Modern.az

İki fotonun tarixçəsi

İki fotonun tarixçəsi

Mədəni̇yyət

10 Oktyabr 2016, 17:56

Abid Tahirli


Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə oktyabrın 10-da “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda  II Beynəlxalq elmi konfransı öz işinə başladı. Müxtəlif ölkələrindən dəvət olunmuş qonaqların  da iştirak etdiyi  tədbirdə 1991-ci ildə keçirilmiş I konfransdan ötən müddətdə görülmüş işlərə nəzər salınır, mühacirət ədəbiyyatı problemləri, mühacirət ədəbi irsinin toplanılması, nəşri, tərcüməsi, tədqiqi, təbliğl problemləri  müasir tələblər baxımından müzakirə edilir, müvafiq qərarlar qəbul olunur.


Elmi konfrans ərəfəsində arxivimdə  bu tədbirlə birbaşa əlaqəsi olan iki foto diqqətimi çəkdi və onları oxucuların diqqətinə təqdim etməyi lazım bildim.    Məsələ burasındadır ki, hələ Sovet hakimiyyəti dövründə- 1988-ci ildə Xalq yazıçısı Elçinin rəhbərlik etdiyi  Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti- “Vətən” Cəmiyyəti çox çətin maneələrə baxmayaraq, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin anadan olmasının 175 illiyi münasibəti ilə Azərbaycanın tarixində ilk dəfə həmvətənlərin iştirakı ilə beynəlxalq simpozium keçirdi. Tədbirdə  ölkəmizin adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət edilmiş çoxsaylı  tanınmış türkoloqlar, şərqşünaslar, ədəbiyyatşünaslar,  yazıçı və şairlər, tərcüməçilər də iştirak edirdi.  Təbii ki, bu möhtəşəm tədbirdə    həm  M.F. Axunzadə irsindən, onun Azərbaycan xalqının ədəbi- mədəni həyatında oynadığı misilsiz xidmətlərdən, həm də onun yolunu qətiyyətlə, fədakarlıqla davam etdirən xadimlərin həyat, fəaliyyətindən, o cümlədən bu əqidə və amal uğrunda qərib ölkələrdə mücadilə aparan həmvətənlərin  taleyindən,  mühacirət problemlərindən, ədəbi irsindən  sıhbət açıldı. Simpoziumda mühacirətin ədəbi irsi, bu irsin toplanılması, Vətənə gətirilməsi, öyrənilməsi məsələsi daha aktual məsələ kimi qoyuldu.Yeri gəlmişkən bu mövzu  xarici ölkələrdə ədəbiyyat və mədəniyyətimizi yaşadan, tədqiq və  təbliğ edən Turxan Gənceyi, Sərvər Tanilli,  İren Məlikova, Şirin Məlikova, Məhəmməd Gəngərli, Əhməd Qaraca, İlbər Ortaylı, Əbdüllətif Bəndəroğlu, Canpyero Bellinceri, İldırım Dağyeli, İrfan Nəsrəddinoğlu, Nurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel Feyzioğlu, İbrahim Əhrari, Əkbər Behkəlam,  Davud və Əyyub İmdadian qardaşları, Rza Diqqəti kimi tanınmış araşdırmaçılar, naşirlər, redaktorlar, istiqlal mücahidləri, fotoqraf və  rəssamların- həmvətənlərimizin və Azərbaycan dostlarının iştirakı ilə həmişə gündəlikdə olurdu.

Bu tədbirdən bir müddət sonra  Azərbaycan mühacirət ədəbiyyatına dair 1991-ci  ilin aprel ayında  “Vətən” Cəmiyyətinin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Yazıçılar Birliyi  ilə birgə keçirilən beynəlxalq konfrans isə qürbətdə formalaşmış ədəbi irsin öyrənilməsində yeni mərhələnin başlanığıcı oldu. Həmin elmi simpoziumdan  ötən 25 il ərzində bu istiqamətdə ciddi işlər görülmüş, ədəbi nümunələr toplanılmış, tədqiq edilmiş, elmi məqalələr yazılmış, kitablar nəşr olunmuşdur. Onu vurğulamaq  yerinə düşər ki, 2013- cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra mühacirət ədəbi irsinin araşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Fikrimcə, “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda  II Beynəlxalq elmi konfransı keçirilərkən bu problemlə bağlı müəyyən ilklərə imza atanları xatırlamaq məqsədəuyğundur. Həmin niyyətlə də  “Ədəbiyyat qəzeti”nin  fotomüxbiri Rasimin 1988-ci ildə M.F. Axundzadənin yubileyindən çəkdiyi bu fotoları   təqdim edirəm.

 

Şəkildə  soldan ayaqüstə duranlar: Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, “Vətən” Cəmiyyətinin əməkdaşı Hüseyn Heydərov, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə , Xalq yazıçısı, “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin, “Vətən” Cəmiyyətinin əməkdaşı Elxan müəllim, “Dağyeli-Ferlaq” nəşriyyatının (Almaniya) direktoru İldırım Dağyeli, “Odlar yurdu” qəzetinin məsul katibi Abid Tahirli,   Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə, prof. İren Məlikova (Fransa); əyləşənlər (soldan): prof. Sərvər Tanilli (Fransa), Topqapı muzeyinin (İstanbul) direktoru İlbər Ortaylı.   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir