Modern.az

Şəhid anası dad-aman eləyir, kömək istəyir...

Şəhid anası dad-aman eləyir, kömək istəyir...

21 Oktyabr 2016, 13:17

Aida Eyvazlı

Çingiz Aytmatovun "Əsrə bərabər gün " kitabını oxumamış olmazsınız. Mən dünən o günü yaşadım. Param-param parçalandım, yandım, qovruldum... Zabrat qəsəbəsinə getdim ki, şəhid Əlizaman İslamovun anasına baş çəkim... Qəsəbənin içərisində olmayan yollarla 30 dəqiqə getməlisən ki, palçıqlı və asfaltsız Tramvay küçəsinə çatasan. Ada bax e... "Tramvay"... Bu bərbad həmin adı küçəyə sanki ömrünü yöndəmsiz yollarda yoran insanlara acıq vermək üçün qoyublar.

Hasarsız divarsız bir həyət. Əslində mən həyətləri hasarsız istəyirəm ki, hamı bir-birini tanısın və həyan olsun. Ancaq şəhid Əlizamin İslamovun anasının imkanı olmadığından həyətinə hasar çəkməyib, ona görə darvazası da yoxdur. Bunlarsız yaşamaq olar. Ancaq üzümüzə sərt qış gəlir, həmin o qışı görəsən taxta pilləkənləri yellənən, qapısı, damı olmayan, bacasından yağışı içəri ötürən , istiliksiz evdə tək tənha qalan Hürnisə Kərimova necə başa vuracaq?

Xəstələnəndə, yeganə oğlunu çağıracaq, amma gələməyəcək.. çünki Vətəni uğrunda şəhid olub.

Hürnisəyə xanım demədim, çünki xanımı İcra Hakimiyyəti kənd bələdiyyəsinin, bələdiyyə isə Sabunçu rayon İcra Hakimiyyətinin arasında qoymaz. Bu günə qədər ev növbəsinə də yazmayıblar. Gedib-gəlməkdən ayaqları yağır olub, idarələrdə məmurlar ancaq, "Gözlə!" deyirlər.

Hürnisə Kərimova deyir ki, ona Heydər Əliyev Fondundan10 min manat, Müdafiə Nazirliyindən də 11 min manat yardım edilərmiş. Həmin pullarını evi tikmək üçün götürdüyü borclarına xərcləyib. Bir az da saxlayıb ki, hər ay Lənkəranda dəfn etdiyi oğlunun qəbri üstünə gedib-gəlsin.
Əvvəllər bazarda çaq-çuq edib, dəmir satıb, balasını dolandırırmış, oğlu şəhid olandan sonra, daha bazara da getməyə taqəti qalmayıb. Dəfələrlə evinə telefon xətti çəkdirmək üçün müraciət etsə də, bu müraciətini qulaqardına vurub deyiblər ki, “sən telefonu neynirsən?”.

Ana oğlu haqqında internetdə gedən yazılara baxmaq istəyir, təkcə qaldığı damın altında oğluna bir nişanə otaq düzəltmək istəyir. Haray çəkir, dad eləyir... Milli Məclisin Sabunçudan olan deputatına da müraciət edib... Deputat da deyib ki, “gələcəyəm, gözlə”. Ancaq Hürnisə Kərimova elə bərbad yerdə yaşayır ki, çətin ki, o yolu, ayağı laklı çəkməli məmurlar gedə...

Hürnisə Kərimova haray çəkib deyir ki, dövlətdən yardım istəyir, hökumətin ona arxa durmasını istəyir. Yeganə oğlu var idi... o da 6 ay hərbi xidmət çəkəndən sonra, “Aprel döyüşləri”ndə şəhid oldu. O tək ananın harayına dözməyə ürək gərək idi...
Mən daşam ki, dözdüm. Görəsən bu sərt qış günlərində şəhid anası Hürnisəyə arxa duran tapılacaqmı?

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi