Modern.az

Gəncədə “Gənclik və dövlət müstəqilliyi” mövzusunda konfrans keçirildi

Gəncədə “Gənclik və dövlət müstəqilliyi” mövzusunda konfrans keçirildi

21 Oktyabr 2016, 15:50

Nizami yurdunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında 24 fevral 2016-cı il tarixli və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında 11 oktyabr 2016-cı il tarixli Sərəncamlarına əsasən “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə “Gənclik və dövlət müstəqilliyi” mövzusunda konfrans keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyi təşəbbüsü ilə keçirilən konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və ictimaiyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, azərbaycançılıq ideyasından danışıb. Ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edən Elnur Rzayev xüsusi vurğuluyub ki, gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş görülür.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün xalqımız tarixin şanlı səhifəsini yaşayır. Bu gün Azərbaycan gənci nəinki ölkə daxilində gedən proseslərdə fəallıq göstərir, eləcə də beynəlxalq miqyasda müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir. Aprel ayında cəbhədə baş verənlər Azərbaycan dövlətinin, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Xalqımızın, gənclərin yüksək vətənpərvərlik ruhunun şahidi olduq.

 

Deputat Pərvin Kərimzadə 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.

Prezident yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan Faiq Qürbətov qeyd edib ki, ulu öndər Heydər Əliyevin gördüyü işlər nəticəsində indi Azərbaycanda gənclər daha da inkişaf edib, yüksək nailiyyətlər əldə edirlər.

 

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.

 

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və digər tarixi nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanır.

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub