F.Q.) tarixinin ən qara dönəmi” hesab edilmişdir. Bununla da, “qara dönəm”in əsil aktyorları arxa planda tutularaq ortada yalnız Qacarlar və onun hökmdarı Nəsrəddin şah qalmışdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir