Modern.az

Alim ömrünün 50-ci baharı

Alim ömrünün 50-ci baharı

Ədəbi̇yyat

10 Oktyabr 2016, 14:02

Buludxan müəllim! Yüzlüyü xırdalayıb 50-ə çatdı. Amma ha çalışıram onu bu yaşda təsəvvür edə bilmirəm. Elə yaddaşıma 25-30 yaşlarında olan mehriban simalı, gözəl ürək sahibi, dost-yoldaş qədiri bilən Buludxan müəllim – Buludxan Əziz oğlu Xəlilov həkk olub. Onun mənalı ömür yolu kino lenti kimi daim gözlərim önündə canlanır.


Kadr 1.
Tələbəlik illəri... Tələbəlik xatirələri...Tələbəlik dostu


Buludxan müəllim əsl dostdur. Qida qədər ehtiyac duyduğumuz ağıllı dost. Adətən deyirlər, yaxşı dost gözəl ətir satan kimidir; sənə ətir vurmasa da, yanında olduğun müddətdə gözəl ətrindən faydalanarsan. Çünki yeri gələndə çoxlarımızın səhvlərinə göz yumub, sirlərimizi qoruyub və lazım gələndə tövsiyə və nəsihətlərini heç vaxt əsirgəməyib.

Buludxan müəllimlə maraqlı xatirələrim çoxdur.

Deyirlər, insanı yaşadan onun xatirələridir. Məncə, yalqızlığı, uğursuzluğu, bəlkə də, talesizliyi unutduran bir şey varsa, o da müqəddəsliyinə xələl gəlməsin deyə, içimizdə qoruyub-yaşatdığımız xatirələrdir.

Biri haqqında...

Səhv etmirəmsə, insitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) birinci kursunda oxuduğum vaxt qəribə bir “macəraya” tuş gəldim. Hərdən bəxtimə-taleyimə lənət yağdırıram ki, harada bəd işlər var, gərək axtarıb mənim yaxamı tapa, ətəyimdən sallaşa...

...Əsas seminar müəllimimiz üzrlü səbəbdən dərsə gəlməmişdi. Onu ortayaşlı, bəstəboy, sarışın bir müəllim əvəz edirdi. (Allah ömür versin! İndi də yaşayır. Etika xətrinə adını çəkmirəm).

Xüsusi ədasından, hərəkətlərindən hiss olunurdu ki müəllim özündə çox razı və müştəbehdir. Auditoriyada bir az filosofsyağı (gorun çatlasın Humbolt – alman dilçisi) – var-gəl etdikdən sonra dərsi soruşmağa başladı. Seminara verilən tapşırıq “Çin dilçiliyi” idi.

Təsadüfənmi, yoxsa qismətdən olan kimi məndən başqa tələbə yoldaşlarımdan heç kəs əlini qaldırmadı. Düzü, az-çox oxuyan idim, bir də qrupda əlaçılıq karyeramı heç kəsə güzəştə getmək istəmirdim. Lövhəyə çıxıb mövzunun “müqəddimə”sini yenicə başlamışdım ki müəllim məni saxlayıb dedi:

-       İndi də “Hind dilçiliyi”ndən danış. Doğrusu, çaşıb qaldım. Bu an köməyimə tələbə yoldaşlarımın etiraz dolu iradları çatdı: “Müəllim, bizə evə tapşırıq “Çin dilçiliyi” mövzusu verilib. “Hind dilçiliyi növbəti dərsdir”. Auditoriyada bir anlıq xaos yarandı. Ağız deyəni qulaq eşitmirdi. Sakitlik yaranan kimi mövzunu yenə davam etdirdim. Yenə də əvvəlki “əda ilə” məni saxlayıb özünəməxsus tərzdə məzəmmət etdi. Artıq dözə bilməyib keçib yerimdə əyləşdim. Elə bil müəllim buna bənd imiş. Əsəbi halda əllərini stola vurub amiranə bir tərzdə: “Gör, sənin başına nə oyun açacağam. Təqaüdünü (yəni tələbə təqaüdümü) kəsdirib, insitutdan qovduracağam!” Bu sözləri deyib auditoriyanı tərk etdi...

         Payızın nostaljisi üstümə qara-qara fikirlər çökdürdü. Zavallı, Arif, görəcək günlərin varmış. Çoxları kimi atamın vaxtlı-vaxtsız göndərdiyi pulundan da şirin olan tələbə təqaüddən məhrum olmaq ağır dərd idi... Ehtiyac acısı içimi göz-göz edirdi. Cibimdə sıçanlar “sevişir”, əl salsam, günaha batardım. Kor-peşman yataqxanaya qayıtdım. O dövrdə yataqxanada yaşamaq toyuq hinində gecələmək kimi bir şey idi. Səhərcən gözümə yuxu getmədi; təqaüddən məhrum olmaq, üstəlik universitetdən qovulmaq qorxusu... Qocalar demişkən, “aranı dağa apardım, dağı da arana” Mən, başıbəlalı isə Bakını kəndə daşıdım, kəndi də Bakıya köçürdüm”. Qaranlıq quyu dibində iynə boyda işıq axtarmaq ümidi ilə səhəri dirigözlü açdım.

         Sən demə, çarəsizliyin yeganə dərmanı ümid imış. Ümidim yalnız Buludxan müəllimə qalmışdı. Çünki Buludxan müəllim o dövrdə tələbələr arasında diribaşlığı, ötkəmliyi və himayədarlığı baxımından xüsusilə seçilirdi. Əhvalatı olduğu kimi ona danışdım. Sözümü axıra çatdırmamış Buludxan müəllim əlini-əlinə vurub şaqraq səslə gülməyə başladı. “Ayə, vecinə alma. O müəllim məni də qovdurmaq istəyirdi. Yaxşı insandır, yəqin əsəbiləşib deyib. Bir gün səni onunla yaxından tanış edərəm”. Səmimi deyirəm. Buludxan müəllimin bu sözlərindən sonra sanki “ilan ağzından qurbağa qurtaran kimi sevindim”. Sonradan məlum oldu ki, həmin müəllimin bizə bir az da qohumluğu çatırmış.

        
Kadr 2... Müəllim həmkarım ...Müəllimlik fəaliyyəti...


Ali məktəbdə adlı təqaüdçü, dissertant, müəllim, baş müəllim, dosent, elmi-tədqiqat laboratoriya rəhbəri, professor, dekan – Buludxn müəllim az vaxt ərzində belə bir uzun elmi-ictimai inkişaf yolu keçib.

         Buludxan müəllimin yaradıcılığı çox şaxəlidir: dilçilik, ədəbiyyatşünaslıq, publisistika, ədəbi-tənqid və s. Bəlkə də bir sahə ilə məşğul olsaydı, o sahədə daha böyük nailiyyətlər əldə edər və o sahə daha çox qazanardı. Çünki Buludxan müəllim kimi istedad sahibi məhdud olmamalıdır.

Deyirlər, insanın ən qüsurlu cəhəti öz müasirini qiymətləndirə, öz dostunun nəyə qadir olduğunu mühakimə edə bilməməsidir. Amma mən Buludxan müəllimi həmişə qiymətləndirmişəm. Bilmişəm ki, bizim dilçilik aləmində bir Buludxan müəllim – prof.Buludxan Xəlilov var, daim axtarışdadır, yenilik fədaisidir, heç kimə bənzəməz. Mənə elə gəlir ki, Buludxan müəllim üçün həyatın mənası yorulmadan işləmək, çətinliklərə mübarizə aparmaqdan ibarətdir.

        
Kadr. 3... Fakültə dekanı... Bacarıqlı rəhbər...

        
Ümummilli liderimiz H.Əliyevin müdrikcəsinə söylədiyi bu kəlamlar heç vaxt unudulmaz.

         “Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır”. Rəhbərlik etmək üçün ilk növbədə gərək insanın ona mənəvi haqqı çatsın. Prof.Buludxan Xəlilov məhz belə keyfiyyətlərə məxsus fakültə dekanıdır. Bəlkə universitetimizdə yeganə dekandır ki, ulu öndərimizin söylədiyi kriteriyalara tam cavab verir.

         Buludxan müəllimin yazılarını internet saytlarında izləmişəm, müxtəlif televiziya kanallarında çıxışlarını maraq və fəxrlə dinləmişəm, monoqrafiyalarını oxumuşam, dərslikləri ilə tanış olmuşam. Hər bir əsəri, hər bir söz yeniliyi ilə nəzəri diqqəti cəlb edir. Heç vaxt yeni söz deməkdən, səhv etməkdən qorxmayıb.

Mövcud pedaqoji fikir tariximizdə, filologiya elmimiz sahəsində prof.Buludxan Xəlilov aydın iz qoymaqdadır – bunlar gələcək nəsillər üçün tədqiq və öyrənmə mənbəyi olacağına qəti şübhəmiz yoxdur. Çünki bu ömür dəyərli ömürdür.

         Ağac yerdən qida alar, günəşdən işıq-bar-bərəkət gətirər. Buludxan Xəlilov qərib Ağbaba dağları kimi başı göylərə ucalan, kökləri dərinliklərə işləyən nəhəng bir ağac kimidir – barı-bərəkəti son dərəcə bol olub, bir milləti mənəvi cəhətdən əbədi yaşatmağa, məncə, bəs edər.

         50 yaş qocalıq deyil, kamilləşmək, müdrikləşməkdir. Öz adımdan Buludxan Xəlilovu alim ömrünün 50-ci baharı münasibətilə təbrik edir, ona can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram. (Elm fəaliyyəti ilə bağlı növbəti yazılarımızda ətraflı bəhs edəcəyik).

 

 

Arif Kazımov,
ADPU-nun baş müəllimi

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı