Modern.az

İş adamlarının Bakı forumunun təxirə SALINMASI: "Çox təəssüfləndim"  

İş adamlarının Bakı forumunun təxirə SALINMASI: "Çox təəssüfləndim"   

19 Oktyabr 2016, 17:03

 

Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsidən Forumunun təxirə salınmasına aydınlıq gətirilərkən bildirilib ki, müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən toplantını proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb.

Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb.

 

Modern.az Komitəyə Forumun təxirəsalınma səbəblərinə aydınlıq gətirilməsi üçün müraciət etsə də, ətraflı məlumat verilməyəcəyi açıqlanıb.

 

İqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında Forumun təxirə salınmasının gözlənilməz olduğunu deyib.

“Forumun təxirə salınması xeyli gözlənilməz oldu. Eyni zamanda təxirə salındıqdan sonra nə vaxta təyin olunacağı da bəlli deyil.

Amma hazırda Forumun keçirilməsinə çox böyük ehtiyac vardı. Forumun keçirilməsində məqsəd Azərbaycanın investisiya imkanlarından istifadə etmək idi. Dünya Azərbaycanlı İş adamlarını bir araya toplamaq, ölkənin investisiya potensialını təqdim etmək və Azərbaycana investisiya qoyuluşlarına təşviq etmək əsas məqsədlərdəndir.

Bu baxımdan investisiyanın cəlb edilməsi Azərbaycan üçün olduqca aktualdır.

Məhz buna görə də Forumun keçirilməsi vacib idi”.

 

İqtisadçı Forumun baş tutmamasına Azərbaycan adına təəssüfləndiyini deyib:

“Hazırda Azərbaycanın xarici investisiya və qeyri-neft sektorunun inkişafına ehtiyacı var. Bu, birbaşa hansı dərəcədə və nə qədər xarici investisiyanın cəlb edilməsindən asılı olacaq. Ölkəmizin sərmayə qoyuluşu imkanları olan və xaricdə yaşayan kifayət qədər iş adamları var. Onların prosesə cəlb edilməsi olduqca vacib idi. Amma təəssüf ki, Forum baş tutmadı.

Səbəbin nə olduğunu demək çox çətindir. Səbəblər rəsmi açıqlamalardan bildiyimiz qədərdir. Əgər səbəblər texniki baxımdan hazırlığın başa çatmaması ilə bağlıdırsa, o zaman demək olar ki, Forum keçiriləcək, sadəcə tarix bəlli deyil. Bütün hallarda, təxirəsalınma səbəbindən asılı olmayaraq, inanmaq istərdim ki, belə bir Forum sadəcə texniki məsələlərdən təxirə salınıb və yaxın gələcəkdə keçiriləcək”.

Qeyd edək ki, Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun oktyabrın 28-də Bakıda keçirilməsi planlaşdırılmışdı. Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin iştirakı nəzərdə tutulmuşdu.

Gülşən RAUFQIZI

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi