Modern.az

Sayğacını dəyişmək istəyənlərə “Azərsu”dan yeni XƏBƏR

Sayğacını dəyişmək istəyənlərə “Azərsu”dan yeni XƏBƏR

Aktual

20 Oktyabr 2016, 14:46

“Azərsu” ASC tərəfindən “Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" elektron xidmətinin göstərilməsinə başlanılıb.

Bu barədə Modern.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilir ki, artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən rəsmi formada elektron qaydada müraciət edə biləcəklər. Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən autentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidir. Növbəti mərhələdə "Azərsu" ASC-nin təqdim etdiyi xidmətlər arasında "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı xidmət seçilməli, təqdim edilən pəncərədə abonent kodu daxil edilməlidir. Kod yoxlanıldıqdan sonra abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadıqda "Daxil edilən kod düzgün deyil" xəbərdarlığı verilir.

Müraciətin qeydiyyata alınması üçün vətəndaş açılan pəncərədə müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və e-mail ünvanı və s. daxil etməlidir. Bundan sonra "Müraciət et" düyməsi seçilir və ekranda "Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik" məlumatı qeyd edilir. (Müraciət qaydası barədə ətraflı məlumat www.e-gov.az portalında yerləşdirilmişdir). Müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.

Hazırda “Azərsu” ASC tərəfindən bir sıra xidmətlər elektron qaydada göstərilir. İstehlakçılar internet vasitəsi ilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və ödəmə terminalları vasitəsilə ödənilməsi, borcun olmaması barədə arayışın alınması, I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, istehlakçılara abonent məlumatlarının verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, “Azərsu” ASC hazırda əhali və qeyri-əhali qrupları daxil olmaqla 1402436 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir. Abunəçilərin 903719-u və ya 64,4 faizi sayğacla təmin olunub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi