Modern.az

Məşhur aktyor Şahmar Ələkbərovun ailəsindən yeni XƏBƏR - FOTOLAR

Məşhur aktyor Şahmar Ələkbərovun ailəsindən yeni XƏBƏR - FOTOLAR

Mədəni̇yyət

8 Oktyabr 2016, 11:07

Məşhur aktyor və kinorejissor, mərhum xalq artisti Şahmar Ələkbərovun ailəsinin xaricə köçüb orada məskunlaşması barədə tez-tez fikirlər səslənir. Buna səbəb isə ailənin mediadan, jurnalistlərdən  uzaq olmasıdır.
Mərhum aktyorun qardaşı qızı Sevinc Ələkbərova Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Şahmar Ələkbərovun ailəsinin  xaricdə yaşaması barədə yayılan xəbərlər doğru deyil. Həyat yoldaşı Kamilla Ələkbərova və qızı Ləman Ələkbərova Bakıda yaşayır. Ləman xanım ixtisasca pediatrdır (uşaq həkimi). Bakıda yerləşən xəstəxanalardan birində çalışır. Kamilla xanımın isə 60 yaşı var. Təqaüddədir”.

Sevinc Ələkbərova əmisinin əkiz qızlarından yalnız birinin xaricdə yaşadığını qeyd edib.

“Xaricdə yaşayan İzulət xanımdır. Ona görə ki, onun həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika krallığındakı fövqəladə və səlahiyyətli  səfiridir. İzulət xanımın xaricdə yaşamasını ümumilikdə bütün Ələkbərovlar ailəsinə şamil edirlər. Halbuki, Kamilla xanım və onun qızı Ləman Azərbaycanı çox sevir. Sadəcə, ildə bir-iki dəfə xarici ölkəyə gedib-gəlirlər. Yəni, bu qədər sadə”.


Əmisinin vəfatından sonra ailəyə edilən xüsusi diqqətdən danışan Sevinc Ələkbərova nəsildə kimsənin əmisinin yolunu davam etdirmədiyini də bildirib.

“Əmim dünyasını dəyişəndən sonra dostları, sənət adamları Kamilla xanıma tez-tez baş çəkir, onunla maraqlanırlar. Təəssüf ki, Ələkbərovlar nəslində yeganə aktyor Şahmar Ələkbərov olub. Nəsildə onun yolunu davam etdirən kimsə yoxdur. Kamilla xanım çox istərdi ki, nəvələrindən hansısa biri həyat yoldaşının yolunu davam etdirsin. Lakin bu, Kamilla xanım üçün arzu olaraq qalır”.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Onun atası əslən Cəbrayıl rayonundan olan Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. 
Şahmar ələkbərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Şahmar Ələkbərov universitetdə aktyor sənətindən dərs deyib. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub, bir çox maraqlı obrazlar yaradıb. 
Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. 
Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.

Görkəmli sənətkar Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən  vəfat edib. 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir