Modern.az

Facebook-un məşhurlaşdırdığı azərbaycanlı qız: “Allah ağlımı almasa...” - MÜSAHİBƏ

Facebook-un məşhurlaşdırdığı azərbaycanlı qız: “Allah ağlımı almasa...” - MÜSAHİBƏ

13 Oktyabr 2016, 12:36

Son günlər sosial şəbəkələrin fenomeninə çevrilən Çinarə Məlikzadə Modern.az-ın suallarını cavablandırıb.

Çinarə Məlikzadə 1990-cı il oktyabrın 11-də Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Ç.Məlikzadə Oqtay Zülfüqarovdan dərs alıb. 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakültəsində təhsil alıb.

- Çinarə, bir çox insanların illərdir bacara bilmədiyini, sən bir gündə bacardın...

- Çox çətin sual oldu (gülür). Mən heç özüm də bilmirdim ki, belə alınacaq. Əslində, bilirsiniz, çoxdan fikrim var idi ki, bu videonu çəkim. Sadəcə olaraq gitara ilə istəyirdim, amma tanış adam tapa bilmirdim. “Üzü küləyə” mahnısını oxuduğum videonu da elə-belə çəkdim. Dostum öz “Facebook” səhifəsində paylaşdı. Beləcə insanlar məni tanımağa başladı.

- “Pöhrə”, “Yeni ulduz”, “O səs Türkiyə” kimi müsabiqələrin iştirakçısı olmusan. Amma heç vaxt indiki qədər tanınmamısan... O müsabiqələrdən gözləntilərin doğrulmadığı halda bir paylaşım səni məşhurlaşdırdı. Bu baxımdan özünü şanslı sayırsanmı?

- Bu sənət elədir ki, sənət, istedad öz yerində, amma həm də, ən çox şans lazımdır. Düşünürəm ki, mənim şansım da məhz elə burdan-sosial şəbəkə üzərindən tanınmaq imiş. Özümü şanslılardan sayıram.

- Bir anda gələn məşhurluğa dostlar, tanışlar, ailə üzvlərinin ilk reaksiyası necə oldu?

- Elə ailəm də mənim kimi şok olmuşdu. Mən evdə də deyirəm ki, böyüdüləcək, əsrarəngiz səsim yoxdur. Yəni normal, özümə görədir. Həddindən çox mesajlar, zənglər alıram. Diqqət göstərən hər kəsə təşəkkür edirəm dəstəklərinə görə. Qohumlardan da hamısı yox, bəziləri arayıb-axtardı. Düzü gözlədiyim insanlardan heç səs çıxmadı. Amma gözləmədiklərimdən daha çox dəstək gördüm.

- Bəs məşhurlaşdığın son bir neçə gündə sənə dəstək olan hansı tanınmışlar var?

- Düzü o qədər dəstək olan olub ki, say-hesabını unutmuşam. Amma onlar arasında Ayaz Qasımov, Zemfira, Nura Suri, Elvin Babazadə və bir çox adamın adını çəkə bilərəm. Zəng vurub bildirirdilər ki, nə kömək lazım olsa, müraciət edə bilərəm. Sizin vasitənizlə də hər birinə təşəkkür edirəm. Xüsusilə Nura Suri videolarımı çox paylaşırdı “Facebook”da.



- Azərbaycanda və xaricdə ən çox bəyəndiyin müğənnilər kimdir?

- Uşaqlıqdan bəri ən çox sevdiyim Sezen Aksu və Sıladır. Azərbaycanda Röya və Aygün Kazımovanı çox sevmişəm, fanatları olmuşam. Amma indi qulaq asmıram. Qulaq asıram desəm, yalan olar.

- Artıq bəyənmirsən Röya və Aygünü?

-Yox, bəyənməmək deyil. Mən son bir ili Türkiyədə yaşamışam. Orada uzaq qohumlarımız vardı, onlarla qalırdım. Türkiyədə bir restoranda səhnyə çıxırdım. Yəni orada geniş əlaqələrim olmayıb, sadəcə işləmişəm. Repertuarımda türk mahnıları idi. Bizim mahnılardan ən çox “Əziz dostum”u istəyirdilər məndən. Düzü bir il müddətində bildiyim Azərbaycan mahnılarını da unutmuşdum.

Bakıya yenicə gəlmişəm. İndi Ramal İsrafilovu, Teymur Əmrahı bəyənirəm. Gənclərdən Tamara Muradovanın səsinin vurğunuyam. O da yarışmada olub. Doğrudur çox tanınmır. Amma mənim üçün əsas olan səsdir, tanınıb-tanınmamağı önəmli deyil. Mən tanınana deyil, xoşuma gələnə qulaq asıram.

- Sosial şəbəkələrdə paylaşımların altında kifayət qədər çox rəy yazılır. Səsini bəyənib dəstək olanlarla yanaşı, səni hətta səhnə mədəniyyətinin olmamasında ittiham edənlər var. Xüsusilə oxuyarkən etdiyin jest-göz vurmağın birmənalı qarşılanmadı...

- Doğrudur. Amma mən elə insanam ki, pisi və yaxşını olduğu kimi qarşılayıram. Bu insanların öz fikridir. Kimsə məni sevməyə, bəyənməyə məcbur deyil. Qızlarla söhbətim zamanı deyirəm ki, adi hicabda şəkil paylaşsam belə, mütləq çıxıb nəsə deyən olacaq. Ona pis fikir yazan olacaq. Çünki, əksi mümkün deyil. Hamı fərqli düşünür. Hamı bir nəfəri sevə bilməz. Amma o göz vurmağa qalanda, indi məndə kompleks yaranıb, artıq göz vurmaq alınmır (gülür).

İndi oxuya-oxuya onu edəndə utanıram, alınmır. Mən bilərəkdən göz vurmamışam. Axı otaqda təkcə özüm idim, sərbəst idim. Məni tanıyanlar deyir ki, qınayanlar səni tanımır deyə elə düşünürlər. Özüm sərbəst, tək, içimdən necə gəlib elə də etmişəm.

Sadəliyi sevən insanam, bəlkə də ondan irəli gəlir. Çünki necə varamsa, elə oxumuşam, öz aləmimdə. Amma bir şey var ki, kamera görəndə çox həyəcanlanıram. Elə buna görə deyirəm ki, ölkənin xaricdə təmsil olunmasını boynuma götürmərəm heç vaxt.

 

- Həyəcanlandığından dolayı Azərbaycanı xaricdə təmsil etmək istəmədiyini deyirsən. Amma nəzərə al ki, səhnə hər yerdə səhnədir...

- Doğrudur, bəlkə də zamanla alışacam, öyrənəcəm. Məşqlərdə olduğum kimiyəm. Amma kamera qarşısına çıxan kimi özümü itirirəm, həyəcanlanıram.

 

- Niyə məhz “Üzü küləyə”? İndiki gənclər məşhurlaşmaq üçün daha çox pop musiqilərinə üstünlük verir. Bu mahnının sənin üçün özəlliyi varmı?

- Bəli, bu mahnının məndə özəl yeri var. Elə universitet vaxtından oxuyurdum. Çox sevdiyim mahnılardandır. Yəni çalışıram həmişə ürəyimə yatan, sevdiyim mahnını ifa edim. Düzü heç bilməzdim ki, bu mahnı bu qədər məşhurlaşar, sevilər. Gözləmədiyim bir reaksiya gəldi. Əslində düz deyirsiniz gənclərin nəbzini tutmaq üçün pop musiqilərinə üstünlük verilir. Amma “Üzü küləyə”ni sevənlərin, bəyənənələrin çoxu elə gənclərdir. Bəyənib yazanların da çoxu gənclərdir, mən özüm şok oluram reaksiyalardan. Əksəriyyət bu mahnını onlara sevdirdiyimi deyir. Təbii ki, bunları eşitmək çox xoşdur.

- Videonu paylaşmazdan əvvəl televiziyada hansısa verilişi izləyərkən orda qonaq olmaq bəlkə də yuxu kimi gəlirdi sənə. Bu gün həmin yuxun gerçək olub...

- Məndə bilirsiniz necədir... Mənim hisslərim güclüdür. Elə bil, öncədən hisslər gəlir mənə. Hiss etdiyim gerçək olur. Məsələn, “O səs Türkiyə” və qatıldığım digər yarışmalarda həmişə özümü o səhnədə görmüşəm. Oturub baxırdım, öz-özümə deyirdim ki, mən orda olsam belə edərdim, bu yerin belə oxuyardım. Atam da həmişə fikir vermirdi mənə. Mən nəsə deyəndə, deyirdi “başladı yenə özü üçün danışmağa, təsəvvür etməyə, qurmağa, yaratmağa”. Dediklərim real olanda da deyir ki, “mən deyirəm bu qız boş-boş danışır, amma sonra gedir nə isə edir”.

Ailədə məndən böyük bir qardaşım var. Valideynlərim də, qardaşım da mənə dəstəkdir. Onlar uşaq vaxtından mənə dəstəkdirlər. Anam 4 yaşım olanda aparıb məni Oqtay Zülfüqarovun yanına. Ona görə ailə sarıdan heç bir problemim yoxdur.

- Sənin kimi gənclərə bir mesajın varmı? Yəni heç düşünürsənmi ki, əslində dağa-daşa çıxmağa dəyməzmiş. Hər şey bir paylaşım qədər asan imiş...

- Deməzdim. Hərənin şansı bir yerdə gətirir. Məsələn, Türkiyədə İlyas Yalçıntaş müsabiqədən çıxıb. Onun şansı müsabiqəylə bağlı olub. Əslində müsabiqələrdə birinci olmaq da şərt deyil. Əsas özünü göstərə biləsən.



- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakultəsini bitirmisən. Dəvət almısanmı hansısa filmə?

-Dəvət almışam, amma getməmişəm. Bu aralar da dəvətlər artıb. Bundan sonra fikirləşirəm. Dost-tanışlarımın əksəriyyəti aktyor, rejissorlardır, onlar məni dəvət edir.

-Səmimi cavab alacağıma inandığım bir sual vermək istəyirəm. Son bir neçə gündür ki, bir zənglə, bir mesajla redaksiyalarda olursan, verilişlərə dəvət alırsan. İndi gördüyüm Çinarə 1-2 il sonra arzuladığı məşhurluq pilləsində olanda da bir zəng qədər yaxın olacaqmı bizə?

- Bilmirəm ki... (gülür). Bu elə bir sualdır ki, cavabımda böyük-böyük danışmaq istəmirəm. Bilirsiniz niyə? Yaşamadan bilmirəm nə ola bilər. Deyə bilərəm ki, yox, hər gün burda olacam, yadıma salacam sizi. Birdən ola bilmərəm... Amma mənə qalsa, Allah ağlımı almasa, mən istəyərəm ki, necə varamsa, elə qalım. Çünki, neçə ildir dəyişməmişəm. 26 yaşım var, istəyərəm ki, bundan sonra da dəyişməyim, sadəliyim qalsın. Amma bilirsiniz, indiki məqamda müğənniləri qınamıram. Mən yenicə tanınmağa başlamışam. İnanın hər gün neçə zənglər, mesajlar alıram. Hamısını cavablandırmağa çalışıram. Amma çatdıra bilmirəm. Birinə cavab yazırsan, başqa suala keçir. Ona görə qınamıram müğənniləri, vaxtları olmur.

- Deyəsən, indidən özünə bəraət qazandırırsan?

- Yox, qətiyyən (gülür). İndi-indi müğənniləri başa düşməyə başlamışam ki, niyə bəzən müraciətlərə cavab vermirlər.

- Subaysan, həyatının dəyişim nöqtəsindəsən. Birdən sevdiyin insan qarşına çıxıb desə ki, elə başladığın kimi də bitir kariyeranı. Hansı addımı atarsan?

- Bilirsiniz bu barədə danışmaq istəmirəm. Ümumiyyətlə şəxsi həyat barəsində danışmağı xoşlamıram. Amma sözün düzünə qalsa, bir şeyi deyə bilərəm ki, mən ailəmə bağlı biriyəm, ailəcanlıyam. Ailə dəyərləri mənim üçün hər şeydən önəmlidir. Amma konkret belə bir şeyi düşünmürəm. Çünki həyatımda kimsə yoxdur. Amma çox istəyərəm ki, sənətimi davam etdirim.

- Qarşıdakı planların nədir?

- Planlarım odur ki, son günlər insanlar tərəfindən sevilən mahnıları və bir də şəxsi mahnılarımı yazdırım. Zamanla disk çıxara bilərəm. Hazırda həddindən çox təkliflər gəlir. Ona görə seçim qarşısındayam. Bilmirəm hansına qərar verim. Elə bir yoldayam ki, real, doğru olanına qərar vermək lazımdır. Yaxın dostum, jurnalist Hacıbəy Heydərli bu işdə mənə kömək edir.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir