Modern.az

“Lazerlə sünnət etdirmək xərçəng yaradır” - MÜSAHİBƏ

“Lazerlə sünnət etdirmək xərçəng yaradır” - MÜSAHİBƏ

21 Oktyabr 2016, 15:38

“Peyğəmbər sünnəti” ilə doğulan uşaqları sünnət etdiməyin”



1 saylı Klinik Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinin cərrah-uroloqu, uzman doktor Allahverdi Musayevin Modern.az-a müsahibəsi.


- Allahverdi doktor, hazırda yenidoğulmuşlarda daha çox hansı patologiyalara təsadüf edilir?

- Bu gün yenidoğulmuşlarda daha çox anadangəlmə qüsurlar müşahidə olunur. Bura atreziyalar, orqanların anormal yerləşimləri, orqanlardakı yapışıqlıqlar, sidik yollarında anormal inkişaf qüsurları və s. daxildir. Bunlar da bir neçə qrupa ayrılır. Mədə-bağırsaq sisteminin anomaliyaları var ki, burada atreziyalar daha çox olur. Məsələn, mədənin çıxışının atreziyası, yemək borusunun atreziyası, burun dəliklərinin atreziyası və s. Bunların da içərisində daha çox rast gəlinən bağırsaq atreziyalarıdır. Məsələn, anal atreziya zamanı uşağın düz bağırsağının bayıra getdiyi yeri bağlı olur. Uşaq doğulan kimi pediatr onun anal atreziyasını kontrol edir. Əgər anal atreziya bağlıdırsa, uşaq dərhal əməliyyata alınır. Əməliyyatla bağırsağın bayıra çıxan bağlı hissəsi açılır. Bundan başqa uroloji xəstəliklərdə- böyrəyin çıxışından etibarən meydana çıxan anomaliyalar çoxdur. Bəzən olur ki, böyrək bir, iki, üç böyrəkli olur. Yəni, bir böyrək şırımla bir neçə hissəyə ayrılır. Yaxud anomal şəkildə böyrəklər bitişik olur. Böyrəklərdən çıxan sidik kanallarının ağzı bağlı olur. Yaxud sidik kisəsinə girdiyi yerin ağzı bağlı olur. Bunlar cərrahi müdaxilə ilə həll olunan patologiyalardır.

 

- Bəzi hallarda oğlan uşaqlarının el içində deyildiyi kimi ”peyğəmbər sünnəti” ilə doğulduğunu eşidirik. Bu tibb aləmində patologiya sayılırmı?

- Bəli, belə hallar olur. Bu baxımdan ən çox müşahidə edilən patologiyalardan biri də sidik-cinsiyyət üzvlərinin anomaliyalarıdır. Bunlar nədir? Bəzən oğlan uşaqları “peyğəmbər sünnəti” ilə doğulur. Bu zaman anadangəlmə sünnət dəliyi normal yerində olmur. Sünnət dəliyi sünnətin aşağı hissəsində yerləşir. Bunların da orta, ağır, yüngül olmaqla bir neçə tipi var. Orta tipdə sünnət dəliyinin orta hissəsində olur. Yüngül tipdə uc hissəsinə yaxın yerləşir, eyni zamanda dəlik də dar olur.

Sünnət qısa, yarımsünnətli olduğu üçün ona “peyğəmbəri sünnəti” deyirlər. Normalda uşağın sünnət hissəsi bütöv və sirkulyar olmalıdır. Anomaliyada isə  yarımsünnətli olur. Dəlik inkişaf etmədiyi kimi, sünnət dərisinin alt hissəsi də inkişaf etmir və bu, patologiya sayılır.

 

- Olurmu ki, uşaq “peyğəmbər sünnəti”ilə doğulsun, amma patologiya qeydə alınmasın?

- Olur. Bəzən “peyğəmbər sünnəti” ilə doğulan uşaqda sidik axarı yerində olur. Amma buna çox nadir hallarda rast gəlinir. Çox vaxt bu kanal yerində deyil, aşağıda yerləşir. Bir çox insanlar  uşağı “peyğəmbər sünnəti” ilə doğulub deyə, sünnət etdirmir. Doğrudan da “peyğəmbər sünnəti” ilə doğulan uşaq sünnət olunmamalıdır. Bəzən valideynlər səhvən həmin uşaqları sünnət etdirirlər, amma olunmamalıdır. Səhvən sünnət edildikdə, cərrahi yolla kanalı uzatmaq üçün sünnət dərisindən istifadə edirik. Biz ağız içindən sulu hüceyrə götürərək sünnət dəliyinin ucuna gəlməsini təmin edirik . Beləcə kanal da normal fəaliyyət göstərməyə başlayır. “Peyğəmbər sünnəti” ilə doğulan uşaq əlavə olaraq sünnət edilmədiyi halda əməliyyat olduqca rahat keçir. Həm sünnətin əyriliyini düzəldirik, eyni zamanda da dəliyi kanalın ucuna gətiririk. Bununla da uşağın canı qurtarır.

 

- Doktor, “peyğəmbər sünnəti” ilə doğulanlarla bağlı konkret statistika varmı?

- Konkret demək olmaz. Amma hər 300 doğulan uşaqdan 1-2 nəfərində “peyğəmbər sünnəti” patologiyası qeydə alınır. Qeyd edim ki, bu patologiya gedərək artmaqdadır. Yəni, olar bilər ki, hər 250-280 uşağın 1-2 nəfərində də qeydə alınsın.


- Mövzunu davam etdirmək istərdim. Son vaxtlar oğlan uşaqlarının sünnət edilməsində lazer üsulundan geniş istifadə olunmağa başlayıb. Bununla yanaşı, bəzi valideynlər lazerdən imtina edərək, dədə-baba üsuluna-dəlləklərə müraciət edir. Hər iki üsulun müqayisəsini apararaq fəsadları barədə məlumat verərdiniz...

- Ümumiyyətlə, lazerlə sünnət edilməsi yeni çıxıb. Bəzi həkimlər elektrokalkulyatorla, bəziləri lazerlə sünnət edir. Bir qisim də var ki, sünnəti adi cərrahi üsulla gerçəkləşdirir. Qeyd edim ki, lazerlə sünnətin fəsadlarının nəticələri daha bəlli deyil.

 

-Nəticələrin bəlli olmamasının səbəbləri nədir?

- Çünki, hələlik lazerlə sünnətin erkən fəsadları ortalıqda yoxdur. Olanlar da aradan qaldırılır. Yəni ola bilir ki, bəzi uşaqlarda lazerlə sünnətdən sonra yara gec sağalır. Amma ümumi fəsadların meydana çıxması üçün ən azı 15-20 il lazımdır. Dövr keçdikcə müşahidə edilməlidir ki, bu uşaqların sünnəti inkişafdan qalırmı, qalmırmı. Əgər inkişafdan qalmırsa, qarşıda həmin uşaqların ata olmaq qabiliyyəti necədir. Bunu dəqiqləşdirmək üçün zamana ehtiyac var. Daha bunlar ortaya çıxmayıb. Təbii ki, hər bir texnikanın bir fəsadı var. Bu fəsadları aydınlaşdırmaq üçün isə lazerlə sünnət olunan uşaqların bəlli bir yaşa gəlməsi gərəklidir. Hələlik lazerlə sünnətin uzunmüddətli pis tərəfini görmürük.


- Bu baxımdan köhnə, dədə-baba üsuluna üstünlük verilməsinimi məsləhət görürsünüz?

- Bəli, ən yaxşısı dədə-baba üsuludur.


- Yəni oğlan uşaqlarını sünnət etdirmək üçün dəlləklərəmi üz tutsun valideynlər?

- Dədə-baba dediyimiz cərrahi yolla etdirsinlər. Dəlləklər yox, biz bildiyimiz uşaq cərrahları və uşaq uroloqları bunu etməlidir. Qıraqdan kimsə, başqa həkimlər bunu bacarmaz. Həkimlərdən “bacarıram” deyib, adi sünnətçilər kimi də edənlər var. Amma, bu, doğru deyil. Sünnət qayda-qanunla olunmalıdır. Lazerlə sünnətin nəticələri, uzaq fəsadları daha sonra bəlli olacaq.



- Doktor, ən pis halda fəsadlar nə ola bilər?

- Məsələn, arzu etməsək də 15-20 il sonra ata olmaq problemləri ortaya çıxacaq. 30 il sonra sünnət hissəsində xərçəng olacaqmı-olmayacaqmı, onu da bilmirik. Çünki lazerlə dərini yandırırlar. Yəni, kiçik yaşda lazerlə sünnət olunan oğlan uşaqlarının sünnət hissəsinin xərçəng olma riski var.

Ona görə bunları diqqətə alıb, uşaqları dədə-baba qaydası ilə sünnət etdirmək məsləhətdir. Həmin uşaqlarda bu patologiyalar gözlənilmir.

 

- Bəs oğlan uşaqlarının hansı yaşda sünnət olunmasını məsləhət görürsünüz? Adətən valideynlər çox kiçik yaşlarda uşaqları sünnət etdirməkdən qorxur.

- Normalda uşaq 40 günündən 1 yaşına qədər sünnət olunmalıdır. Əgər bu müddətdə olunmursa, 1 yaşından sonra psixomotor inkişaf dövrünü keçdikdən sonra sünnət edilməlidir. Çünki bu dövrdə uşaqda yaddaş, sinir sistemləri, yerimə mərkəzi inkişaf edir. Psixomotor inkişaf dövründə sünnət olunan uşaqlarda əngəllər meydana çıxır. Danışmaq istəyən uşaqlar kəkələməyə başlayır, yerimək vaxtında yerimir və s. Ona görə də bu uşaqlara qorxu travması verilməməlidir. Əgər qeyd etdiyim dövrdə sünnət edilirsə də, çox ciddi şəkildə keyidilərək yaxud narkoz altında olunmalıdır. Amma 4 yaşından sonra uşaq nə vaxt “sünnət olunmaq istəyirəm” deyərsə, o vaxt müraciət etmək lazımdır.


- Uşaqlar əməliyyata girməzdən əvvəl onlara psixoloji dəstək verilirmi?

-Yaşı azdırsa, olanları anlamırsa, psixoloji dəstəyə ehtiyac qalmır. Amma əməliyyatı dərk edəcək yaşdadırsa, ən azı 2 yaşından yuxarıdırsa, mütləq şəkildə personal dəstəyi, valideyn qayğısı artırılır.

 

- Hesab edirəm ki, sünnət məsələsinə kifayət qədər aydınlıq gətirdiniz. İndi də azyaşlı övladı olan valideynləri narahat edən çöpçülərdən danışaq. Doğurdan da uşağın boğazında çöp qalırmı? Ümumiyyətlə dünya praktikasında çöpçü deyə bir peşə mövcuddur?

- Çöpçü dediyiniz Azərbaycanın ərsəyə gətirdiyi bir sənətdir. Çünki dünyanın heç bir yerində -Türkiyədə, İranda, Rusiyada, Avropada, Amerikada belə bir praktika yoxdur. Həqiqətən də uşağın boğazında çöp qalır. Bu belə bir şeydir ki, boğaz infeksiyalaşır. Faringit, laringit, tonzilit hallarında yediyimiz yeməklər boğaza yapışır. Bunlar isə bakteriyaların inkişafı üçün daha münbit şərait yaradır. Münbit şərait olduğu üçün bakteriyalar sürətlə inkişaf etməyə başlayır. Həmin nahiyə yara olur, yaxud infeksiya toksinləri ilə əhatələnir. Bu halda temperatur da yüksəlir, xəstəlik də şiddətlənir. Biz çöpçüyə getdiyimiz zaman çöpçü uşağın burnuna, boğazına üfürür. O, boğazda qalan qırıntıya üfürməklə oradakı parçaları təmizləməyə çalışır, amma tam təmizləyə bilmir. Bir hissəsini təmizləyir və biz o mikrobları uduruq. 5-6 saat sonra temperatur düşür, uşaq nisbətən düzəlir, yemək yeməyə başlayır. Yemək yeyəndən sonra yenə eyni problemlər davam edir. Ona görə də xəstə uşağa bol-bol su içirtmək lazımıdır. Eyni zamanda infeksiyanı aradan qaldırmaq üçün normal bir pediatr yanına gedərək, boğazı müalicə etmək, həmçinin xəstəyə antibiotik vermək lazımdır. Belə olan təqdirdə çöpçüyə ehtiyac da qalmayacaq. Çünki çöpçülərin çox fəsadları var. Bəzi yerlərdə çöpçülər ağızlarında, əllərində gizlətdikləri hansısa kiçik qırıntını- günəbaxan tumunu, vişnə çəyirdəyini, alma qabığını, klyonkanı uşağın boğazına üfürür ki, guya bunu o çıxarıb. Təbii ki, bunu özlərinə inam yaratmaq, prestijlərini qaldırmaq üçün edirlər. O şəkildə dəfələrlə bizə xəstələr müraciət edib. Çöpçünün “çöpü çıxardım” deyərək üfürdüyü şey uşağın nəfəs yoluna düşüb. Uşaq boğulub ölümdən qayıdıb. Hətta bu hallarda yolda ölənlər olub. Biz boğulan uşağı narkoz altına alıb əlavə travma ilə yad cisimləri nəfəs yolundan çıxarmışıq.
Baxın, çöpçüyə müraciətin  belə fəsadları var. Ona görə öz körpələrinizin nəfəsini, sağlamlığını bilmədiyiniz birinə etibar etməyin. Bu cür fəsadlarla nəticələnəcəyini nəzərə alaraq çöpçüyə getmək yox, infeksiyanı müalicə etmək lazımdır.


- Kiçik yaşlı uşaqlar həyətdə qaçarkən, yaxud elə evdə oynayarkən qəfil hərəkətlərdən yıxılıraraq qolunu, ayağını əzir. Bu zaman valideynlər yenə də travmatoloqa deyil, ənənəvi sınıqçılara üz tuturlar...

- Doğrudur, amma bu sınıqçı məsələsi artıq geridə qalıb. Niyə? Böyük şəhərlərdə, rayonlarda köhnədən olan sınıqçılar demək olar ki, yoxdur. Artıq hamı bilinclənib və ona görə də travmatoloqa gedirlər. Bu periferiya yalnız ucqar kəndlərdə qalır. Amma onların da etdiyi şey həkimin etdiyi şeyə bənzəyir, bu neçə illərin təcrübəsidir. Məsələn, onlar da gipsə bənzər, yumurta, unla hazırlanmış qatqı ilə gips hazırlayaraq zədələnmiş nahiyəyə qoyurlar. Həmin nahiyə hərəkətsiz qalaraq sağalır. Bu təhlükəli deyil. Hətta bu tendensiya da tədricən yox olmağa başlayır. Ona görə də narahat olmağa dəyməz.


- Bu gün valideynlərdən tez-tez eşitdiyimiz bir diaqnoz var: “dolixosiqma”. Nədir bu xəstəlik? Müalicəsi varmı?

- Qəbzlik  yenidoğulmuşlarda tez-tez müşahidə olunan haldır. Yeməklərlə, qidalarla əlaqədar uşaqlar normal rejimlə yemirlər. Ailələr də bu işdə çox vaxt titizlik edir, uşaqların üstündə əsirlər, “əlini ora vurma, bura vurma, mikrobdur”, “suya vurma”, “soyuq su içmə xəstələnərsən” və s. kimi qadağalar olur. Bu isə uşaqları normal həyat tərzindən çıxarır. Normal həyat tərzindən çıxarıldığı, qidalanma normal getmədiyi üçün uşaqlarda qəbzlik problemləri yaşanır. Qəbzlik nəticəsində uşaqlarda qorxu meydana çıxır. Çünki nəcis bərk olduğu üçün onları narahat edir və növbəti dəfə bayıra getdikləri yerdə çat əmələ gələr deyə etmirlər. Beləcə onların beynində qorxu yaranır, yarandıqca da nəcis bağırsağın içərisində yığılır və torbalaşır. Bu da dolixosiqma patologiyasını meydana çıxarır. Bu, əksərən əməliyyat olunmadan, müalicə ilə keçən patologiyadır. Çünki burada ilkin olaraq qəbzliyi yaradan səbəblər aradan qaldırılır.




- Mədə-bağısaq problemindən söz düşmüşkən, yenidoğulmuşlarda eyni zamanda ishal problemləri yaşanır. Əgər körpə gün ərzində 2 dəfədən çox bayıra çıxırsa və bu hal 4-5 dəfəyə qədər artırsa, pediatrlar dərhal analizlərə göndərir. Hətta nəticəni gözləmədən uşağın bağırsağında bakteriya olduğunu 100 faizlik əminliklə deyir və dərhal antibiotik təyin edir.

- Əlbəttə, bu, düz deyil. Həmin müdaxilələr, təyin olunmuş dərman pereparatları, antibiotiklər bağırsağın normal funksiyasını pozur. Daha sonra bağırsağı bərkidir və qəbzlik yaranmasına gətirib çıxarır. Niyə doğru deyil? Çünki yenidoğulmuş uşağın gün ərzində 1-5, 2-4 dəfə bayıra çıxmağı normaldır.

 
- Uşaqlarda həm də tez-tez rast gəlinən problem sidikqaçırmadır. Bu problemin tamamilə aradan qaldırılması mümkündürmü?

- Sidikqaçırma nevrolojik, anatomik ola bilir. Bizim daha çox rast gəldiyimiz nevrolojik vəziyyətdir. Bu da sidik kisəsinin və sidik yollarının nevrolojik vəziyyətlərilə əlaqədar olur. Bəzən olur ki, infeksiyalar da bunu yarada bilir. Adətən gecə və gündüz sidikqaçırmaları olur. Gecəqaçırmaları 5 yaşına qədər müalicəsiz də keçir. Keçməyənləri biz müalicə və ailə dəstəyi ilə yoluna qoyuruq. Əgər bunlar 5-6 yaşından sonra da davam edirsə, qızdırma, nəcisqaçırma, sidiyini saxlamaq, qaçırıb saxlamaq, kəsik-kəsik getmək kimi başqa simptomlar da meydana çıxırsa, onu daha ayrıntılı şəkildə müayinə edilir və müalicələr təyin olunur.


- Allahverdi doktor, xərçəng günümüzün əlacı tapılmayan xəstəliyidir. Mədə-bağırsaq əməliyyatlarında iştirak edən uroloq-cərrah olaraq yenidoğulmuşlarda mədə xərçənginə, bağırsaq xərçənginə, ağciyər xərçənginə rast gəlmisinizmi?

- Yenidoğulmuşlarda adətən bu tip xərçəng olmur. Onlarda daha çox qan xərçənginə rast gəlinir. Ümumiyyətlə yenidoğulmuşlarda bağırsaq xərçəngi qeydə alınmır. Qan xərçənginin daşıyıcısı olan uşaqların ölüm riski yüksəkdir. Çünki bildiyiniz kimi xərçəngin müalicəsi üçün müxtəlif terapiyalar tətbiq edilir. Körpə orqanizmi zəif olduğu üçün bəzən bunları qaldıra bilmir.


- İnternet əsrinin bəlalarından biri də telefonlar və kompüterlərdir. Uşaqlarımızı bu vərdişlərindən uzaq tuta bilmirik. Həkimlər, ekspertlər, mütəxəssislər israrla uşaqlarınızı şüalardan uzaq tutun deyirlər, amma...

- Bunların hamısı şüadır. Şüa olduğu üçün də çalışıb uzaq durmaq lazımdır. Təbii ki, uşağı heç nədən tamamilə təcrid etmək olmaz. Amma çalışıb bu kimi vərdişlərdən uzaq tutmaq lazımdır. Kompüter, telefon şüa olduğu üçün bədəndə, sümükdə, qanda, ümumiyyətlə orqanizmdə yatan bəzi hüceyrələri oyadır. Oyanma nəticəsində isə müəyyən xəstəliklərin, xüsusilə gələcəkdə xərçəng xəstəliyinin ortaya çıxma riskini yüksəldə bilir.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!