Modern.az

“Dollar möhkəmlənməkdə davam edəcək”

“Dollar möhkəmlənməkdə davam edəcək”

21 Oktyabr 2016, 11:47

Mərkəzi Bankın 4 milyard dollar ehtiyatla manevr imkanları məhdudlaşdıb

 

Sentybarın ortalarında proqnozlaşdırdığım kimi, manatın qısa müddətli möhkəmlənməsi valyuta bazarında dolların güclənməsi ilə əvəz olunmaqdadır.

Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu barədə şərh verərkən, deyib ki, manatın taleyi əvvəlcədən pronozlaşdırılan kimi oldu:

“Bununla da təxminən 1 aylıq möhkəmlənən manat iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir.

Dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazar qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan artıq vəsaiti xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşdıb”.

 

Ekspert deyib ki, daha çox Dövlət Neft Fondunun valyuta təklifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir:

“Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi. Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdəcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq”.

 

V.Bayramovun sözlərinə görə, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər:

“Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil.

Dollara olan tələbin artmaqda davam edəcəyi gözləniləndir. İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq.

Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub