Modern.az

Çovdarov öz həmkarlarına da qənim kəsilibmiş

Çovdarov öz həmkarlarına da qənim kəsilibmiş

16 Oktyabr 2016, 20:52

Akif Çovdarovun qurbanlarının sayı hər ötən gün artır. Bunu istintaq orqanlarına müraciət edən və zərərçəkmiş kimi tanınan şəxslərin ifadələri təsdiq edir. Bu şəxslər arasında iş adamlarının, dövlət məmurlarının da adı yer alır. Həmin şəxslər müxtəlif səbəblərə görə Çovdarovun qəzəbinə tuş gəliblər. General daha çox tamah məqsədi ilə zərərçəkmişlərə hədə-qorxu gələrək onlardan külli miqdarda pul alıb.

 

Zərərçəkmiş şəxslər siyahısında yer alanlardan birinin başına gələnlər isə daha ilginc və digər epizodlardan bir az fərqlidir. Bu zərərçəkmiş Çovdarovun kürəkəninə iş otağı vermədiyi, ona lazımi diqqəti göstərmədiyi üçün özü də bilmədən bir müddət sonra “qurbanlar” siyasına düşüb. Bu şəxs həmçinin MTN-nin sabiq idarə rəisidir…

 

Modern.az saytı xəbər verir ki, Musavat.com-un məlumatına görə, ləğv edilmiş MTN-in generalı Akif Çovdarov onun şəxsi istəklərini yerinə yetirməyən həmkarının qısa zaman ərzində gününü qara etməyi bacarıb. Əvvəlcə onu MTN-dən kənarlaşdırıb, ardınca isə 300 min dollar tələb edib.

 

MTN-nin zərərçəkmiş idarə rəisi kimdir?

 

İstintaq orqanları tərəfindən zərərçəkmiş şəxs kimi tanınan şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Aşurbəyov İlqar Əziz oğludur. İlqar Aşurbəyov ifadəsində göstərib ki, 1988-2004-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

 

2004-cü ildə MTN-də polkovnik-leytenant rütbəsi ilə xidmətə davam edib. 2009-cu ilə kimi həmin nazirlikdə çalışıb. 2004-cü ilin sonlarında nazirliyin Əkskəşfiyyat İdarəsinin Aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin olunub. Həmin dövrdə struktur dəyişikliyi ilə əlaqədar 2008-ci ilin oktyabr ayında Aviasiya İdarəsinin rəisi vəzifəsini icra etməyə başlayıb. Xidməti ərazisi isə Bakıda Hava limanı olub. 2009-cu ildə özünün də bilmədiyi səbəbdən sərəncama götürülüb.

 

Polkovnik-leytenantın qara günləri necə başlayıb?

 

İlqar Aşurbəyov ifadəsində bildirib ki, Aviasiya İdarəsinin rəisi vəzifəsini icra edəndə həmin dövrdə Anti-terror mərkəzinin rəis müavini vəzifəsində işləyən Akif Çovdarovun kürəkəni onun idarəsinə təyinat alıb. A.Çovdarovun kürəkəni Rəşad Əmircanov Aviasiya İdarəsinə əməliyyat müvəkkili olaraq göndərilib.

 

Akif Çovdarovun kürəkəninə həmin idarədə yer təşkil etməyən İlqar Aşurbəyov sonradan başına gələcəklərdən xəbərsiz olub.

 

Aşurbəyovun ifadəsindən: “İdarənin Hava limanında yerləşən ərazisində boş xidməti otaq və avadanlıq olmadığı üçün mən həmin əməkdaşı nazirliyin inzibati binasındakı otaqda oturmağı tapşırdım. Akif Çovdarov bununla bağlı zəng edərək mənə öz narazılığını bildirdi. 2009-cu ilin 19 mart tarixində bilmədiyim bir səbəbə görə birdən-birə sərəncama götürüldüm”.

 

Sabiq idarə rəisi sərəncama götürülərkən həmin dövrdə Akif Çovdarov 6-cı Baş İdarənin rəisi təyin olunmuşdu. Ardınca isə Aşurbəyovun rəhbərlik etdiyi idarə Çovdarovun idarəsinin tabeliyinə verilmişdi. Elə bununla da Aşurbəyovun qara günləri və MTN-dən kənarlaşdırılması prosesi başlayıb.

 

Aşurbəyovu qorxudan zəng...

 

“Artıq başa düşdüm ki, Akif Çovdarov kürəkəninə yer verə bilmədiyim üçün mənimlə prinsip aparır. Elə sərəncama götürülməyim də bununla bağlıdır. Sərəncama götürüldükdən təxminən 1-2 ay sonra -  2009-cu ilin aprel-may aylarında Akif Çovdarovun adından mənə zəng gəldi. Heç bir səbəb deyilmədən təcili MTN-nin inzibati binasına çağırıldım. Akif Çovdarovun qəbul otağında bir müddət gözlədikdən sonra köməkçisi Rövşən Ədilovun məruzəsi ilə Akif Çovdarovun qəbulunda oldum”- deyə Aşurbəyov vəzifədən kənarlaşdırıldıqdan sonra Çovdarovla baş tutan ilk görüşü haqda danışarkən deyib.

 

Çovdarov: “Kürəkənimlə düzgün davransaydın...”

 

Aşurbəyovun şübhələri bu görüş zamanı öz təsdiqini tapıb. Beləliklə, Çovdarovun kabinaetinə daxil olan Aşurbəyov hansı səbəbdən işdən çıxarıldığını öyrənib. Həm də kobud şəkildə.

İlqar Aşurbəyov ifadəsində bildirib ki, Akif Çovdarov ona kürəkəni ilə düzgün davranmadığını irad bildirib və kobud şəkildə tam olaraq belə deyib: “Sən özünü apara bilmədin. Mənim pulum pulundan çoxdur, dostum dostundan çoxdur, gücüm gücündən böyükdür. Sən, əgər, mənim kürəkənimlə düzgün davransaydın, bu gün belə bir vəziyyətdə olmazdın”.

Aşurbəyov ifadəsinə əlavə edib ki, başına gələnlər təkcə Çovdarovdan danlaq eşitməsi ilə yekunlaşmayıb.

 

Çovdarovun sevimli rəqəmi- 300 min...

 

A.Çovdarov sözünün davamında Aşurbəyovun “cəzası”na əlavə olaraq 300 min dollar da əlavə edib. Xatırladaq ki, Çovdarovun “pul cəzası” əksər epizodlarda 300 min olaraq istintaq materiallarında qeyd edilib. Elə Tağı Əhmədovdan istənildiyi kimi...

 

“Stolun üstündə olan kağıza yazmaqla və bir başa özümə deməklə 300 min dollar verməyimi tələb etdi. Pulu verməyəcəyim halda həbs ediləcəyimi söylədi. Mən isə imkanım olmadığını dedim. Çovdarov dedi ki, “get, atandan al, onda var”. Həmin dövrdə atam Bakı şəhərində “Passaj” bazarının səhmdarlarından biri idi” - deyə sabiq rəis başına gələnləri danışarkən bildirib.

 

Akif Çovdarov həmin pulu təcili olaraq bir həftə ərzində çatdırmasını Aşurbəyova tapşırıb.

Vəziyyətin ciddiliyini başa düşən Aşurbəyov Çovdarovun qəzəbindən xilas olmaq üçün başına gələnləri atasına danışıb və istənilən məbləği ödəmək üçün kömək istəyib. 1-2 gün ərzində atasının hazırladığı 175 min dolları şəxsən özü MTN-ə gətirərək Akif Çovdarova təhvil verib.

Aşurbəyov ifadəsində qeyd edib ki, içərində 175 min dollar olan paketlə Çovdarovun otağına daxil olarkən köməkçisi Rövşən Ədliov da onu görüb.

 

Aşurbəyov vaxt istəsə də Çovdarov razılaşmayıb

 

175 min dolları Çovdarova təhvil verən Aşurbəyov məbləğin qalan hissəsini də ödəmək üçün vaxt istəyib. Bu dəfə də Çovdarovun cavabı sərt olub.

 

Həmin cavabla bağlı Aşurbəyovun istintaq ifadədən: “Akif Çovdarov dedi, “mən bilmirəm, təcili qalan pulu da bir neçə günə düzəlt gətir. Pulu köməkçim Rövşənə verərsən””. 

Aşurbəyov qalan məbləği tapa bilmədiyi üçün qayınatası Kərimov Əflatuna müraciət edib və ondan 50 min dolar alıb. Qalan 75 min dolları isə yenidən atasından istəyib. 125 mini düzəldən Aşurbəyov təxminən 15 gün sonra qardaşı Kamranla birlikdə MTN-nə gedib. Yolda Çovdarovun köməkçisi Rövşənlə əlaqə saxlayıb və MTN-nin arxa hissəsində görüşüblər. Aşurbəyov gətirdiyi 125 min dolları Rövşən Ədilova təqdim edib.

 

Çovdarovun xofu Aşurbəyovu şikayət etməkdən də çəkindirib

 

Sabiq idarə rəisi başına gələnləri 2015-ci ilin oktyabr ayında “MTN əməliyyatı”ndan sonra istintaq orqanlarına danışmaq istəyib. Səbəb olaraq isə göstərib ki, ailə üzvləri yenə həmin stressi və həyəcanı yaşamaq istəmədikləri üçün onu bu fikrindən daşındırıblar.

 

Aşurbəyov ifadəsində qeyd edib ki, o, başına gələn qanunsuzluqlarla barışa bilmədiyi üçün 2016-cı ilin may ayında Baş Prokurorluğa müraciət etdiyini söyləyib.

 

Çovdarovun köməkçisi olanları təsdiq edib

 

Bu işdə adı hallanan Çovdarovun köməkçisi Rövşən Ədilov ifadəsində olanları təsdiq edib. O, ifadəsində qeyd edib ki, MTN-nin arxa hissəsində, MTN polklinikası yerləşən tərəfdə içində pul olduğunu düşündüyü paketi Aşurbəyovdan alaraq Akif Çovdarovun otağına apararaq ona təqdim edib.

 

Rövşən Ədilov ifadəsində MTN-dəki vəzifəsindən də danışıb. Bildirib ki, 2008-ci ildə MTN-in Anti-terror mərkəzində xidmətə başlayıb. 2009-cu ilin əvvəllərində 6-cı Baş İdarə yarandıqda həmin Baş İdarənin Məlumat-təhlil Şöbəsində xidmətini davam etdirib. 2001-ci ilə qədər həmin şöbədə çalışıb. Həmin illər ərzində Akif Çovdrovun qəbul otağında olub.

R.Ədilov zərərçəkmiş Aşurbəyovu 2009-cu ildən tanıdığını bildirib. O, Aşurbəyovun Çovdarovun otağına gəlməsi və ilk dəfə ona 175 min dollar verməsini uzun zaman keçdiyinə görə xatırlamadığını deyib.

 

“Pulları atam uzun illər bazardan qazanmışdı”

 

Zərərçəkmiş Aşurbəyovun qardaşı Kamran Aşurbəyov da istintaqda şahid qismində ifadə verib. O, qardaşının bilmədikləri səbəbə görə sərəncama götürüldüyünü, daha sonra Akif Çovdarovun ondan 300 min dollar tələb etdiyini bildirib.

 

Heç bir yerdə işləmədiyini deyən Kamran Aşurbəyov rəhmətlik atasının 50 ilə yaxın “Passaj” bazarının müdiri olduğunu deyib və bu müddət ərzində də atasının işlərinə yardımçı olduğunu qeyd edib.

 

K.Aşurbəyov istintaqa bildirib ki, bazar özəlləşdirilərkən pay hissələrini satıblar. Zərərçəkmişin qardaşı Akif Çovdarova verilən 250 min dolları atasının uzun illər bazardan qazandığını deyib.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir