Modern.az

Salyanda süni balıq gölləri ləğv olunacaq

Salyanda süni balıq gölləri ləğv olunacaq

20 Oktyabr 2016, 23:20

“İlin sonuna kimi Salyanda təyinatı üzrə olmayan torpaqlarda yaradılan süni balıq gölləri ləğv olunacaq”. Modern.az saytı xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirib.

 

T.İsmayılova deyib ki, artıq rayon İcra Hakimiyyəti tərəfindən həmin göl sahiblərinə müvafiq bildirişlər göndərilib:

 

“Verilən vaxt tamam olandan sonra qanunsuz göllər dağıdılacaq və əkinə yararlı torpaqlar dövlətə geri qaytarılacaq. Yəni, həmin torpaqlar təyinatı üzrə istifadə olunacaq. Baxmayaraq ki, həmin göllər qanunsuzdur, ancaq biz həmin şəxslərin məhsullarının zay olmamasını da nəzərə alırıq. Çünki həmin şəxslər gölləri yaradarkən xərc çəkiblər və sairə. Buna görə də biz dərhal gedib həmin gölləri ləğv etmədik. Əksinə, həmin şəxslərin hər birinə bir neçə ay öncə bildiriş göndərdik. İndi biz də göl sahibləri tərəfindən məhsulun götürülməsini gözləyirik. Məhsullar götürülən kimi müvafiq tədbirlər görüləcək”.

 

İcra başçısının müavini qeyd edib ki, həmin göllər qanunsuz olduğu üçün sahiblərinə kompensasiya ödənilməyəcək:

 

“Bu göllərin hər biri qanunsuzdur. Biz onlara yenə də şans yaradırıq ki, məhsullarını götürə bilsinlər. Onsuz da həmin şəxslər məhsulu götürəndən sonra gölü qurudacaqlar. Burada kompensasiya ödənilməsi nəzərdə tutulmur”.

 

T.İsmayılova artıq həmin göllərdəki məhsulların toplanılması işinə başlanıldığını söyləyib:

 

“Bu ayın sonuna kimi isə məhsulların toplanılması prosesi başa çatdırılmalıdır. Qanunsuz göllərin siyahısı da tutulur. Bununla bağlı komissiya yaradılıb. Həmin komissiya torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsini araşdırır. Məhz həmin komissiya tərəfindən göllərə də baxış keçirilib və qanunsuz vətəgələrin siyahısı tutulub. Çünki bu cür göllər öz əraziləri ilə yanaşı, hektarlarla ətraf sahələrin də torpağını yararsız hala salır. Bizi narahat edən əsas məsələ də budur ki, həmin göllərin ətrafında yerləşən hektarlarla əkinə yararlı torpaq sahələri məhv olub, həmin ərazilərdə şoranlaşma gedib. Əsas məqsədimiz həmin torpaqları qurudub əkinə yararlı torpaq sahəsi kimi qaytarmaqdır. Həmin torpaqları yenə də öz sahibi istifadə edə biləcək. Sadəcə olaraq həmin torpaqlar öz təyinatı üzrə istifadə olunacaq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir