Modern.az

Almaniyalı alim aprel döyüşləri haqda kitab yazdı

Almaniyalı alim aprel döyüşləri haqda kitab yazdı

Aktual

17 Oktyabr 2016, 10:50

Dr. Mixael Raynhard Hess “2016-ci ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır.” 

 

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Dr. Mixael Raynhard Hessin “Verlag Dr. Köster” nəşriyyatında “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində işıq üzə görmüşdür.

 

Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında kitabda yer almışdır.

 

Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, Dr. Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırmış, Ermənistanın hökumət üzvlərinin, xüsusi ilə Prezident S. Sarqsyanın Xocalı qırğınının iştirakçısı olması faktlarını qeyd etmişdir.

 

Həmçinin alman müəllif erməni diasporasının Azərbaycana qarşı ərazi iddialarının iştirakçısı olması, eləcə “əslən ABŞ-dan olan və “özünü qisasçı adlandıran” Monte Melkonyanın timsalında” bəzi erməni diasporası üzvlərinin Azərbaycan torpaqlarının işğalı zamanı döyüşlərdə iştirak etmələrini” ayrıca yarımfəsil şəklində Avropa oxucularının diqqətinə çatdırmışdır.

 

Dr. Hess münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, “münaqişənin həllində qaçılmaz ilk şərt bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa zidd işğal etdiyi əraziləri Azərbaycana geri qaytarsın. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların “vətənə dönüş hüququ” təmin olunmalıdır.”

 

Müəllif nəticə hissəsində yazır ki, “2016-ci ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır.”

 

Poliqlot alim Dr. Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı regionun arxivlərindəki azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə etmişdir. Cari ilin aprel ayında qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozması nəticəsində baş verən döyüşlərdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yenidən daha qabarıq formada həmçinin Avropada, o cümlədən Almaniyada (AFR 2016-cı ildə ATƏT-ə sədrlik edir) ictimaiyyət və mətbuatın diqqətinə gəlmişdir. Döyüş əməliyyatları ilə yanaşı informasiya mübarizəsinin də önəmi artmışdır. Bu kontekstdə Dr. Hessin alman dilində olan kitabının Aprel hadisələrindən sonra Avropada əcnəbi alim tərəfindən Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yazılmış ilk kitabdır.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür