Modern.az

Xoşqədəm Hidayətqızının “zəncirlədiyi gənc qız” - VİDEO

Xoşqədəm Hidayətqızının “zəncirlədiyi gənc qız” - VİDEO

10 Oktyabr 2016, 16:52

“Xəzər” TV-də Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Bizə danış” verilişinin ötən buraxılışılarından birində İmişlidə Pərvanə adlı gənc qızın illərdir yaşadığı dustaq həyatı ictimailəşdirilib. Məsələ ilə bağlı sosial şəbəkələrdə fikir, ayrılıqları, sonu olmayan müzakirələr açılsa da, reallığı dəyişən heç nə baş verməyib.

Müzakirələrdə ən böyük hədəf isə verilişin müəllifi Xoşqədəm Hidayətqızı olub. Ölkənin ictimai-siyasi həyatında müəyyən qədər rol oynayan söz sahibləri, deputatlar, vəkillər, hüquq müdafiəçiləri bu müzakirələrə qoşulub. Məsələyə münasibət bildirən Milli Məclisin Ailə, qadın, uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı isə xanım aparıcını şou yaratmaqda ittiham edib. O Aqiyə Naxçıvanlı ki, veriliş hələ yenicə ərsəyə gələndə xeyir-duasını əsirgəməyib.


Maraqlıdır, Aqiyə xanım, bələd olmadığı bir veriliş barədə əvvəlcədən niyə xeyir-dua verirdi?..

 

Nə isə sözümün canı bu deyil. Sözümün canı ondadır ki, bu məlumat hansısa qəzetin, saytın, agentliyin, televiziyanın, yaxud radionun redaktorunun, müxbirinin əlinə düşsəydi, “şoudur” deyib yayımlamaqdan imtina edəcəkdimi?..

Hansı bir jurnalist mövzuyla bağlı yazı hazırlayanda onun daha çox oxunmasını istəmir? Məgər yazılan hər bir yazı, çəkilən hər bir veriliş təmsil etdiyi media orqanına daha çox reytinq, reklam gətirməsi üçün deyilmi?!

Bəs indi hansı səbəbdən veriliş şou yaratmaqda ittiham edilir?

 

Lap tutaq ki, Xoşqədəm Hidayətqızı şou xətrinə ağlayır, ürəyi gedir. Axı bu qızı o tövləyə zəncirləyən Xoşqədəm deyil... Məgər Hidayətqızı məsələnin hüquqi məsuliyyətini dərk etmirmi deyirsiniz?.. O etsə belə, biz etmirik. Əgər etsəydik, aparıcını asıb-kəsmək əvəzinə “şounun qəhrəmanın” 8 illik zindan həyatının ağırlığını, əzabını düşünərdik.

Heç düşündünüzmü, illərinin ən gözəl, heç vaxt geri qayıtmayacaq çağını dam altında keçirən qıza cəmiyyət olaraq nə cavab verəcəyik?..

 

Modern.az uzun illərdir qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan “Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalovanın mövzuyla bağlı fikirlərini öyrənib.

 

“O ata heç vaxt haqlı ola bilməz”

 

Hadisəyə cəmiyyətin problemi kimi yanaşan M.Zeynalova məsələdə atanı müdafiə edən tərəfləri anlamadığını bildirib:

“Fakt göz qabağındadır. Nə qədər şişirdilmiş olsa da, bir qız uşağının 8 il damda, tövlədə saxlanmasına emosiyasız yanaşmaq olmaz. Mənə maraqlı olan məsələnin üzərindən sakitcə keçilməsidir. Bu gələcəkdə məişət zəminində qadına qarşı yeni bir təzyiq formasını ortaya qoyacaq. Mən bundan narahatam.

Əgər şoudursa, buna görə niyə cinayət işi açıblar? Qızı zəncirləyib dama salan Xoşqədəm Hidayətqızı deyil . Reytinq məsələsinə qarışmıram. Amma sizinlə razıyam ki, bəzi media qurumları adi informasiyanı şişirdilmiş şəkildə, qanlı-qadalı şəkillərlə, hansısa qadının əxlaqına söz ataraq təqdim edir. Mən birmənalı şəkildə bunun əleyhinəyəm.

Məsələ burasındadır ki, heç kim bu qızın dəqiq yaşını da müəyyən edə bilmir. Kimi 21, kimi 18 yaşındadır deyir.

Mən sual verirəm və cavab istəyirəm: bu uşaq məktəbdə oxuyubsa, demək psixi cəhətdən sağlam olub. O zaman necə oxuyub? Nə üçün məsələ bu qədər qapalı saxlanır, cəmiyyətə mənfi mesaj gedir?

Cəmiyyətdə onsuz da kifayət qədər cinayətlər baş verir. Bu məsələnin bu cür susqunluqla müşahidə edilməsi, gənc bir qızın həyatına biganəlik məni narahat edir”.

 

“Pərvanə ruhi xəstədirsə, niyə reabilitasiya mərkəzindədir?!”

 

Hüquq müdafiəçisi qanunun aliliyinə inandığını qeyd edib:

“Biz həm beynəlxalq konvensiyalara qoşulmuşuq, həm də özümüzün qanunvericiliyimiz var. Təhsildən yayındırma, sağlamlığa zərər vurma  və s. ilə bağlı cinayət məsuliyyəti var. Rayon prokurorluğu elan edir ki, atanı azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu adi cinayət deyil.

 

Bəziləri də deyir ki, hadisənin arxasında sirli məqamlar var. Qoy onda o sirli məqamları açsınlar. Əgər o qız hansısa böyük, pis hərəkət edibsə, ata onu cəzalandırıbsa, yenə də bunun səbəbləri aşkarlanmalıdır. Bu heç kimə əsas vermir ki, gənc qızla bu cür davranılsın.

Ortada ikinci qızın ölümü var, bu araşdırılmalıdır. Nədən qızın ölümü ilə bağlı yerli icra orqanları kifayət qədər araşdırma aparmayıb? Əgər ruhi xəstədirsə, niyə ruhi xəstəxanaya yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzinə yerləşdirilib? Vəziyyət göstərir ki, o qız ruhi xəstə deyil. Faktiki olaraq uşağını “dəli” adlandırıb damda saxlayan atanın övladı tibb müəssisəsində deyil. Əgər qız atanın dediyi kimi aqressivdirsə, onun bərpa müəssisəsində saxlanması qanunla yolverilməzdir”.

 

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı