Modern.az

Səyyad Arandan Aşura AÇIQLAMASI:  “Çox çətin prosesdir”

Səyyad Arandan Aşura AÇIQLAMASI:  “Çox çətin prosesdir”

10 Oktyabr 2016, 13:18

Oktyabr ayının 12-də Azərbaycanda Aşura günü (Məhərrəm ayının 10-cu günü) qeyd olunacaq.

 

Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub.

Ölkəmizdə dini mərasimlərin də geniş qeyd olunduğu ayda, bu ildən etibarən bəzi qadağalar tətbiq edilməyə başlayıb.

 

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikdən danışarkən Məhərrəm ayında dini ayinlər zamanı evlərdə toplaşmağın, küçələrə çıxmağın yolverilməz, mərasimlərin müəyyən olunmuş yerlərdən kənarda keçirilməsinin qadağan olduğunu açıqlayıb.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Aran Modern.az-aaçıqlamasında deyib ki, bütün bunların hamısı təhlükəsizlik tədbirlərilə bağlıdır:

“Aşura günü ilə əlaqədar dini mərasimlərin müəyyən olunmuş yerlərdən kənarda keçirilməsinin qadağan olunması təhlükəsizlik tədbirləri ilə bağlıdır. Qadağalar dini kəsimin rahat, təhlükəsiz, insidentsiz olaraq öz mərasimini həyata keçirməsi üçündür”.

S.Aran qeyd edib ki, hansısa evdə mərasim keçirilməsi zamanı təhlükəsizliyə zəmanət verilmir:

 

“Kiminsə evində mərasim keçirildiyi zaman heç kim zəmanət vermir ki, o evdə insanların təhlükəsizliyi qorunur. Ən xırda detallara qədər məsələlər nəzərə alınır. Məsələn, xörək bişirilərkən, nə isə xoşagəlməz bir hadisə oldu, bəlkə o yeməkdən yeyən insanlar zəhərləndilər... Nəzarətdən kənarda olan yerlərdə bir-biri ilə ədavəti, problemi olan insanlar yığışdılar və qarışıqlıq düşdü. Kimisə qəbul etməmək, kiminsə arxasında namaz qılmamaq məsələsi var, yaxud kimlərinsə münasibətlərində sadəcə gərginlik var. Həmin adamlar bir evə yığışıb mərasim keçirərkən qarşı-qarşıya gəlirlər. Amma müəyyən olunmuş yerlərdə dövlətin lazımi qurumlarının nəzarəti həyata keçirilir. Həmin problemli insanların qarşı-qarşıya gəlməməsi üçün tədbirlər görürlər, amma evlərdə bunun qarşısını almaq mümkün olmur”.

 

İnsanların həyati təhlükəsizliyinin qorunması baxımından təqdirəlayiq olan qərarın icrası mümkün olacaqmı? Hüquq mühafizə orqanları ayrı-ayrı evlərdə keçirilən mərasimlərə necə nəzarət edəcək?

 

Komitə rəsmisi bildirib ki, bu, çox çətin prosesdir:

“Biz də bunu nəzərə alaraq evlərdə mərasim keçirilməsini məqbul saymırıq. Çünki o evdə baş verəcək hər hansı insidentə, hadisəyə evin sahibi məsuldur. Ona görə biz əvvəlcədən deyirik ki, mərasimlər müəyyən olunmuş yerlərdə keçirilməlidir. Müəyyən olunmuş yerlər əvvəlcədən yoxlanılır və maksimum şəkildə qarşıdurmaların qarşısı alınır”.

 

S.Aran “müəyyən insidentlərin yaşandığı Nardaranda xüsusi təhlükəsizlik tədbirlərinin keçirilməsi planlaşdırılırmı” sualına cavab olaraq deyib ki, Nardaranda qeydiyyatdan keçirilən məscid var. Mərasimlər də orada keçiriləcək.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir