Modern.az

İcra başçıları və deputatlar...

İcra başçıları və deputatlar...

Parlament

24 Oktyabr 2016, 11:42

Deputatlar bəzi vaxtlarda təmsil etdikləri rayonlarda maneələrlə qarşılaşırlar. Bu maneəni onlara çox vaxt icra hakimiyyətinin başçıları yaradır. Deputatlarla icra başçıları arasında zaman-zaman gərginliklər yaşanır.  İcra başçıları idarə etdikləri rayonlarda özlərini adətən şah hesab edirlər. Bəzən vətəndaşların şikayətlərini icra başçılarına çatdıran deputatlar uzun müddət qəbulda gözlədilir. Bəs əslində bu məsələ necə tənzimlənməlidir? İcra başçılarının deputatları qəbulda gözlətmə hüququ varmı?

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli mövzu ilə bağlı Modern.az-a danışlb.

O bildirib ki, hüquqi cəhətdən  deputat və icra başçısının bir birinə tabeliyi yoxdur, onlar ayrı-ayrı hakimiyyət qollarıdır.

 

“Deputat ali qanunverici hakimiyyətə seçilmiş nümayəndədir. Həmin seçki dairəsində ali qanunverici hakimiyyətin üzvüdür. Statusuna görə yüksəkdir, ondan yuxarı qanunverici hakimiyyətdə heç kim yoxdur. Necə ki, icra hakimiyyətində ən yüksək pillə prezident, baş nazirdir, məhkəmə də hakimlərdir, eləcə də deputatlar qanunverici hakimiyyətin ən yüksək pilləsidir. Təbii ki, deputatlar öz aralarında Milli Məclisi idarə etmək sədr, müavinlər, komitə sədrləri seçmək səlahiyyətinə malikdirlər. Amma  icra başçıları, prezident tərəfindən təyin olunan məmurlardır. Doğrudur, onlar ali hakimiyyət nümayəndələri deyillər, ancaq ali hakimiyyətin təyin etdiyi nümayəndələrdir. Belə deyək ki, arxasında prezidentin siyasi və hüquqi iradəsi dayanır. Ona görə də rayonun idarə edilməsi icra başçısına bağlıdır”.

 

Deputatın sözlərinə görə, gələcəkdə bu sahədə müəyyən təkmilləşdirmələr etmək vacibdir.

 

“Yəni, prezidentin nümayəndələri yalnız qanunların, prezidentin sərəncam və fərmanların necə icra olunmasına nəzarət etməlidir. Ancaq bizdə hələki dövlət qulluğu prosesi davam etdiyində görə, prezidentin təyin etdiyi nümayəndələr idarə etmə ilə məşğul olurlar. Hüquqi cəhətdən bir-birinə tabeçiliyi yoxdur. Amma məsələ budur ki, deputata rayon ərazisindən çoxlu şikayətlər daxil ola bilər, həmin ərazilərdəki təşkilatları və qurumların fəaliyyəti bağlı şikayətlər”-deyə əlavə edib.

 

Tahir Kərimli bildirib ki,  yerlərdə deputat və icra hakimiyyətinin arasında ədavətlərin olması ilə bağlı onda  məlumatlar var. 

 

“Mənim deputatı olduğum Ağsu-İsmayıllı seçki dairəsində xoşbəxtlikdən belə hallara rast gəlinmir. Həm Ağsu Rayonu icra Hhkimiyyətinin başçısı Ənvər Seyidəliyev, həm də İsmayıllının icra başçısı  Mirdamət Sadıqovla şəxsən mənim və İsmayıllı rayonundan olan başqa deputatımızın münasibətlər normaldır, aramızda heç bir problem yoxdur. Mən arzulamıram ki, başqalarında olduğu kimi bizim də aramızda ədavət olsun.

 

“Deputat statusu haqqında” qanunda göstərilir ki,  nəinki icra başçısının, heç kimin deputatı gözlətmək hüququ yoxdur. Qanun birbaşa göstərir ki, deputat növbədənkənar edilməlidir. Ali hakimiyyətin nümayəndəsini necə qapıda gözlətmək olar? Mən bunu qanuna əsasən deyirəm. Amma belə hallar baş verir. Mən könüllü olaraq təyyarə uçuşları, xəstəxanalarda sadə vətəndaşların hüququndan istifadə edərək növbəmi gözləyirəm.

 

Belə şeylər özümüzdən asılıdır. Gedib qəbulda vətəndaşlar kimi növbədə dura bilərik, ancaq deputat olduğu bilinəndə dərhal qəbul olunmalıdır. Bunun sorğu sualı yoxdur. Ancaq təəssüf ki, bəzi icra başçıları, nazir və başqa səviyyədə olanlar da nəinki qəbul etmirlər, hətta bəzən elə olur ki, deputatların zənglərinə belə cavab vermirlər. Açığını deyim ki, mənim özümdə bu hallarla rastlaşmışam, zəng edirsən götürmürlər və ya köməkçisi deyir ki, burada yoxdur. Bu təkcə siyasi etikanın deyil, eyni zamanda qanunvericiliyin pozulmasıdır”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!