Modern.az

Pedaqoji Universitetdə Qabilin 90 illik yubileyi qeyd olunub

Pedaqoji Universitetdə Qabilin 90 illik yubileyi qeyd olunub

Aktual

21 Oktyabr 2016, 21:10

Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq Şair Qabilin 90 illik yubileyi qeyd olunub.

ADPU-dan bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov görkəmli şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Bildirilib ki, Qabil Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında oxuyub. Onlarla şeir kitabının, poemanın, o cümlədən “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik poemanın müəllifidir. Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri olub. Qabilin şeirləri ilə yanaşı, poemaları da oxucular tərəfindən yüksək dəyərləndirilir. Elə buna görə də əsərləri həmişə oxunur, mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən səsləndirilir. Onun yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Xalq Şairi bir sıra orden və medallara layiq görülüb.

Tədbirdə professor Buludxan Xəlilovun “Qabilin ədəbi portreti” mövzusunda məruzəsi dinlənilib.

Sonra professorlar Himalay Qasımov, Zahid Xəlil, tanınmış şair, Əməkdar Müəllim Oqtay Rza görkəmli şairlə bağlı xatirələrini bölüşüblər.

Məruzə və çıxışlarda Qabilin yaradıcılığı hərtərəfli təhlil edilib, onun səmimi, qayğıkeş, müdrik, xeyirxah insan, vətənpərvər şair, əsl ziyalı olduğu vurğulanıb.

Şairin oğlu tanınmış yazıçı-publisist Mahir Qabiloğlu tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və atası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Qabilin şeirlərindən nümunələr səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı