Modern.az

Kərkük qan gölünə dönüb, xəstəxanalar yaralılarla doludur - ÖZƏL

Kərkük qan gölünə dönüb, xəstəxanalar yaralılarla doludur - ÖZƏL

22 Oktyabr 2016, 10:16

“İŞİD terror təşkilatı Kərkükə, bu şəhərdəki türkmən mərkəzlərinə hücum edib. Bu, hələ də davam edir. Vəziyyət nəzarət altına alınmayıb”. Bunu Modern.az-a açıqlamasında İraq türkmənlərinin Ərbil şəhərindən olan millət vəkili Aydın Maruf deyib.

 

Onun sözlərinə görə, hazırda Kərkükdə 100-dən çox yaralı var. Millət vəkili bildirib ki, xəstəxanalar, tibb məntəqələrində çoxlu sayda yaralı da var.

 

“Bilirsiniz ki, bizim “Türkmeneli” televiziyasının xəbər direktoru da öldürülüb. Kərkükdə vəziyyət gərgin olaraq qalır, şiddətli döyüşlər hələ də davam etməkdədir. İŞİD-in əsas məqsədi insanları qorxutmaqdır. İŞİD Mosulda beynəlxalq güclərin və İraq qüvvələrinin əməliyyatına reaksiya olaraq belə addımlar atır. İŞİD istəyir ki, Mosulu terrorçulardan təmizləmək üçün aparılan əməliyyat təxirə salınsın”,-deyə A. Maruf əlavə edib.

 

Millət vəkili Türkiyənin Kərkükə yardım etməməsi ilə bağlı deyilənlərlə razı olmadığını da vurğulayıb.

 

“Türkiyə həmişə bizə yardım edir. Həm, diplomatik, həm siyasi, həm də humanitar yardım. Rəsmi Ankara davamlı olaraq bizə dəstək verir. Amma biz bütün türk dünyasından dəstək gözləyirik. Biz Türkiyə Silahlı Qüvvələri başda olmaqla,  beynəlxalq koalisiyanın Mosulda əməliyyat aparmasını dəstəkləyirik”.

 

Xatırladaq ki, Türkiyə və ABŞ İŞİD-ə qarşı birgə mübarizə ilə bağlı razılıq əldə edib.

ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, hər iki dövlətin rəhbərliyi İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazası və İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək üçün prinsipial razılığa gəlib.

 

Aqşin KƏRİMOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir