Modern.az

"Səssiz ölüm" - “... onda mətbəxdə yemək bişirən xanımlar çoxdan zəhərlənməliydilər” - MÜSAHİBƏ

"Səssiz ölüm" - “... onda mətbəxdə yemək bişirən xanımlar çoxdan zəhərlənməliydilər” - MÜSAHİBƏ

İqtisadiyyat

20 Oktyabr 2016, 15:20

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Eldar Əhmədov payız-qış mövsümündə dəm qazından zəhərlənmə hallarının artması və bundan qorunmağın yolları ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

 

- Eldar müəllim, hər il payız-qış mövsümü daxil olanda dəm qazından zəhərlənmələr, sızma nəticəsində baş verən partlayışlar onlarla can alır. Bu halların yaşanmaması üçün nə edək?

- Hər mövsüm maarifləndirmə işləri aparılır. Vətəndaşlarımız birmənalı şəkildə indiyədək dərk etməli idi ki, dəm qazının yaranma ehtimalı həmişə var. Sadəcə olaraq yarana biləcək dəm qazının onların olduğu mühitdə qalmamasını təmin etmək lazımdır.

- Hansı mühit dəm qazından zəhərlənmə üçün real şərait yaradır?

- Qapalı mühitdə tələb edilən havalandırma sistemi çalışmadıqda, istifadə olunan qaz cihazının üzərində tüstü bacası normalara cavab vermədikdə dəm qazının otaq daxilində qalma ehtimalı yüksəkdir. Dəm qazının yığılması əsasən vanna otaqlarında qeydə alınır. Bir də bəzi insanlar yataq otağını isitmək üçün qızdırıcı cihazlardan istifadə edir. Mövcud sanitar normalarına görə, həmin otaqlarda ventilyasiya kanalları nəzərdə tutulmayıb. Ümid qalır kiçik nəfəsliklərə, amma əksərən heç onu da açıq saxlamırlar.

Nəticədə otaqda olan oksigen tükənməyə məruz qalır, yanmış qazların otaqdan xaric olması baş vermir. Yanmış qazların tərkibində olan dəm qazı da otaqda sıxılıb qalır. Bu da qeyd etdiyimiz kimi acı nəticələrə səbəb olur.

Bunu “gizli ölüm”, “səssiz ölüm” adlandırırıq. Mən hesab edirəm ki, vətəndaşların son illər aparılan bu qədər maarifləndirmə işlərindən nəticə çıxarmağının vaxtıdır.

Biz doğrudan da gözlənilməyən, ölümlə rastlaşmaq istəmiriksə, mütləq şəkildə vanna otağında qaz cihazlarından istifadə etməməliyik. Əgər qaz cihazından istifadə edilməməsi heç cür mümkün deyilsə, mütləq şəkildə həmin otaqda sovurma kanalının və tüstü bacasının saz vəziyyətdə olması yoxlanmalıdır.

Vətəndaşlar otaqda istifadə etdikləri cihazın üzərində olan təhlükəsizlik avtomat qurğusunun işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.

 

- Eldar müəllim, axı hər bir vətəndaş mütəxəssis deyil. Bütün bunların yoxlanışını necə təmin edə bilər?

 

- Bunun üçün ixtisaslaşmış təşkilatların mütəxəssislərini cəlb etmək lazımdır. Azəriqaz İstehsalat Birliyi ilə bağlanılan müqavilədə də göstərilir ki, qazdan istifadə edən istehlakçı öz üzərinə müəyyən məsuliyyət götürür. Çünki qaz təhlükəlidir. Qaz yanmadığı zaman belə, insanların yaşadığı otağa daxil olarsa, bu, böyük faciəyə səbəb ola bilər. Ona görə də həmin cihazların quraşdırıldığı vanna otaqları və digər otaqlar texniki təhlükəsizlik qaydalarına uyğun olaraq bütün normalara cavab verməlidir. Sakinlər cihazları quraşdırarkən mütləq mütəxəssis çağırmalı və cihazın texniki cəhətdən normalara uyğun olmasından əmin olmalıdırlar.

 

-Əgər bir vətəndaş bütün dediklərinizə əməl etməyə imkan, şərait, vaxt tapmırsa, yaxud deyək, səhlənkarlıq edirsə...

 

- Ən pis halda əgər kimsə hamam otağında məcburi qazdan istifadə edirsə, otağın qapısı mütləq açıq qalmalıdır. Çünki bəzi hamam otaqlarında hava daxil olmaq üçün dəliklər yoxdur, ora mütləq şəkildə pəncərədən hava daxil olmalıdır. Siz dediyiniz şəraitdə mütləq şəkildə evdə ikinci adam olduqda hamam otaqlarına girmək məsləhətdir. Bu dediklərim çıxılmaz hallar üçün bir təklifdir. Mən bir mütəxəssis kimi bildirmək istəyirəm ki, vətəndaşlar alacaqları cihazların standartlara uyğun olmasına diqqət etməlidir.

 

- Dediklərinizdə haqlısınız. İnsanlarımız əksərən səhlənkardırlar və üzərlərinə düşənin başqası tərəfindən icra olunmasını gözləyirlər. Amma ümumilikdə verdiyiniz açıqlamadan belə nəticəyə gəldim ki, dəm qazından zəhərlənmələrə səbəb birmənalı olaraq vətəndaş özüdür...

 

-Bəli, hadisələr məhz bizim öz səhlənkarlığımız nəticəsində hadisə baş verir. Kütləvi şəkildə hər bir evdə  qaz cihazlarından istifadə edilir. Elə bir nəzarət sistemi yaratmaq olmaz ki, gəlib hər evdə qaza nəzarət etsinlər. Vətəndaş bu sahədə müəyyən bir məlumata malik olmalıdır. Özü özünü təhlükədən qorumalıdır.

 

- İllərdir belə fikirlər səsləndirilir ki, mənzillərə verilən qazın təzyiqi aşağı olduğundan onun tərkibinə xüsusi maddə vurulur. Məhz bu maddə zəhərlənmələrə səbəb olur. Bu iddialar nə dərəcədə əsaslıdır?

-Bunlar yanlış fikirlərdir. Hansı hamam otağındakı ki, həmin faciə baş verib, o evin mətbəxi də var. Mətbəxdə də qazdan açıq şəkildə istifadə edilir. Sadə bir sual verim: niyə mətbəxdə açıq şəkildə qazdan istifadə edən insanlara, hər gün orda müxtəlif yeməklər bişirən xanımlarımıza heç nə olmur? Əgər belədirsə, o zaman xanımlarımızın hamısı dəm qazından zəhərlənməli idi. Ancaq mətbəxdə zəhərlənmə halları ilə qarşılaşmırıq.

Biz qış aylarında bütün hava gələn yerləri bağlayırıq. Otaqda havanın dəyişməsinə şərait yaratmırıq. Digər tərəfdən hamam otağında isti su daxil olduğu zaman o da havanı sıxışdırır. Eyni zamanda qış aylarında rütubət olduğu üçün bu da yanmış qazların tüstü bacalarından çıxmasına maneə yaradır. Sadəcə vətəndaşlar dəm qazlarının fəsadları ilə rastlaşmaq istəmirlərsə, birinci şərt odur ki, hamamda, qapalı otaqlarda qaz cihazlarından istifadə etməsinlər. Əgər məcburiyyətdən istifadə edirlərsə, mütləq şəkildə həmin otaqlarda havanın daxil olması və xaric olması üçün tüstü kanalının işləməsini təmin etsinlər. Əgər bu sadaladıqlarımı edə bilmirlərsə, dəm qazı üçün detektorlardan istifadə etsinlər. O detektorlar otaqda olan dəm qazını müəyyən edərək həyəcan siqnalı çalır. Təhlükəsiz yaşamaq üçün bu tələblərdən birinə əməl etmək lazımdır. Əks halda dəm qazı hələ çox faciələrə gətirib çıxaracaq.

 

Gülşən RAUFQIZI

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır