Modern.az

“Məhz 18 oktyabr günü YUNESKO-da Sovet vətəndaşlığından imtina etdim” - MÜSAHİBƏ

“Məhz 18 oktyabr günü YUNESKO-da Sovet vətəndaşlığından imtina etdim” - MÜSAHİBƏ

Mədəni̇yyət

18 Oktyabr 2016, 09:36

Görkəmli diplomat, ictimai xadim, Müstəqil Azərbaycanı YUNESKO-da təmsil etmiş, Fransanın “Fəxri legion”, Rusiyanın “Puşkin” medallarına, Azərbaycanda Prezident təqaüdünə layiq görülmüş Ramiz Abutalıbov Modern.az saytının suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.

 

- Ramiz müəllim, 10 gündən sonra, yəni 27 oktyabrda 79 yaşınızı qeyd edəcəksiniz. Biz də sizi öncədən təbrik edir, daha da uzun ömür arzu edirik. Necəsiniz, bu yaşda özünüzü necə hiss edirsiniz?

 - Bəli, artıq 79 yaşımın tamam olmasına sayılı günlər qalır. Şükür Allaha? özümü yaxşı hiss edirəm. Allahın verdiyi ömürü yaşayıram. Amma artıq yaş da öz sözünü deyir.

 

 - Oktyabrın 6-da Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görüldünüz. Bu sərəncamı uzun illər ərzində Azərbaycan üçün etdiyiniz xidmətlərə verilən dəyərlərdən biri kimi qəbul etmək olarmı?

 - Bəli, cənab Prezidentin fərdi təqaüdünə layiq görülmək mənim üçün böyük şərəfdir və diqqətdir.

Prezidentin bu cür qiyməti adama daha da yaxşı əhval-ruhiyə verir. Hələ qarşıda çox planlarım var. Görək də, Allah ömür versə, həyata keçirəcəyəm.

 - Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə iki vacib film ekranlaşdırılıb. Bunlardan biri sizin baş məsləhətçisi olduğunuz “Əbədi ezamiyyət”, digəri isə “Əli və Nino”dur. Bu günlərdə “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda nümayiş etdirildi. Bu filmi tarixi və incəsənət baxımından necə dəyərləndirirsiniz?

- “Əbədi ezamiyyət” yarı sənədli filmdir. “Əli və Nino” isə bədii filmdir. Hələ “Əli və Nino” filminə baxmamışam. Amma romanı oxumuşam. “Əli və Nino” kimi tarixi bir romana film çəkilməsini, ekranlaşdırılmasını çox yüksək qiymətləndirirəm.

Bu roman 1937-ci ldə qələmə alınıb. Bakıda olan demək olar ki, bütün avropalılar bu əsəri oxuyub.

Çünki 90-cı illərdə Bakıya gəzməyə və işləməyə gələn avropalılar “Əli və Nino”nu oxuyub sonra gəlirdilər. Bu romana film çəkilməsi bir növ “Əli və Nino”nu unuldulmaqdan xilas etdi. Həqiqətən də “Əli və Nino” romanı Azərbaycanın, Baknın Avropada bədii simvolu və brendidir.

 

 - “Əli və Nino” romanının müəllifi haqqında ciddi fikir ayrılıqları, mübahisələr gedir. Bəziləri deyir ki, romanı həqiqətən də Qurban Səid adlı yazıçı qələmə alıb. Başqaları düşünür ki, əsər Yusif  Vəzir Çəmənzəminli tərəfindən qələmə alıbnıb, “Qurban Səid” də onun təxəllüsü olub.

Bir başqaları isə romanın xarici bir qadın müəllif tərəfndən yazıldığını iddia edir. Bəs sizin bu məsələdə düşüncələriniz necədir?


  - Düzdür, əvvəllər mən də elə fikirləşirdim ki, “Əli və Nino”nu Çəmənzəminli yazıb. Ancaq sonralar mənə məlum oldu ki, bu romanı Bakı yəhudisi olan bir yazıçı yazıb.

Araşdırmaçıların əksəriyyəti də bu qənaətdədir. Bakıda İbrahim Aslanoğlu adlı iş adamı olmayıb. Bu romanı Bakı yəhudisi olan  Lev Nissimbaum yazıb. O əvəllər təxəllüsünü Əsəd bəy kimi göstərib. Landau, Zorge kimi Nissimbaum da bizim bakılı həmyerlimiz olub.

  

- Ramiz müəlim, bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 25 il ötür. Səhv etmirəmsə siz o zaman, yəni 1991-ci ildə Fransada, YUNESKO-nun katibliyində işləyirdiniz. 1991-ci ilin 18 oktyabr gününü necə xatırlayırsınız? Yadınızda hansısa bir xatirə qalıbmı ?


 - Bəli, səhv etmirsiniz. Mən 1991-ci ilin 18 oktaybrında YUNESKO-nun katibliyində işləyirdim.

Amma o vəzifədə işləyərkən mən Sovet İttifaqının vətəndaşı idim. Mən YUNESKO-nun kadrlar şöbəsinə məktub yazdım və xahiş etdim ki, o gündən – 18 oktyabr tarixindən məni SSRİ vətəndaşı yox, müstəqil Azərbaycan Respublikasının vətəndaşı saysınlar. Qərarın bir nüsxəsini göndərdim kadrlar şöbəsinə. 25 il bundan qabaq, 1991-ci ilin 18 oktyabrında  mən Sovet İttifaqının vətəndaşı kimi yox, Azərbaycan vətəndaşı kimi işləməyə başladım.

18 oktyabr tarixi mənə müstəqilliyimizin bərpası ilə yanaşı, həm də YUNESKO-da Azərbaycan Respublikasının vətəndaşı olmağı nəsib etdi. Artıq həmin gündən mən YUNESKO-dakı vəzifəmdə SSRİ-ni yox, müstəqil Azərbaycanı təmsil etməyə baladım.

 

- Bildiyimiz kimi, sizin baş məsləhətçisi olduğunuz “Əbədi ezamiyyət” filmi 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunan nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir. “Əbədi ezamiyyət” filminin davamı çəkiləcəkmi? Hansısa yeniliklər varmı?

 - Bəli, Allah ömür versə, bu işi davam etdirəcəm. Amma elə də asan deyil axı... Ən azı bir neçə il lazımdır... Çünki yeni sənədlər, materiallar yığılmalı və əldə edilməlidir, qəbirləri tapmaq lazımdır. Bu da ən azı 2 il çəkəcək. Bu filmin davamını çəkmək üçün ən azı 5 il lazımdır.

 

- Qarşıda hansı görməli olduğunuz işlər, yeni planlar var?

- Heydər Əliyev Fodnunun köməyi ilə Əlimərdan bəy Topçubaşovun Paris arxivini 2 cilddə çap etdirmişik. Allah qoysa, səhhətimiz yaxşı olsa, əsas planımız odur ki, bu kitabın 3-cü və 4-cü cildlərini də çap edək. İnşallah, planlarımız odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, yəni 2018-ci ilə qədər bu kitabın 4-cü cildini də buraxaq.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir