Modern.az

“Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasını düzgün saymıram”

“Heydər Əliyevin səsinin telefon zənginə qoyulmasını düzgün saymıram”

Parlament

14 Oktyabr 2016, 12:29

“Təqribən bir il əvvəl “Reklam haqqında” qanuna edilən dəyişiklikdən sonra telefonlarımıza reklam xarakterli icazəsiz bezdirici sms-lər gəlməsi sahəsində böyük dəyişiklik oldu. Artıq mobil operatorlar əhali ilə daha ehtiyatla davranırlar”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında millət vəkili Elmira Axundova deyib.

Deputat bəzi avtomobillərin arxa şüşələrinə Heydər Əlyievin imzasının həkk edildiyini söyləyib, bu kimi hallara son qoyulması üçün addımlar atılmasını istəyib:

“Son zamanlar xoşagəlməz tendensiya əmələ gəlib və yayılmaqdadır. Söhbət bizə müqəddəs olan dövlət himninin, ifadələrin, məsələn, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin müəyyən vəsait ödəmək müqabilində zəng əvəzinə yüklənməsindən gedir. Bu günlərdə isə mən sosial mediada paylaşılan və tənqid hədəfinə çevrilən yeni bir mənzərənin şahidi olmuşam. Adi bir vətəndaşın maşınının arxa kapotunda Heydər Əliyevin tipoqrafiya üsulu ilə hazırlanmış böyük həcmli imzası həkk olunub. Həmçinin şəhərdə dəfələrlə maşınların qapısında, arxa şüşəsində bu cür imzalara rast gəlinir.

Vaxtilə rus şairi Yevqeniy Yevtuşenkonun məşhur bir şerində belə bir ifadə var idi: “Uberite Lenina s deneq”. Yadınızdadırsa 10 və 25 rublda Leninin profili həkk olunmuşdu. Şair də buna qarşı çıxırdı.

Mən də xahiş edirəm ki, ölkədə baş verən bu xoşagəlməz tendensiyaya son qoyaq, müqəddəs olan sözləri, ifadələri ucuz qiymətlərə satmayaq. Çox xahiş edirəm ki, Heydər Əliyevin imzasını maşınların kapot, qapı və pəncərələrindən yığışdıraq. Axı, Heydər Əliyevə məhəbbət sözdə yox, əməldə olmalıdır.

Mən Heydər Əliyevi heç də digərlərindən az sevmirəm, sağlığında o mənə vəfalı dostum deyərdi, bununla da həqiqətən fəxr edirəm, ölümündən sonra isə düz 12 il onun əziz xatirəsi ilə yaşamışam, onun barəsində onlarca kitab yazmıram. Amma mən nə onun səsini zəng əvəzinə heç vaxt telefonuma yükləməyəcəm,  nə də imzasını maşının kapotuna yapışdırmayacam. Çünki Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Çünki söhbət o yerə gəlib çatıb ki, bu şəkli mənə bir diplomat göndərərək, soruşur: sizin DYP hara baxır. Ona görə bir daha xahiş edirəm aidiyyəti qurumlar müvafiq tədbirlər görsünlər və bu xoşagəlməz halları aradan qaldırsınlar”.


 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır