Modern.az

“New York Times” qəzeti Alim Qasımovdan yazdı...

“New York Times” qəzeti Alim Qasımovdan yazdı...

24 Oktyabr 2016, 09:58

Oktyabrın əvvəllərində ABŞ-nın Berkli, Sietl və Ann Arbor şəhərlərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının yeni versiyası böyük uğurla nümayiş etdirildi. Bu tamaşalarda Azərbaycanın böyük muğam ustası Xalq artisti Alim Qasımov, qızı və tələbəsi, Əməkdar artist Fərqanə Qasımova  iştirak edirdilər.
Tamaşalarda Üzeyir bəyin ölməz musiqisi ilə bərabər rəqs səhnələri təqdim olunurdu. Həmin rəqs səhnələri müasir xoreografiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin tərəfindən hazırlanmışdı. İfalarda dövrümüzün məşhur violonçel çalanı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak etdi. Konsertlər amerikalıların böyük marağına səbəb oldu və böyük hərarət və heyrət hissləri ilə qarşılandı.


Modern.az-ın məlumatına görə, ABŞ-nın aparıcı qəzetləri, o cümlədən yüksək nüfuzlu “New York Times” qəzeti tamaşa haqqında məqalələr dərc edib...

Bu layihənin təşəbbüsçüsü böyük muğam ustadımız Alim Qasımovdur. Dünyanın ən mötəbər konsert zallarında Azərbaycan musiqisini təbliq edən böyük sənətkar 2006-cı ildə “Leyli və Məcnun”un yeni versiyasını hazırlayaraq, operadan parçalar seçib, onları Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblına təqdim etmişdi. Ansamblın üzvləri Conni Gəndelsman və Kolin Ceykobsen də həmin seçmələri aranjiman edərək nümayişə hazırlamışdılar. 2007-ci ildə yaranan “Leyli və Məcnun”un yeni versiyası ABŞ-nın bir çox şəhərlərində, eləcə də Kanadanın Toronto şəhərində, Fransanın Villekroz şəhərində və nəhayət Qətərin Doha şəhərində ifa olunmuşdu...


Mark Morris elə o zamanlardan “Leyli və Məcnun”un yeni versiyasının yaranmasını düşünürdü. Nəhayət, 2016-cı ildə Mark Morris öz layihəsini gerçəkləşdirdi və yeni “Leyli və Məcnun”un ilk tamaşası Kaliforniya ştatının Berkli şəhərində baş tutdu. Mark Morrisin təbirincə, o, bu işində musiqi ilə yanaşı, “Leyli və Məcnun” poemasından, şərqin təsviri sənətindən də ilham alıb. “Leyli və Macnun”un səhnə tərtibatı, eləcə də musiqiçilərin və rəqqasların libasları tanınmış Britaniya rəssamı Hovard Hockin tərəfindən işlənib. İncəsənət nümunələrindən ibarət zəngin kolleksiyası olan Hockin ideyalarının bir çoxunun qədim və orta əsr şərq miniatürlərindən təsirlənərək yaratdığını etiraf etdi.


Fərqanə xanım Alim Qasımovla birlikdə Leyli ilə Məcnunun faciəvi məhəbbətini, amma eyni zamanda onları əbədiyyətə qovuşduran məşhur əfsanəsini tamaşaçılara mükəmməl şəkildə çatdırdılar. Onlar zəngin, məharətli ifaları ilə səhnədəki musiqiçi və rəqqaslara da sirayət edir, qədim muğamla müasir rəqsin vəhdətinin yaranmasına nail oldular. Amerika tamaşaçıları bizim böyük muğam ustadlarımızı gürultulu alqışlarla salamladılar, onların ifalarından yüksək zövq aldıqlarının etiraf etdilər...

Alim və Fərqanə Qasımovların Azərbaycan musiqisinin dünyada təbliği və tanınması sahəsinə verdikləri töhfələr ABŞ-da fəaliyyət göstərən azərbaycan mədəni cəmiyyətləri tərəfindən də yüksək qiymətləndirildi. “Leyli və Məcnun”un sonuncu tamaşasından sonra ABŞ-nın Miçiqan ştatında yaşayan tanınmış tibb mütəxəssisi Doktor Şapur Ənsari bizim böyük muğam ustadlarımıza fəxri fərman təqdim etdi.

Bu tamaşada Alim və Fərqanə Qasımovları müşayiət edən, əməkdar artist, kamança ifaçısı Rauf İslamovun və tar ifaçısı Zəki Vəliyevin də xidmətləri müstəsnadır. Onlar həm xanəndələrə dəstək verir, həm də “İpək Yolu” ansamblının üzvləri arasında bir körpü yaradırdılar. “İpək Yolu”nun musiqiçiləri də öz məharətli ifaları ilə Üzeyir bəyin ölməz əsərinə yeni rənglər qatdılar...

Tamaşanın əvvəlində gənc muğam ifaçıları, müxtəlif muğam müsabiqələrinin laureatları Kamilə Nəbiyeva, Mirələm Mirələmov Azərbaycan musiqisindən seçmələri dinləyicilərə orijinal formada, yəni tar və kamança vasitəsi ilə təqdim etdilər...

Onu da qeyd edək ki, “Leyli və Məcnun” layihəsinin elmi məsləhətçisi, tanınmış Azərbaycan musiqişünası, Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetinin Ceykobs Musiqi Məktəbinin müəllimi Aida Hüseynovadır. Aida xanım tamaşalardan əvvəl mühazirələrlə, eləcə də “Leyli və Məcnun” əsərinə həsr olunan simpoziumlarda elmi məruzələri ilə çıxış edərək, dahi Ü.Hacıbəyov musiqisinin ABŞ-da da tanınmasına nail olub. Konsert bukletlərinə daxil edilən “Leyli və Məcnun” haqqında məlumatlar, o cümlədən qəzəllərin ingilis dilinə tərcümələri də məhz Aida Hüseynovaya məxsusdur. Görkəmli Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” silsiləsindən rəsmləri də həmin layihə çərçivəsində təqdim olundu. Həmin rəsmlər tamaşaların təqdimat bukletlərində, həm də Berklidə keçirilən elmi simpozium zamanı səhnədə nümayiş etdirildilər.

Alim Qasımovun bənzərsiz ifası sayəsində gerçəkləşən “Leyli və Məcnun” operasının ABŞ-dakı tamaşaları Azərbaycan musiqi və mədəniyyəti üçün olduqca mühüm hadisədir. Layihə davam edir, inanırıq ki, “Leyli və Məcnun” bu yeni quruluşda tezliklə Azərbaycan tamaşaçılarına da təqdim olunacaq.

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu