Modern.az

“Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın

“Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın

18 Oktyabr 2016, 16:10

Aida Eyvazlı

Dünən də, bu gün də qulaqlarım səsdə, gözüm bayram əhval-ruhiyyəsi axtarmaq həvəsində oldu. Təkcə sosial şəbəkələrdə istifadəçilər bir-birini təbrik edir. Bu gün bir daha mənə elə gəldi ki, 98 il əvvəl bəhrəsini dərdiyimiz Müstəqilliyimizin dadını hələ dərk eləmirik. Doğrudur, 70 il tərkibində ömür sürdüyümüz Sovetlər İttifaqı və rejimi bizə çox dəyərlərimizi unutdurmağa çalışmışdı. Lakin 1991-ci ildə TALE bu fürsəti bizə bir də qismət elədi. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Müstəqillik Aktına imza atdı. Bu günkü müasir Müstəqil Azərbaycanımız Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarından bizə əmanət edilən 1918-ci ildə Şərqdə ilk müstəqillik qazanan Azərbaycan Demokratik Respublikasının varisidir. Sənədləri, arxivləri araşdırıb oxuyanda görürsən ki, 1 əsr bundan əvvəl insanlar bu Vətəni daha çox sevir, dəyərləndirirdilər.

Bilirsiniz nədən qeyzlənmişəm?

Yeni il, Novruz bayramı, Oruclüq bayramlarında məhəllələrimizdə,  küçələrimizdə, evlərimizdə başqa cür şadyanalıq olur. İnsanların üzündən, əhvalından sevinc yağır. Yolda, küçədə, iş yerində, dayanacaqda, marşrutda üz-üzə gələn insanlar bir-birini təbrik edirlər. Ancaq 28 May Respublika günümüzdə , 18 oktyabr Müstəqillik  bayramımızda insanlarımızda, vətəndaşlarımızda bu əhval-ruhiyyənin şahidi olmuruq.  Bu bayramlarımız sanki bir təqvim xarakteri daşıyaraq , əsasən rəsmi qaydada keçirilir. Ayrı-ayrı təşkilatlar, müəssisələr, dövlət orqanları növbəti bayram təqvimi günü kimi borclarını yerinə yetirmiş olurlar. Konsertlər növbəti tədbir planı kimi çəkilib, televiziyalarda nümayiş etdirilir.

Hamımız gözəl bilirik ki,  bu gün 25 yaşı tamam olan  Müstəıqillik tariximiz  də  Azərbaycanın sinəsinə  də qanla yazıldı. Dövlətimizin uğurları ilə bərabər, uğursuzluqları da oldu. Müasir dövlətçiliyimizin ilk illərində ümummilli lider Heydər Əliyev bu işin öhdəsindən bacarıqla gələ bildi. Dəmir iradəsi və liderlik xüsusiyyətləri ilə ölkənin tarixinə şanlı səhifələr yazdı. Həm xaricdən, həm də daxildən dövlət müstəqilliyimizə zərər vuranlara yerini göstərdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də 70 ildən sonra, qazandığımız müstəqilliyimizi qorumaq üçün mücadilələr edir, 5 bir yanımız düşmənlə dolu bir vaxtda, həm də daxilimizdəki dövlətin içərisinə qurd kimi doluşan, onu içindən yeyənlərlə mübarizə aparır. Bu tarixi bir faktdır ki, 1991-ci ildə Müstəqillik Aktına imzanı ancaq 43 deputat atıb. Hətta böyük Rus İmperiyası qarşısında həyatlarını təhlükəyə atmaqdan da çəkinməyiblər. Bu gün demək olar ki, həmin deputatların nə özləri, nə də övladları görünür. Müstəqilliyin nə qədər böyük və gözəl nemət olduğunu anlayandan sonra isə, “peşiman olanlar”, müstəqillik Aktına imza atmayanlar fəaliyyətə başladılar. Demək olar ki, 25 il Müstəqillik tariximizdə “Vətən” , “Dövlət”, “Torpaq” deyib, daha çox özlərini və övladlarını düşündülər. Onların övladlarının əksəriyyəti bu gün Azərbaycandan çox-çox uzaqlardadırlar. Atalarının müstəqillikdən qazandıqları sərvələri hesabına kef edirlər. Sizi inandırım ki, heç Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin bu gözəl bayram günündə sərgilədikləri tədbirlərə də qatılmırlar.

Özbəkistan Respublikasındakı Azərbaycan səfirliyinin 1997-ci ilin iyil ayında baş tutan açılışında Heydər Əliyev də iştirak etmişdi. Bu ölkədəki ilk səfirimiz Özbəkistandakı çox hörmətli və məşhur azərbaycanlımız Aydın Əzimbəyov idi. O, 28 may Respublika gününün dəyərini gözəl bilirdi. Çünki ailəliklə sürgünlərdən çıxmışdılar. Bu bayram münasibəti ilə Daşkənd şəhərinin müxtəlif ali təhsil ocaqlarında oxuyan tələbələri səfirliyə dəvət edir və onlar üçün əsil bayram əhval-ruhiyyəsi yaradırdı. Məqsəd də ondan ibarət idi ki, azərbaycanlılar bir-birindən ayrı düşməsinlər, sevib-seçib, ailə qursunlar. Və təbii ki, həmin bayram tədbirində tanış olan hansısa gənclər bir gün xatirələrini vərəqləyəndə deyəcəklər ki, Biz Azərbaycan Respublikasının Müstəqilliyi günündə tanış olmuşduq. Aydın Əzimbəyovdan sonra, bu ölkədə səfirimiz şərəfli general Namiq Abbsov oldu. Diplomat kimi də öz işinin öhdəsindən layiqincə gəldi. 28 May Respublika günü ərəfəsində, 18 oktyabr günlərində  tələbələri bir araya gətirmək ənənəsini o da davam etdirdi. Səfirliyin həyətində bayram süfrələri qurulur, xonçalar düzülürdü. Və bir də ki, təhsildə, səfirliyin və Azərbaycan diasporunun tədbirlərində fərqlənən gənclərə və kasıb ailələrə SPUTNİK antennası verirdi ki, soydaşlarımız asanlıqla Vətəndə baş verən hadisələrdən xəbər tutsunlar.

Vətən onda Vətən olur ki, onu canından əziz tutasan. Bizim yekə-yekə “kişiləri”miz görün bu müstəqilliyimizdən faydalanaraq, nələr etdilər. İndi qanunsuz yolla tikdirdikləri villaları, imarətləri sökülür. Və məlum olur ki, o milyonları Azərbaycanın müstəqilliyi yolunda canından keçmiş insanların qanı, canı hesabına qazanıblar. Qapılarına gələn şəhid anasını qovub, Qarabağ müharibəsi veteranını təhqir də edirlər. Nə yazıqlar olsun ki, 7 ay bundan əvvəl Vətənizmizə şan-şərəf gətirən, Azərbaycanan 25 il gözlədiyi QƏLƏBƏ sevincini yaşadan 2-5 aprel şəhidlərimizin də ailələrində bu gün artıq problemlər baş alıb getməkdədir. Müstəqilliyimizi “ciblərində” görən məmurlarımız, ordu generallarımız onlara layiq olduğu diqqəti göstərmək istəmir, hətta bəzi infformasiya vasitələrinə şəhid ailələrinin problemlərini qabartmamağı  əmr edirlər.

Nəfsinə güc gələ bilməyən insanların ucbatındandır ki, bu gün təhsilimiz axsayır, səhiyyəmizdəki həkimlərimizin bir qismi fərasətsiz, dərmanlarımız saxtadır. Neft və Milyonlar səltənətini kor qoyan milyonçu məmur və nazirlərimizin  səhhətlərində problem yaşanarkən, onu milli kadrlarımıza etibar etmirlər. Xarici ölkələrdəki həkimlərə və bahalı klinikalara üz tuturlar. Ən yüksək texnologiyalarla zəngin xəstəxanalarımızın çoxunda, həmin aparatları işlətməyən həkimlərimiz var.Həkimlərə və təhsil ocağında çalışan müəllimlərimizə isə 25 ildir ki,  rüşvətxorluğu tərgidə bilmirik. Rüşvətə nə qədər “yox” desək də, bağçada və məktəbdə müəllimlərə, xəstəxanalarda qapıçısından tutmuş baş həkimlərinə qədər rüşvət istəyirlər. Nə yazıqlar olsun ki, elə öz maraqlarını güdən bəzi deputat oliqarxların, nazir-milyoner-oliqarxların ucbatındandır ki, TİBBİ SIĞORTA adlı qanunun layihəsinin hazırlanması gecikir.

Mən azadlığı, Müstəqilliyi, dürüstlüyü uğrunda canımdan keçməyə hazır olduğum Azərbaycanımda Milli DOKTRİNA və yeni MİLLİ İDEOLOGİYA istəyirəm. O təbliğatda “Vətəni sevmək imandandır!” sözləri olsun! O Milli doktrinanın birinci sətrində Azərbaycanın Respublika və Müstəqillik tarixləri günü təkcə rəsmi tarix kimi deyil, həm də ürəkdən , qəlbdən keçən, gözlənilən bir bayram kimi qeyd olunsun. Bu bayram süfrələrimizdə, evlərimizdə hiss olunsun, Novruz bayramı, Yeni il bayramları kimi. Bunun üçün yeni təbliğat forması yazılsın. Həmin ərəfədə səhər sinifə girən uşaqlar bir-birini “Vətən bayramınız  kutlu olsun!””, “Vətən gününüz mübarəkdir!” - deyə salamlasınlar.

Hara getdimsə, harada yaşadımsa, harada oldumsa, evimdə o Respublika Günündən – 28 Maydan bizə əmanət qalan üçrəngli, yolunda fəda olduğum bayrağımız oldu. Bu Vətən naminə, o gözəl bayrağımız naminə, Vətən gününü ürəklərinizə köçürün, yaddaşınıza yazın!!! Bəlkə həmin gün halal açılan süfrə başında özünə bir hesabat verən də olacaq: mənım bu müqəddəs bayramda sevinməyə, onu keçirməyə haqqım çatırmı?! O haqqı qazanmaq bu millətə, bu dövlətə faydalı olub, ən balaca uşağından, ən kiçik daşına qədər sevməlisən. Onun daşını, vətəndaşını uzağa daşımamalısan. Yoxsa Vətəndə daş qalmaz ki...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?