Modern.az

Afrika Krallarının Kralı Müəmmər Qəddafi kimdir?

Afrika Krallarının Kralı Müəmmər Qəddafi kimdir?

22 Fevral 2011, 11:27

Liviya lideri: "Xalqın əllərinə hakimiyyət, zənginlik və silah verilməlidir"

Son günlər dünya mediasının gündəmindən düşməyən Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin lideri polkovnik Müəmmər Qəddafinin hakimiyyətdən gedib-getməyəcəyi məsələsi maraqla izlənilir. Qəddafi kimdir?
“Xalqın əllərinə hakimiyyət, zənginlik və silah verilməlidir" – bunu vaxtilə indi istefası tələb olunan Liviya lideri söyləmişdi. Nəhayət, ölkəsinin şəriksiz lideri Müəmmər Qəddafinin nə vaxtsa və yəqin ki, qeyri-səmimi söylədiyi bu fikir gerçəkləşməyə başlayır. Özünü Afrika Krallarının Kralı adlandıran Qəddafi hakimiyyətinin 42-ci ilini gözlənilməz və arzuolunmaz hadisələrlə yaşayır.

Müəmmər Qəddafi 1942-ci ilin iyunun 7-də Sirtdə anadan olub. Məktəb illərindən siyasətə böyük maraq göstərib. Hətta o illərdə müstəmləkə siyasətinə qarşı İtaliyada fəaliyyət göstərən gizli təşkilatların fəal üzvlərindən olub. 1965-ci ildə Qəddafi Benqazidəki hərbi kolleci bitirərək leytenant rütbəsi alır. Daha sonra təhsilini və hazırlıq səviyyəsini artırmaq üçün Böyük Britaniyada Hərbi Akademiyaya daxil olur və 1967-ci ildə kapitan rütbəsini daşıyır. O, ilk populyarlığını da elə həmin il qazanır. 1967-ci ildəki altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Misir lideri Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurlaşır.

Müəmmər Qəddafi 1969-cu ildə dövlət çevrilişi etmək üçün xüsusi olaraq "Əl-Qüds" planını hazırlayır. Bu planın icrası bir neçə dəfə təxirə düşür. Nəhayət, kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edərək, 1 sentyabr 1969-cu il tarixində "Azad vahid-sosialist zabitlər təşkilatı" üzvlərinin tabeliyində olan hərbi birləşmələr kapitan Qəddafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında Benqazi, Tripoli və ölkənin digər şəhərlərində hərəkətə keçir. Onlar qısa müddət ərzində əsas hərbi və dövlət obyektləri üzərində nəzarəti ələ alırlar, ölkədəki Amerika hərbi bazalarına gedən yolları bağlayırlar və gecə saat 02:30-da başlayan əməliyyat cəmi 2 saat ərzində uğurla başa çatdırılır. Gecə saat 4-də radiostansiya ələ keçirilir və buradan məşhur "1 №-li Kommünike" efirdə səsləndirilir. Verilən ilk qərarlardan biri təbii ki, monarxiyanın ləğv edilməsi olur, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edilir və ölkə Liviya Ərəb Respublikası adlandırılır. Qəddafinin ilk digər qərarlarından biri də xarici təşkilatlara dəyməmək şərtilə İngiltərə, ABŞ, İtaliya hərbi bazalarının, nefti inhisara almış şirkətlərin ölkədən çıxarılması olur. O, öz ölkəsində ümumiyyətlə qərb atributlarının silinməsinə çalışır.

Böyük iddiaların sahibi olan Müəmmər Qəddafi hakimiyyəti ələ keçirdikdən dərhal sonra panərəbizm ideyalarını gerçəkləşdirmək üçün Liviyanı qonşu ərəb ölkələri ilə birləşdirmək istiqamətində fəaliyyətə başlayır. 27 dekabr 1969-cu ildə Tripolidə Qəddafi, Misir prezidenti Camal Əbdül Nasir və Sudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirilir və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən "Tripoli xartiyası" imzalanır. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalanır, lakin onun yaradılması 2 avqust 1971-ci ildə elan edilir. Növbəti il müqavilə hər üç ölkədə referendum yolu ilə qəbul olunur, vahid dövlətin bayrağı və gerbi təsdiq edilir. Lakin, rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv olunur.

Qəddafi Liviyanı Cəmahiriyyə, yəni "xalqın hakimiyyəti" adlandırır. 1977-ci ildən isə dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanır.Qanunverici orqan Ümumxalq Konqresi, icraedici isə Ali Xalq Komitəsi olur.

Müəmmər Qəddafi qərb ölkələri tərəfindən diktator kimi qəbul olunur.

Hakimiyyətinin ilk illərində bir dəfə də olsun edam cəzasının tətbiq olunmasına baxmayaraq ona qarşı çıxan adamlardan istər ölkə daxilində, istər də xaricdə qisas alır, dünyada böyük əks-səda yaradan qətllər törədir və bu haqda hətta açıq bəyanatlar verməkdən də çəkinmir: "Mənim xalqım düşmənini öz ölkəsində olduğu kimi, xaricdə də cəzalandırmağa qadirdir. Hətta günün gündüz çağında da".

1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvətinə əsasən iki tərəfdaşının müşayiəti ilə bu ölkəyə gələn Livan şiələrinin rəhbəri, "Amal" hərəkatının banisi imam Musa əl-Sədr müəmmalı şəkildə yoxa çıxır. Livan məhkəməsi adam qaçırma məqsədilə əlbir olma və qanunsuz azadlıqdan məhrum etmə ittihamları ilə Qəddafinin həbsinə dair qərar çıxarır. Lakin Liviya tərəfi bütün ittihamları rədd edərək həmin üç nəfərin İtaliyaya getmək məqsədilə Liviyadan ayrıldıqlarını iddia edir. 1978-1979-cu illərin Uqanda-Tanzaniya müharibəsi zamanı Müəmmər Qəddafi 2500 Liviya hərbçisini Uqanda diktatoru İdi Aminə yardım üçün göndərir.

22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil edir, 1980-ci illərin əvvəlində isə Liviya rejimini ən az 45 ölkənin daxili işlərinə qarışmaqda ittiham edir.Qəddafi isə “Washington Post” qəzetinə verdiyi müsahibədə terrorçuları deyil, milli azadlıq hərəkatlarını dəstəklədiyini bildirir. Həmin müsahibədə o, Nelson Mandelanı və sonradan Namibiya prezidenti olmuş Sem Nuyomanı, həmçinin Fələstin Azadlıq Təşkilatını dəstəklədiyini qeyd edərək indi həmin şəxslərin Ağ Evdə rəsmi qəbul edilməsinə baxmayaraq, özünün hələ də terrorçu hesab edilməsindən gileylənmişdi.

Monarxiya quruluşunu devirərkən irəli sürdüyü üçüncü dünya nəzəriyyəsinin, siyasi konsepsiyasının və şəxsi fikirlərinin əks olunduğu, Qəddafinin qələmə aldığı üç cildlik  “Yaşıl kitab” əsəri Liviyanın baş kitabı sayılır və o arzulayır ki, müəllifi olduğu bu kitab bəşəriyyətin yeni Bibliyası kimi qəbul olunsun.

Qəddafinin ölkəsi qarşısında ən böyük xidmətlərindən biri odur ki, o, İtaliyanın 1911-1947-ci illərdə müstəmləkəsi olan Liviyadan üzr istəyib əvəzində təzminat ödəməsinə nail olub.

Müəəmmər Qəddafi birinci dəfə Fəthiyə Nuri Xalidlə evlənir. Bu nigahdan onun Məhəmməd adlı oğlu olur. Ancaq onun bu nigahı uzun çəkmir. O ikinci dəfə tibb bacısı işləyən Səfiyə Farkaşla ailə qurur. Bu nigahdan isə beş oğlu və bir qızı olur.

Ədəbiyyata xüsusi maraq göstərən Qəddafi Tolstoyun əsərlərinə tez-tez müraciət edir, Şekspir haqqında isə onun ərəb imiqrantı, əsl adının isə şeyx Zübeyr olduğunu söyləyir.

Geyiminə, xarici görkəminə böyük diqqətlə yanaşan, xüsusilə müxtəlif hərbi libaslarda tez-tez görünən Qəddafi İslam dininin bütün qaydalarına ciddi riayət edir. Siqaret çəkmir, spitli içki qəbul etmir. Ancaq yaraşıqlı və yaşanmış illərin hamısını göstərməmək üçün kosmetikadan istifadə edir.

Uzun müddətdir ki, Qəddafinin yanında bir ukraynalı sarışın xanım da çalışır. Tibb bacısı olan bu qadının Qəddafi ilə hədsiz dərəcədə yaxın münasibətləri olduğu söylənilir. 38 yaşlı Qalina Kolonitskaya Qəddafi ilə o qədər yaxındır ki, Liviya rəhbəri xarici ölkələrə gedəndə də onu özü ilə aparır.

Hündürlüyü sevməyən Müəmmər Qəddafi bu günə qədər çadırda yaşayır. Maraqlısı budur ki, o, xarici dövlətlərdə rəsmi səfərlərdə olanda da ona cadır qurulur. Artıq buna heç təəccüblə də baxmırlar. Hamı bilir ki, qurulan çadırın müəllifi 1969-cu ildən Liviyanın lideri olan Müəmmər Qəddafidir. Ancaq ən maraqlısı budur ki, bu gün Liviyada yüzlərlə insana qurulan çadırların müəllifi kimdir?

 

 

 

 

 


Azər Qardaşlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?