Modern.az

“Şəhid övladı niyə təhsilhaqqı ödəməlidir?”

“Şəhid övladı niyə təhsilhaqqı ödəməlidir?”

Aktual

20 Oktyabr 2016, 14:25

“Təhsilin magistratura pilləsində şəhid övladlarının 23 yaşdan sonra pul ödəməsi düzgün deyil. Milli Məclisin Əmək və sosial siyasət və Təhsil komitələri bu barədə çox ciddi düşünməlidirlər”

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, şəhid uşaqları elə bütün yaşlarda şəhid ovladlarıdır.

M.Quliyev deyib ki, 23 yaş məhdudiyyətinin tətbiqindən sonra 1994-cü ildə anadan olmuş şəhid uşaqları dövlətin onlara ayırdığı pulsuz magistr təhsilindən kənarda qalacaqlar:

“Şəhid övladları, 23 yaşda da, 30 yaşda da şəhid uşaqlarıdır. Bizim ən çox şəhid verdiyimiz il 1991-1994-cü illərdir. O zaman belə çıxır ki, 1994-cü ilə qədər anadan olan şəhid uşaqları gələn ildən artıq dövlətin onlar üçün nəzərdə tutduğu təhsilin magistr pilləsindən yararlana bilməyəcəklər, məhrum olacaqlar.

Çünki artıq gələn ildən o uşaqların yaşı 23-dən çox olacaq. Digər tərəfdən isə elə də ola bilər ki, şəhid ailəsindən olan oğlan uşaqları bakalavr təhsilindən sonra hərbi xidmətə də yollana bilər və yaşı 23-ü keçər”.

Deputat vurğulayıb ki, vaxtında bakalavr təhsilinə başlaya bilməyən şəhid övladları üçün 23 yaş məhdudiyyəti heç də yaxşı hal deyil:

“Ya da şəhid övladı 11-ci sinfi bitirən zaman həmin il təhsilin bakalvr pilləsinə daxil ola bilməz, yəni bu 1-2 il gecikə bilər. Hər şey ola bilər. Axı nəyə görə müəyyən səbəblərdən magistr təhsilini vaxtında ala bilməyən şəhid övladları 23 yaşdan sonra təhsilhaqqı ödəməlidir? Bu addım heç bir halda ədalətli və düzgün deyil”.

Millət vəkili şəhid övladlarına qarşı 23 yaş məhdudiyyətini sosial ədalətsizlik hesab edir:

“Belə olan halda şəhid ailələri dövlətin onlara verdiyi imtiyazlardan tam yararlana bilməyəcəklər. Bu da sosial ədalətsizliyin yaranmasına gətirib çıxaracaq. Dövlətin şəhidlərə münasibətində şəhidlərə qarşı heç bir formada ayrı-seçkilik ola bilməz və biz bu yaş məhdudiyyətini mütləq aradan götürməliyik”.

Musa Quliyev İsa Həbibbəylinin “23 yaşdan yuxarı şəhid övladlarl işləyə və hətta özlərinə iş də qura bilər” fikirlərinə bu cür münasibət bildirib:

“Əyani oxuyan şəhid övladları özlərinə necə iş qura bilərlər? 23 yaşdan yuxarı şəhid övladları nəyə görə əyani təhsil ala-ala dərsdən sonra işləməlidir ki, təhsil haqqı ödəsin?
Cənab prezidentin 2014-cü ildə imzaladığı sərəncama görə, dövlət, bələdiyyə və digər elm, təhsil müəssisələrində təhsil alan şəhid ailələrinin övladları üçün heç bir yaş məhdudiyyəti yoxdur. Ona görə də bütün qanun və normativ hüquqi aktlar cənab prezidentin sərəncamlarına uyğunlaşdırılmalıdır”.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır