Modern.az

3 yaşlı saytın rəhbəri: “Gördüyümüz işdən narazıyam”

3 yaşlı saytın rəhbəri: “Gördüyümüz işdən narazıyam”

18 Oktyabr 2016, 17:33

Bu gün fəaliyyətdə olduğu qısa müddət ərzində geniş oxucu auditoriyası toplayan Fins.az saytının 3 yaşı tamam olub.

 

Ad günü təəssüratlarını Modern.az-la bölüşən Fins.az-ın rəhbəri Əli Əhmədov 3 ili heç də az müddət saymır:

 

“İnformasiya texnologiyaları o qədər inkişaf edib, hər şey o qədər sürətlə dəyişib ki, bizim fəaliyyətdə olduğumuz müddət də bu baxımdan az deyil.

Biz yenicə fəaliyyətə başlayanda sığorta sahəsini işıqlandırmaq istəyirdik. Çünki o sahədə boşluq var idi, insanlar sığortadan xəbərsiz idi. Daha sonra fəaliyyətimizi maliyyə sektoru ilə bir az da genişləndirdik.

Ümumilikdə hazırda bütün iqtisadi sahələrlə məşğuluq. Hesab edirəm ki, biz nəzərdə tutduğumuz işin çox az hissəsini görmüşük. Ola bilər ki, bizim oxucu təbəqəmiz formalaşıb. Amma geriyə baxanda, səmimi olaraq deyim ki, gördüyümüz işdən narazıyam. Çünki biz, daha yaxşı işlər görə bilərdik.

Bundan sonra çalışacağıq ki, qarşıda duran hədəflərimizə çataq”.

 

Fins.az-ın iş prinsipinə gəldikdə, tanınmış jurnalist deyib ki, əsas məsələ insanlara faydalı məlumat ötürməkdir:

“Bizim devizimiz budur ki, məlumatlar insanların istifadə edə biləcəyi şəkildə olsun. Çalışırıq ki, belə də davam edək. Olur ki, bəzən alınmır...

Əslində biz Azərbaycanın ən maraqlı saytı olmaq fikrində deyilik, biz Azərbaycanın ən populyar saytı olmaq fikrində də deyilik. Biz Azərbaycanın ən faydalı saytı olmaq istəyirik. Bizim məlumatları oxuyanlar bundan faydalanmalı və istifadə etməlidirlər.

Çalışırıq ki, insanlarla və biznes qurumlarla münasibətləri bu formada quraq. Kollektivimiz elə də böyük deyil, işçilərimizin sayı heç vaxt 10 nəfərdən çox olmayıb”.

 

Ə.Əhmədov Fins.az-ın fəaliyyət dairəsini genişləndirmək fikrində olduğunu deyib:

“Qarşıda ciddi planlarımız var. Bu yaxınlarda, bəlkə də sabah turizm bölməmiz ayrıca sayt olaraq fəaliyyətə başlasın. Gələcəkdə bu formada çox aktual sahələr üzrə ixtisaslaşmış saytlar yaratmaq fikrindəyik. Hazırda turizm ölkədə ən çox ehtiyac duyulan sahədir. Həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafında böyük yer tutur. Hesab edirik ki, qarşıdakı illərdə həm istehlakçılar, həm də biznesmenlər tərəfindən bu sahəyə çox böyük diqqət olacaq.

Biz də bu sahədə ayrıca bir sayt yaradırıq. Sayt təbii ki, Fins.az-la inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək. Həm də turizm saytımız fəaliyyətə başlayacağından kollektivin sayını artırmaq fikrindəyik”.

 

Ə.Əhmədov eyni zamanda qeyd edib ki, gələcəkdə Fins.az-ın fəaliyyəti təkcə xəbərlə məhdudlaşmayacaq, eyni zamanda bəzi xidmətlər də təklif edəcəklər:

 

“Bununla bağlı hazırlıq görürük. Yaxın vaxtlarda bu xidmətləri açıqlayacağıq. Qeyd edim ki, bunlar müxtəlif sahələrə aid xidmətlərdir. Bu xidmətləri bazarda birgə işlədiyimiz partnyorlarımızla birgə təqdim edəcəyik.

Biz multimedia xidmətlərinə böyük üstünlük veririk. Xəbərləri təkcə yazı şəklində deyil, eyni zamanda videolarla da təqdim edirik. Hazırda bazarın trendi videoxəbərlərdir. Adamlar xəbəri oxumağa yox, qulaq asmağa, baxmağa üstünlük verirlər. Biz də bu tələbatı nəzərə alaraq işimizi qururuq.

 

Bir məsələni də qeyd edim ki, fəaliyyətə başlayanda Modern.az-ın əzmkarlığı, kiçik kollektivlə bazarda özünə yer tutması bizi daha da ruhlandırdı. Düşündük ki, bu mümkündür. Modern.az bizə də bir nümunə oldu”.

 

Modern.az adından Fins.az-ın kollektivini təbrik edirik. 

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir