Modern.az

Tahir Əliyev: “Bizə deyirdilər ki, sizin nəslinizi kəsəcəklər”

Tahir Əliyev: “Bizə deyirdilər ki, sizin nəslinizi kəsəcəklər”

12 Oktyabr 2016, 10:51

70 il sovetlərin tərkibində əzilən xalqlar arasında biz də olmuşuq. Azərbaycan vətəndaşı kimi deyil, sovet vətəndaşı kimi tanınmışıq.

 

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi bərpa etmişik. Bir neçə gün sonra müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik.

 

Bir millət, xalq üçün müstəqillikdən şirin nemət ola bilməz. Bəs cəmiyyətimizdə bu 25 il necə dəyərləndirilir?

 

Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən olan, sabiq daxili işlər naziri Tahir Əliyev Modern.az-a açıqlamasında müstəqilliklə bağlı danışıb.

 

“25 il bundan qabaq  müstəqil dövlət olduq. Himnimizi, gerbimizi, bayrağımızı qəbul etdik. Oktyabrın 18-də 43 deputat Müstəqillik Aktına imza atmışıq. Bakıda fövqəladə vəziyyətin olmasına baxmayaraq, Sumqayıtda mitinq təşkil etdim.  O dövrdə xalq hərəkatında olan istiqlalçı deputatlar da mənimlə birgə idi. Həmin gün bizi texnikalarla qorxutmalarına baxmayaraq, mitinqimiz baş tutdu və müstəqilliyimiz elan olundu”.  

Tahir Əliyev Müstəqillik Aktına imza atmayanlardan da danışıb.

“Müstəqillik Aktına imza atmayanların çoxu sonralar “İstiqlal” ordeninə layiq görülüb. Həmin vaxt onların bir çoxu çıxıb foyedə gizlənmişdi. Amma mən bunun üzərində çox dayanmaq istəmirəm. Toxunmaq istədiyim məsələ var.  İndi əhalinin bəzi qismi müstəqilliyə başqa cür baxır. Bilmirlər ki müstəqillik nədir. Biz o zaman bu tarixin qırmızı olmasını istəmişik. Bu gün isə oktyabrın 18-i iş günüdür. Əslində, iş günü olmamalıdır.  Məsələn, evdə qalanda uşaq ata-anasından işə getməməsinin səbəbini soruşanda bəlli olur ki, bu gün müstəqilliyimizi əldə etdiyimiz gündür. Beləcə, uşaqlar da harasa gedəndə müstəqilliyin nə olduğunu izah edə bilirlər”.

Müstəqillik Aktına imza atanlardan olan Tahir Əliyev özünün deputat seçilməsindən də söz açıb:

“20 yanvar hadisələrindən sonra Moskva məni işdən çıxartdı. Həmin  hadisələr zamanı o qədər aktiv fəaliyyət göstərdim ki, parlamentə seçkilər keçirilən zaman bütün  Sumqayıt əhli ayağa qalxıb namizədliyimi müdafiə etdi. Deputat olmamağım üçün Moskva iki ayağını bir başmağa dirəmişdi.

 

Mənə rəqib olaraq Fətullah Hüseynov qoyulmuşdu. O, Sumqayıt Polis şöbəsinin rəisi idi. Mən də işsiz idim. Sumqayıt əhalisinin istəyi ilə mən deputat seçildim. Azərbaycan tarixində belə hadisə olmayıb. Həmçinin, biz müstəqilliyimizi Ayaz Mütəllibovun dövründə qazanmışıq. Dövləti biz qurmuşuq. Bu dövləti qurandan sonra hakimiyyətə iqtidarlar gəlib. Bu dövr ərzində  Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev hakimiyyətdə olub. Hal-hazırda isə ölkəyə İlham Əliyev rəhbərlik edir. Bu dövləti qurandan sonra çox şeylər dəyişdi. BMT-yə üzv olduq. Ordu yaratdıq. Bu illər ərzində quruculuq işləri aparıldı. 25 il az rəqəm deyil. Bundan sonra iqtidarların sayı çox olacaq. Amma müstəqilliyimiz əbədi olaraq yaşayacaq”


Tahir Əliyev SSRİ-nin dağılmasına da toxunub:  

 

“1991-ci ilin avqustunda Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) yaradıldı. Bizə də deyirdilər ki, sizin nəslinizi kəsəcəklər, hamınızı qıracaqlar. “Bildiyiniz kimi, 1991-ci ilin dekabrında Belovejsk müqaviləsinə əsasən, SSRİ rəsmi olaraq dağıldı. Daha sonra referendum keçirildi, seçicilərin 86%-i Azərbaycanın müstəqil dövlət olmasının lehinə səs verdi.


 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər