Modern.az

...bu millətin beli düzəlməz!

...bu millətin beli düzəlməz!

21 Oktyabr 2016, 13:03

Sabir Rüstəmxanlı

Tar, kaman kimi qələm də köklənir. İlk akkordlardan sonra öncə bir müddət barmaqlar tora düşmüş balıq kimi pərdələrdə çırpınır. Dirijorun sehrli çubuğunu gözləyən orkestrin qatmaqarışıq səsləri də bir musiqidir. Dinləyicilərə qəribə bir ovqat verir, onları ciddi bir görüşə hazırlayır. Sanki qapı döyülür. Onun açılmasıyla görmədiyimiz bir möcüzəyə düşəciyik. Ağsaqqallar mətləbə keçməzdən qabaq dünyanın gələcəyindən, gedəcəyindən ilk baxışda uzaq görünən bir söhbət başlardılar. Yalnız sonra bu adda-budda əhvalatların hansı məntiqlə və hansı mətləbə bağlı olduğu bilinərdi. Qonaqları masaya dəvətdən öncə çayla, meyvəylə məşğul etmək gələnəyi var.

Mən də mətləbə keçməzdən öncə sözdə gəzişirəm. Hansı kökdə oxuyacağımı aydınlaşdırmaq istəyirəm. Hər yazının bəmi-zili var. Gərək elə ritm seçəsən ki, bütün eniş-yoxuşları keçə biləsən, xaric vurmayasan, kimsəni yamsılamadan, yalnız öz boğazınla oxuyasan. Hələ bu soyuq otaqda əllərimi qızdırıram, ilk akkordu vurmağa, ilk sözümü yazmağa hazırlaşıram.

Yarımçıq yazılar masamın üstünə dağılıb. Hissimin, ağrımın zirvəsinə aparmayan yollardan yarımçıq qayıtmışam. Bir küncdə keçib getmiş toyların, yubileylərin, bayramların ata bilmədiyim dəvətnamələri, proqramları yığılıb. Elədiyim məruzələrin dağınıq izləri, yaddaşımı tərpətmək üçün qısa qeydlər. Odlu çıxışların soyuyan xatirəsi! Ocaq yanıb külü qalıb... Yumru döş nişanlarından və poçt markalarından Füzuli mənə baxır. Bu baxışlar altında qələm götürmək çətindir. Amma baxışlarda bir məzəmmət də var: bu qədər görüşdən, danışmaqdan düşünməyə vaxt qalmaz ki! Ən böyük bayramlar da könlümüzdəki qəm dumanın yalnız bir-iki günlüyə yelpikləyir. Bunlar ani təsəlliləridir. Məğlubiyyətlərin və alçaldılmağın yükünü atmasa, bu millətin beli düzəlməz!

Bütün dərdləri yalnız dilənçi payı kimi verilməyən, sədəqə kimi alınmayan əsil qələbə, döyüş unutdura bilər. Satqınlıqlar, Cıdır düzündə əylənən düşmən, qızlarımızın erməni əlində əsirliyi - fikir yox, zəhər kimi gecə-gündüz beynimi dağıdır. Başımı divarlara vursam da, bu zəhəri ordan çıxara bilmirəm. Bir yandan da bu şəhər! Bu unutqan, bu biganə, bu sümüksüz, onurqasız, bu dişsiz-müqavimətsiz, bu qarın əsiri şəhər...
Daşı, divarı kimi adamları da bozaran şəhər!.. Reklamların işığı, dünyanın hər yerindən gətirilən malların parılıtısı da dərdini örtə bilmir bu şəhərin! Küçə-bazarda gözümə dürtülən titrək əlləri, maşın şüşəsi silməyə cuman uşağların çarəsiz baxışları, "çörəkpulu” yalvarışları, Allahın bəlası kimi üstümüzə çökmüş ümüdsüzliyi, qeybət sellərini, giley xəstəliyini, sızıltıları görüb-eşidəndə təsəllini hələ ki, yalnız sözdə tapıram. Təsəlli üçün, yüngüllük üçün nə isə demək istəyirəm. Söz yara sağaltmaz! Söz ruha dayaq olar. Yaranı ruh sağaldar. Yaranı döyüş, qələbə, doğma dağların havası, doğma çöllərin otu sağaldar. Amma nə vaxt?!

Daha qaçqın şəhərciklərinə gedə bilmirəm. Onlara nə qədər söz vermişik? Amma o mənim sözüm yox, rəsmi dairələrin, Uluslararası qurumların sözü idi. Başqalarının yalanı ilə xalqı ovutmaq rəzilliyi! Daha getməyə üzüm yoxdur, məni bağışlasınlar!.. Zaman da axar su kimidir. Bulandığı kimi də durulur. Yaralar sağalır, dərdlər unudulur. Dünyada daimi qalib, daimi məğlub yoxdur. Sadəcə hər yolun enişi-yoxuşu, hər xalqın öz haqqına yetmə vaxtı var. Haqq həmişə mənəvi kamilliyin qonşuluğundadır. Buna görə də insanın da, xalqın da özünütəsdiq yolu əzablardan və mənəvi təmizlənmələrdən keçir.

Bu yolun hansı mərhələsindəyik, bu sonsuz nərdivanın hansı pilləsindəyik? Cavabsız suallar. Hətta peyğəmbərlər də gələcəyin ağır pərdələri qarşısında duruxublar. O pərdələrin ardındakı yalnız Tanrıya məxsusdur.

Bütün dünyanın öngörənləri yalnız keçmişi yaxşı görənlərdir. Kart gələcəyi göstərmir, yalnız min illərin təcrübəsinin işığını salır. Əl və üz xətləri gələcəyin yox, keçmişin yazısıdır, bərkdən oxunanda gələcəyin də qulağına çatır! Gələcəklə bağlı oxunan bütün nəğmələr keçmişin nəğmələridir. Amma burası da var ki, yayından çıxan oxun hara düşəcəyini təxmini də olsa bəlirləmək mümkündür. Zirvədən yuvarlanan daş hardasa bənd alacaq. Planetlər dolanır, qalaktikalar hərəkət edir, hər birimiz qalaktikanın bir parçası, bir planet, bir atom, Allahın bir zərrəsi kimi bu ədəbi oxun ətrafındayıq və gələcəyin açarı yalnız bu fırlanmanın qanunauyğunluqlarını, yeni zamanın tarixini bilənlərin və bu tarixi idarəedənlərin əlindədir.

Ağrılarımızı ovutdurmağa söz axtarıram. Bəlkə buna görə zamana əl atdım. Görünür, ən böyük məlhəm zamandır. Fərqi yox, keçmiş, ya gələcək. Xatirə də arzu kimi şirindir. Və zamanın sınağından çıxmış ən gözəl söz ümiddir...

(ardı var)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...