Modern.az

Sonuncu Rəsulzadə - 70: gizli qalan MƏQAMLAR

Sonuncu Rəsulzadə - 70: gizli qalan MƏQAMLAR

22 Oktyabr 2016, 11:34

Rais  Rəsulzadənin  70 yaşı münasibəti ilə

Düşünürdüm ki, bu yazımda babası haqqında - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan M. Ə. Rəsulzadə ilə bağlı az məqamlara toxunum. Çünki məqsədim daha çox onun haqqında oxuculara məlumat vermək idi. Lakin sonradan düşündüklərimə bir qədər əlavələr etdim: fikirləşdim ki, o, fərd olaraq necə maraqlı, çətin, əziyyətli, millətə faydalı (bu haqda aşağıda məlumat verəcəyəm) ömür yaşasa da, onu daha çox M. Ə. Rəsulzadənin nəvəsi kimi tanıyırlar.

 

Əslində o, bundan çox da narahat deyil (baxmayaraq ki, onun adı ilə bağlı bütün həyatı məşəqqətlər içində keçib, sürgündə doğulub, orada böyüyüb və s.), lakin bir məqamdan gileylidir ki, özünün çox gözəl bir rəssam və pedaqoq olduğu nədənsə unudulur.

 

Elə indiki 70 yaşı və yubileyi unudulan kimi. Əslində bu məqaləni yubileyindən əvvəl yazıb (onun doğum günü noyabrın 1-dir) ictimaiyyətə çatdırmağımın da başlıca bir səbəbi var: insanlar onu unutmasın, sevsin, dəyərləndirsin və yaşatsın! Ona bu yubileyində hansı mükafatın, ordenin, medalın, fəxri adın veriləcəyi də önəmli deyil (bu, heç o qədər də gözlənilmir). Əsas odur ki, onu unutmayaq. O, M. Ə. Rəsulzadənin oğlu Azərin oğludur, böyük bir şəxsiyyətin nəvəsidir və o nəslin son davamçısıdır.

 

Rais 1946-cı ilin noyabr ayında sürgündə - Qazaxıstanın Alma-Ata vilayətinin, Kirov rayonunun Kirov qəsəbəsində anadan olub. 3 yaşında anası  (Şölə xanım)  dünyasını dəyişib. Uşaqlıq illərindən qardaşı Ramizlə (onun 7 yaşı vardı) anasız qalmağın əzabını çəkib, çətinliklə böyüyüb. Karaqanda şəhərində orta məktəbə gedib və şagirdlər arasında həmişə fərqlənib. Onun yaxşı təhsil almaqla yanaşı, gözəl rəsm əsərləri çəkməyi, məharətlə şahmat oynamağı da vardı. Karaqandada orta məktəbdə oxuyarkən şahmat üzrə məktəb çempionu olmuş, vilayət yarışlarında iştirak etmişdi. Həmin dövrdə Qazaxıstan çempionu Boris Kataumovla da heç-heçə oynamışdı.

O, şahmat üzrə birinci dərəcəli şahmatçıdır.

 

Rəssamlığa isə hələ uşaq yaşlarından maraq göstərib. Atası Azər Rəsulzadə gözəl rəssam idi və sürgündəki uşaqlara rəsm çəkməyi öyrədirdi (qeyd edim ki, Azər Rəsulzadə ilə 1990-cı ildə Karaqandaya gedib görüşmüş və ondan geniş məlumatlar əldə etmişdim. O, sonralar məşhur “Mixaylo” adı ilə tanınan Mehdi Hüseynzadə ilə Novxanıda bağ qonşusu olmuş, dostluq etmiş, birlikdə rəssamlıq sənətini öyrənmişdilər).

 

Beləliklə, Rais həm də rəssam ailəsində böyümüşdü. Elə bunun nəticəsi idi ki, orta məktəbdə oxuya-oxuya, paralel şəkildə qiyabi olaraq N. K. Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində əlavə təhsil alıb. Belə ki, bu universitet Moskvada tələbələrin tez-tez sərgilərini keçirirdi. Onun rəsm əsərləri bu sərgilərdə daima nümayiş etdirilirdi. Çəkdiyi rəsm əsərləri sırasında natrümot, mənzərə, kompozisiya, portret, incəsənət tarixi, rəngkarlıq texnologiyası vardı. Orta məktəbi bitirdikdə onun 50-dən çox diqqəti cəlb edən rəsm əsərləri hazır idi.

 

1965-1969-cu ildə isə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq məktəbinndə təhsil aldı və oranı bitirdi. Bu illərdə həmin  məktəbin yataqxanasında yaşamışdı. Yataqxanada isə sonralar Azərbaycan mədəniyyətinin tanınmış simaları olan Rasim Balayev, Səməndər Rzayev, Mikayıl Mirzə, müğənni Qədir Rüstəmov da qalırdılar.Onlarla aralarında səmimi münasibət də yaranmışdı.

 

Raisin istedadlı rəssam olduğuna aid bir hadisə də vardır. O, Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində (bu şəhər məşhur inqilabçı-yazıçı Radişşevin vətənidir) əsgəri xidmət keçirdi. Orada 12 hərbi hissə arasında “Hərbi hissənin ən yaxşı tərtibi” mövzusunda müsabiqə keçirilirdi. Xidmət etdiyi hərbi hissə müsabiqənin  qalibi oldu. Bu qalibiyyətdə Raisin rəssamlıq istedadı önəmli rol oynamışdı. Müsabiqədəki uğurundan sonra hərbi hissələrin  Saratovda yerləşən komandiri, polkovnik(albay) Kazantsev onu özü ilə oraya aparmaq istədi. 15 gündən sonra onun Saratova aparılması üçün komandir tərəfindən xüsusi təyyarə göndərildi( bu adi bir sovet əsgərinin yüksək istedadının həm də nümunəsi idi ki, dəyərləndirilirdi). Saratovda, Baş qərargahda general Karakulko ilə onu  tanış etdilər. Bu tanışlıqdan sonra burada o, xüsusi yaradıcı  tapşırıqları yerinə yetirir, monumental əsərlərlə yanaşı, rəngkarlıq əsərlərini də yaradırdı.

 

Ona təklif etdilər ki, xidmətdən sonra qalıb Saratov Mərkəzində Uşaq bağçasında mozaika işləri aparsın. Hərbi hissənin generalının təkidli tələbinə və xahişinə baxmayaraq o, bundan imtina etdi. Və təbii ki, general bu istedadlı rəssamın Saratovda qalmasını istəyirdi. Çünki bu müddətdə Rais şəhərin bir çox kitabxanalarında portretlər işləmiş, stadionda isə mozaika işləri görmüş və bunlar hamısı bəyənilmişdi.

 

Onu isə Azərbaycan, Bakı özünə çəkirdi. Bura onun Vətəni idi. Burada onun doğmalarının ruhu yaşayırdı. 1918-ci ildə məhz burada onun babası M. Ə. Rəsulzadə ilk müstəqil Azərbaycan dövlətini qurmuş, xalqın başı üzərində üç rəngli bayrağı dalğalandırmışdı. Burada onun gənc əmisi Rəsul 19 yaşında güllələnmiş, buradan onun bütün ailəsi və qohumları sürgün edilmişdi.

Babası M. Ə. Rəsulzadə haqqında ilk bilgiləri isə atasından öyrənmişdi (orta məktəbdə oxuyanda). M. Ə. Rəsulzadənin ilk fotosunu sonradan ona qohumu, atasının xalası oğlu Oktay Sadıqzadə göstərmişdi.

1971-ci ilin dekabrında Bakıya gəldi. Bakıda havalar soyuq, qarlı-şaxtalı idi. Vətəndə, Bakıda qalmağa yer tapa bilmirdi. 2-3 aya qədər emalatxanalarda, əsasən də qohumu Toğrulun emalatxanasında qaldı.

Bir müddət sonra öyrəndi ki, bir dəfəlik sifarişi yerinə yetirmək üçün qeyri-yaşayış mənzilləri verirlər. İndiki Süleyman Rüstəm küçəsi-10 ünvanda bir zirzəmini də ona verdilər (başqa nə etməli, harada qalmalı idi?).

 

Həmin zirzəmidən iki maşın zibil təmizlədi. Oranı özü üçün həm yaşayış yeri, həm də  yaradıcılıq emalatxanası etdi. Zirzəmidə elektrik və isitmə sistemi olmadığından bir müddət paltosuna bürünüb oturur, soyuqdan yata bilmirdi (qeyd edim ki, həmin zirzəmini Rais bəy sonradan mənə də göstərmişdi).

 

Zirzəmidə qonşulardan gizli yaşayırdı. Hamı düşünürdü ki, o, buradan yalnız emalatxana kimi istifadə edir, axşamlar isə evinə gedir. Kimsənin ağlına gəlməzdi ki, belə havasız, rütubətli, qaranlıq zirzəmidə bu dövləti quran şəxsin nəvəsi yaşayır? Hətta burada yaşamaq icazəsi sənədinə  həkim də baxmış və qol çəkməmişdi. On bir pilləkən yerin aşağısında yerləşən zirzəmidə isə o, dayanmadan çalışır, gecə-gündüz işləyirdi. Həmin həyətdə yaşayan bir fotoqraf onun haqqında maraqlı  hekayə də yazmışdı: “Tərki-dünya”.

 

Həmin fotoqrafın Zeynəb Xanlarova haqqında da bir hekayəsi vardı. Hətta qonşular deyirmiş ki, o, heç kimlə danışmağa, görüşməyə meyl etmir, yalnız “padval”da (zirzəmi) işləyir, yəqin orada “pul” rəsmi çəkir.

 

Bir dəfə isə “uçastkovı” (sahə təlimatçısı) eşidib buraya gəlmiş və təəccüblə demişdi: “Altı ildir burada işləyirəm, belə yerdə yaşadığına inanmazdım”.

Amma həyat ağır idi və davam edirdi. Zirzəmi həyatı səhhətinə pis təsir edirdi və iki ay bərk xəstələndi də.

Bir dəfə isə ona dərs deyən bir müəllimlə  Qaz idarəsinin rəisi də bu zirzəmiyə gəldilər və vəziyyətlə tanış olduqdan sonra buraya tezliklə qaz xətti çəkdilər. On iki ilə yaxın o, bu zirzəmidə yaşadı.

 

1972-ci ildə Xalq rəssamı  Nadir Əbdürrəhmanovun təklifi ilə V. İ. Lenin adına Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun bədii qrafika fakultəsinə daxil oldu və 1977-ci ildə həmin institutu bitirdi.

 

Rais 1975-ci ildən bir sıra Beynəlxalq, Ümumittifaq və respublika bədii sərgilərinin iştirakçısıdır. 1978-ci ildən keçmiş SSRİ və Azərbaycan Rəssamlar  İttifaqının üzvüdür.

1978-ci ildə İnstitutu bitirdikdə fəallığını nəzərə alan rəhbərlik onu dərs demək üçün “rəsm, heykəltəraşlıq və boyakarlıq” kafedrasında əvvəl saathesabı müəllim, sonra müəllim vəzifəsinə irəli çəkdi. Hazırda isə o, bu institutun dosenti olaraq işləyir.

Qeyd edim ki, onun rəsm əsərləri Kubada (Havana-1980), Əfqanıstanda (1980-1981), Polşada (1988), ABŞ-da (Hyuston-1989) və başqa şəhərlərdə nümayiş etdirilib.

Son illərdə isə Azərbaycan Respublikası incəsənətinin Bakıda, Moskvada, İstanbulda  açılmış “Payız”, “Yaz”, “Novruz” sərgilərində iştirak edib. 1994-cü ildə onun I fərdi sərgisi, 1995-ci ildə isə II fərdi sərgisi açılıb.

1992-ci ildə rəssam dostları ilə cəbhə bölgəsinə gedib əsgələrlə görüşdülər, onları ruhlandırdılar.Qayıdandan sonra isə həmin əsgərlərin portretlərini yaratdılar.

 

2002-ci ildə o, Azərbaycan Respublikasının “Əməkdar Rəssamı” fəxri adına layiq görülüb.

 

Hazırda o, Azərbaycan mənzərələri çəkməyə üstünlük verir. Tez-tez rayonlara gedir, təbiəti daha da yaxından müşahidə edib, tablolara köçürür.

 

Tanıyanlar onu çox sevir, çox dəyərləndirirlər. Sənətinə vurğun olan bəzi dostları isə hətta ona şeir də həsr edirlər.

 

Bir dəfə Almaniyada müalicə olunarkən Raisin yanına getmişdim. Səfirlik əməkdaşından ona diqqətli olmalarını xahiş edəndə bu cavabı eşitdim: “Bilirsiniz, o, elə davranır ki, ona hörmət qoymamaq, onu dəyərləndirməmək mümkün deyil. Olduqca mədəni və səviyyəli insandır”.

 

Bu sözləri eşidəndə Stalinin onun babası M. Ə. Rəsulzadə haqqında dediklərini xatırladım. (“Stalinlə ixtilal xatirələri kitabı”ndan). M. Ə. Rəsulzadəni burada ölümdən xilas edib özü ilə Moskvaya aparan Stalin ondan heç bir xahişi belə etməyən keçmiş inqilabçı dostu haqqında deyir: “Qəribə insandır, bu Rəsulzadə... Heç bir arzu, heç bir ehtiyac ərz etmir”.

 

1989-cu ildə onunla professor Murtuz Sadıqovun vasitəsi ilə tanış olmuşdum. O dövrdən 27 il keçir. Biz onunla yaxın dostuq. O, M. Ə. Rəsulzadənin nəvəsidir, mən isə onun tədqiqatçısı. Ancaq onu həm də istedadlı, gözəl rəsm əsərlərinin müəllifi, tələbələrinin sevimli müəllimi olan bir pedaqoq, yüksək mənəviyyatlı dost  kimi də  dəyərləndirirəm.

 

Rais Rəsulzadə ömrün yetmiş ilini çox acınacaqlı olsa da, çox da mənalı yaşayıb!

 

Nəsiman Yaqublu

tarix elmləri doktoru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir