Modern.az

Bu il sahibkarlara 122 milyon manat güzəştli kredit verilib

Bu il sahibkarlara 122 milyon manat güzəştli kredit verilib

13 Oktyabr 2016, 20:57

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə bu gün Şabran rayonunda işgüzar forum keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, işgüzar forumda 90-a yaxın sahibkar iştirak edib. Sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Şabranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Forum çərçivəsində rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Forumda çıxış edən fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1843 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 mln. manat güzəştli kredit verilib. Ş.Abdullayevin sözlərinə görə, bugünədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2277 investisiya layihəsinin maliyyələşdirilməsinə 183,7 mln. manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 46 sahibkara 633 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, tərəvəzçilik, bağçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Şabranda güzəştli kredit ayrılan, tutumu 10 min ton olan logistik mərkəzə baxış keçirilib. Ümumilikdə tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına indiyədək 162,6 mln. manat güzəştli kredit verilib. Bu logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanmasında mühüm rol oynayır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi