25 aprel 2017, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Cəmil Həsənlinin namizəd olması İsa Qəmbərə qarşı qurulmuş bir oyun idi” - MÜSAHİBƏ
“Cəmil Həsənlinin namizəd olması İsa Qəmbərə qarşı qurulmuş bir oyun idi” - MÜSAHİBƏ
24.10.2016, 14:48

Razi Nurullayev: “Rauf Arifoğlu ilə Əli Kərimli arasında vasitəçi olmuşam”

 

Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) ayrılan qrupun rəhbəri olaraq AXCP adına iddia edir. Modern.az saytının onunla müsahibəsində bu və digər məsələlərə toxunulub. Razi Nurullayevlə müsahibəni təqdim edirik:

 

-Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur.

 

-Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox görünməkdir. Çünki demək olar ki, hər gün ölkəni maraqlandıran problemlərlə bağlı ciddi yazılar yazıram. Müxtəlif internet televiziyalarında kifayət qədər müsahibələrim olur. Sizin dediyinizin əksinə olaraq, mən fəallıqdan əziyyət çəkirəm.

 

-Siz əvvəllər də maliyyə baxımından çox əziyyət çəkməməsiniz, maddi durumunuz elə də pis olmayıb. İndi isə “Cümhuriyyət” qəzetinə, cəbhə.info saytına rəhbərlik edirsiniz. Maliyyə vəziyyətinizdə axsama yoxdur ki?

 

-Hər kəsin Azərbaycanda maliyyə problemi var. “Cümhuriyyət” qəzeti və cəbhə.info-nun maliyyəsinə çalışıram ki, yardımçı olum. Ancaq bu media orqanları daha çox müstəqil qurum kimi fəliyyət göstərirlər. Onlar indi asılılıqlarını demək olar ki, azaldıblar. Bu, çox sevindiricidir. Azərbaycandakı siyasi partiyaların indiki siyasi şəraitdə maliyyə əldə etməsi çox çətin məsələdir. Buna görə də eyni problemi biz də yaşayırıq. Bizim partiyanın ofisi 3 otaqdan ibarətdir. Mən partiya sədri olmazdan öncə də bu ofisdə olurdum. Mən AXCP-ni yaradandan sonra da yeni ofis götürə bilmədim. Köhnə ofisdə fəaliyyət göstəririk.

 

-Dediniz ki, “Cümhuriyyət” qəzeti və cəbhə.info get-gedə asılılığını azaldır. Bu, özlüyündə yaxşı bir prosesdir. Bəs ideoloji çərçivədən,  tam olaraq nə zaman çıxacaq? Daha doğrusu, sizdən asılılığa tam olaraq nə vaxt son qoyulacaq? Biz bu media orqanlarında Razi Nurullayevi tənqid edən materiallara rast gələcəyik?

 

-Hesab edirəm ki, çox maraqlı mövzuya toxundunuz. Bu media orqanları təbii ki, məni tənqid edə bilərlər. Sizin mənə ünvanladığınız sualı gərək mən bu qurumların özlərinə ünvanlayım. Gərək sual edim ki, niyə mənim haqqımda tənqidi material verilmir? Mən əslində nə qəzetin, nə saytın işinə qarışıram. Onlar ayrı bir ofisdədirlər, mən isə başqa bir yerdə. Hərdən-birdən baş redaktor Rafael Becanovla söhbətlərimiz olur. Partiyanın gücü ilə qəzet və saytın daha oxunaqlı olması üçün onlara yardım etmək istəyirik. Onlar da bunu qiymətləndirirlər. Bəlkə də bu qiymətləndirməyə görə, bizi tənqid etmirlər. Buna baxmayaraq tənqid məsələsini onların qarşısında qaldıracağam.

 

-Söhbət zamanı müşahidələrim, bunun əsasındakı analizimindən doğan sualları səsləndirməyə çalışacağam. Amma obyektivliyimi qorumaq şərti ilə. AXCP-dən ayrıldınız və eyniadlı bir partiyaya iddia etdiniz. Olmazdımı başqa bir ad seçəydiniz?

-Bu suala çox cavab vermişəm. İndi isə qısa cavab verməyə çalışacağam. Burada bir sıra səbəblər var. Cəbhəçilər bir məsələdə həmişə Əbülfəz Elçibəy ideyalarına bağlı adam olublar. AXCP adı bu adamlar üçün həmişə müqədddəs olub. AXCP və Əbülfəz Elçibəy bir-birinə bağlıdır. AXCP olmasa Elçibəy, Elçibəy olmasa AXCP yoxdur. Bu baxımdan bizim AXCP yaratmağımız elə cəbhədən gələn bir sifariş oldu. Bilirsiniz ki, “Yurdçu”ların partiyasından zorla uzaqlaşdırıldıqdan sonra mənim tərəfdarlarım orada ciddi problem yaradırdılar. Açıq tənqidə keçmişdilər. Bu adamlar da oradan uzaqlaşdırıldı, onlar mənim yanıma gəldilər. Bu insanlar belə tələb qoydular ki, biz AXCP yaratmalıyıq. Bu sifariş yarandı ki, cəbhəçi AXCP-siz ola bilməz. Buna görə də bu adı özümüzə məcburən götürdük. Başqa cür ola da bilməzdi. Elçibəyə bağlılıqdan söhbət gedirsə, orada AXCP olmalıdır.

 

-Düşünürəm ki, addımınız hüquqi baxımdan da düzgün deyil. Azərbaycanda təcrübədə və hüquqi müstəvidə iki eyniadlı partiya olmayıb. Adlar bir-birinə bənzəyə bilər, amma eyniadlı deyil. Özünüz bəlkə də məndən yaxşı bilirsiniz ki, eyniadlı iki partiya ola bilməz. Buna görə də, məncə siz adınızı dəyişməli idiniz. Çünki siz sonradan AXCP adına iddialı oldunuz.


-Bizim təşkilat yarananda mövqeyimiz bu idi: cəbhə bir olacaq. Sizin üçün bu gün AXCP iki dənə ola bilər. Amma bizim üçün bir AXCP var. AXCP-ni biz təmsil edirik. Biz qarşı tərəfə “Yurd” deyirik. Bizim üçün onlar “Yurd”dur. Məsələnin hüquqi tərəfinə gəldikdə isə, deyə bilərəm ki, bu, məhkəmə predmetidir. Məhkəmə nə qərar verəcəksə, o olacaq. Təbii ki, siz dediyiniz kimi eyniadlı iki partiya ola bilməz. Mən özümü kənara qoyuram. Bir çox siyasətçilər də Əli Kərimli və onun tərəfdarlarını “Yurdçu” adlandırıb. Bunun mənəvi tərəfini qazısaq, bizim haqlı olduğumuz görünür, nəinki “Yurdçu”ların.

 

-Amma Ədliyyə Nazirliyi də sizin AXCP-ni qeydiyyata almadı.

 

-Açığı, biz bu məsələdən yorulduq. Məhkəməyə müraciət olundu. Məhkəmə də iddiamızı təmin etmədi. Başqa instansiyaya müraciət etdik. İş yenə də məhkəmədədir. Yenə də cavab ala bilməmişik. Buna görə də, sonda belə bir mövqeyə gəlib çatdım ki, hakimiyyətə AXCP-nin havada qalması sərf edir. Hakimiyyət “biz AXCP-ni qeydiyyata almayaq, qoy havada qalsın” deyir. Bəlkə də, bizim havada asılı qalmağımızdan zövq alırlar. Bəlkə də, bu, hakimiyyətin siyasi kursuna uyğundur. Bu baxımdan artıq düşünürəm ki, məhkəmə prosesinin nəticələnməsi vaxt aparacaq.

 

-Bir zamanlar da AXCP-dən parçalanmalar olmuşdu, ayrı-yrı təşkilatlar AXCP adını özünə götürmək istəyirdi. Amma sonradan AXCP-nin şinelindən çıxanların yaratdığı partiyalar ayrı adla qeydiyyatdan keçdilər. Ədliyyə Nazirliyi də sizə adı dəyişməklə bağlı təklif versə, bunu yerinə yetirəcəksiniz?


-Biz heç bir zaman adımızın dəyişdirilməsi ilə bağlı gündəm müəyyənləşdirməmişik. Bu gün də gündəmimizdə bu məsələ yoxdur. Əgər Ədliyyə Nazirliyi belə bir təklif verərsə, bunu müzakirə edib dəyərləndirərik. Amma bəri başdan deyim ki, bizim bu qədər mübarizə və məhrumiyyətlərdən sonra AXCP adından imtina etməyimiz düz olmaz. Biz Elçibəyə bağlılıq üzərində fəaliyyət göstəririk. Biz bu ideyadan, bu varlıqdan güc, qüdrət alırıq.

 

-Mətbuta müsahibələrinizdən birində demişdiniz ki, sizin təşkilata güclü axın olacaq. Bu oldu, amma çox keçməmiş qopmalar da başladı. İndi bu boşluğu necə doldurursunuz?

 -Mən sizdən fərqli olaraq qopmaların olduğunu düşünmürəm. Partiyaya həmişə gələnlər də olur, gedənlər də. Partiya bir idiol deyil ki, ora gələn hər kəs bağlanıb burda qalsın. Bizim partiyadan gedənləri beş barmağın üzərində sadalamaq olar. Bu da heç çox cüzi bir rəqəmdir. Gedənləri itki saymıram. Bir neçə nəfərin getməsini itki saymaq nə dərəcədə doğrudur?!

 

-Deyək ki, mənim əlimə bir tikan batıb. Düzdür, bu orqanizmim üçün böyük itki deyil. Amma yenə də, bu tikanın niyə batdığını düşünərəm. Siz də qopmaların niyəsini düşünmüsünüz?

 

-Yeni bir quruluş, təşkilat yarananda, yeni təşəbbüs ortaya atılanda ora yeni adamlar gəlir. Bəziləri də oturuşa bilmir. Bəziləri məqsədli şəkildə gəlir. Hətta bəziləri məqsədli şəkildə deyir ki, ora gəlib sonra çıxacağam. Açığı deyim ki, planlı şəkildə bura göndərilənlər də var idi. Onlar da aşkara çıxdı və partiyadan uzaqlaşdırıldı. Bunlar hamısı təbii proses idi. Bu, bir axın idi.

 



-Bəs onlar axın edəndə məqsədli şəkildə gəldiyini bilirdiniz?

-Bizim istihbarat orqanımız yoxdur ki, bunu əvvəldən araşdıraq və nəsə edək. Lakin hər kəs öz fəaliyyətində məqsədlərini büruzə verdilər. Biz də onlar barəsində lazımi tədbirlər gördük.

 

-Ad çəkə bilərsiniz?

 -Ad çəkmək istəmirəm. Onlar böyük ajiotaj yaradan adlar deyil. Vaxtı ilə burda olanları uzaqlaşdırıldıqlarına görə tənqid etmək, adlarını çəkmək mənə yaraşmaz.

 

-Yaxşı, bəs hazırda nə qədər üzvünüz var?

 -Bu barədə rəqəm səsləndirmək istəmirəm. Partiya sistemində rəqəm səsləndirməyə qarşı olmuşam. Bir məsələ ilə bağlı rəqəm səsləndirə bilərəm. Biz yeni təşəbbüslə çıxış edəndə hardasa 4 minə yaxın insan partiyaya gəldi. Sonradan da bu, təbii ki, davam etdi.

Azərbaycanda bir çox insan içindəki enerjini boşalda bilmir. Çünki Azərbycanın siyasi şəraiti buna imkan vermir. Bəzi insanlar mitinq tərəfdarıdır. Bəziləri dövlət binalarını tutmağın tərəfdarıdır. Bu insanların hamısının tələbini yerinə yetirmək olmaz. Azərbaycanda da demokratik bir ab-hava yoxdur ki, cəmiyyət silkələnsin və hər kəs aid olduğu yerdə qərarlaşsın. Bu baxımdan üzvlərin sayını açıqlamaq mənə qəribə gəlir. Bəzən Müsavat Partiyası rəqəm səsləndirir ki, təqribən 90 min üzvü var. “Yurdçu”lar isə deyir ki, məsələn 70 min üzvü var. Bunların hamısı insanlarda gülüş doğurur. Mitinqləri olanda o insanların heç 2-3 faizi meydana çıxmır.

Düşünürəm ki, Azərbaycanda partiyaların üzvlərinin sayı siyasi gündəmi müəyyən etmir. Əslində, Azərbaycanda mütəşəkkil, formalaşmış komandaya ehtiyac var ki, bunlar müəyyən bir zamanda xalqa xitab etsinlər və xalqı tərəflərinə çəkə bilsinlər. Bu gün mən deyək ki, 100 min tərəfdar toplaya bilərəm. 2 aydan sonra 100 min tərəfdardan heç 10 mini qalmaz. Çünki onların məndən istəyi başqa şeylər – Azərbaycanda siyasi hakimiyyəti dəyişmək olacaq. Bu zaman isə polis zorakılığı, məhrumiyyətlər, üzvlərə olan təzyiqlər davam edəcək. Buna görə də, biz məqam gözləyirik. Azərbaycanda müəyyən siyasi açılım, islahat olandan sonra qurduğumuz fundamentin üzərində ciddi, böyük addımlar atacağıq.

 

-Yenə də nəticə olaraq Azərbaycan siyasi atmosferində üzvlərin sayı siyasi təşkilatların, partiyaların potensialının göstəricisi hesab olunur. İstəsək də, istəməsək də təfəkkürlərdə bu düşüncə hakimdir. Sualım isə belə olacaq. Siz bu potensialınızı mitinq çərçivəsində göstərə bilərsinizmi? Siz də mitinq keçirin, Əli Kərimli də. Sizin mitinqə çox adam gələcək, yoxsa o birisinə?


 -Düzü, heç bir zaman bu haqda düşünməmişəm. Sizin təklifiniz haqda düşünmək fikrim də yoxdur. Mənim “Yurd”, Əli Kərimli adında problemim yoxdur. Mənim problemim Azərbaycandakı durumla bağlıdır. Hər gün mən sərt yazılarla çıxış edirəm, təkliflər verirəm. Mənim ən çox zamanım müxtəlif sahələr üzrə partiyanın proqramını hazırlamağa gedib. Məlumunuz olsun ki, hal-hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) bizim verdiyimiz təklifləri yerinə yetirir. Mən o zaman təklif verəndə də demişdim ki, təki onlar həyata keçsin. Biz yeganə partiya olduq ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə konkret addımlar atılacaq praktik təkliflər verdik. YAP-da həmin şəkildə bizim proqramımızı yerinə yetirir. Qısqanclığımız da yoxdur. Yenə də təkliflərin üzərinə gedirik. Biz fəaliyyətimiz dövründə İctimai Fikir Akademiyası kimi böyük auditoriyası olan birlik yarada bildik. Burada ictimai-siyasi məsələlər aid debatlar təşkil edilir. Bu akademiyanı artıq bütün Azərbaycan tanıyır. “Talk TV” yaratdıq. İnsanlara kifayət qədər meydan verir və özünü inkişaf etdirir. Təsəvvür edin, burada 2 nəfər fəaliyyət göstərir. Onun biri könüllüdür. Çünki bu media qurumunun maliyyə problemləri var.

Biz bu işlər üzərində çalışırıq və digərlərindən fərqli olaraq nəticələr də var. Bir daha vurğulayıram ki, bizim verdiyimiz proqramlar YAP tərəfindən yerinə yetirilir.

 

-Düzü xəbərsizəm. Hansı proqramlardan söhbət gedir?

 

-Mingəçevirdə yüngül sənaye ilə bağlı nə işlər görülürsə, bu, bizim proqramımızın nəticəsidir. YAP hələ  bu haqda yeni danışmağa başladığı vaxtlarda biz bu təklifi səsləndirmişdik. Bəzi nazirliklərdən bizim təklifə cavablar da gəlirdi.  Pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı konkret təkliflər təqdim etmişdik. Kənd təsərrüfatının əksər sahələri, siyasi islahatlarla bağlı təkliflərimizi vermişdik. Biz Azərbaycanda turizmin inkişafı üçün hansı ölkələrdə təbliğ aparılmasının vacib olduğunu bildirmişdik. Hansı ölkələrlə viza rejimi ləğv olunmalıdır – bu barədə də təklif vermişdik. Bizim təkliflərdən sonra Azərbaycan prezidentinin sərəncamı oldu. Viza ilə bağlı cəmi iki ölkənin adı o siyahıda yox idi. Biz ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinə bu haqda təkliflər vermişdik. Deyirdik ki, Azərbaycan üçün turizm imkanı ərəb ölkələrindədir. Gedib ərəb dilində təbliğat aparılmalıdır.

 

-Bir yandan hakimiyyət sizin təşkilatı qeydiyyata almır. Digər tərəfdən isə deyirsiniz ki, sizin təklifləri həyata keçirdilər. Sual olunur, bu zaman hökumət Razi Nurullayevin təklifini qəbul etdi, yoxsa AXCP-nin?

 

-Onlar nə AXCP-nin, nə də Razi Nurullayevin təklifini qəbul etdilər. Onlar sadəcə bizim proqramdan istifadə etdilər. Bir dəfə YAP rəsmiləri Siyavuş Novruzov və Aydın Mirzəzadə bununla bağlı fikir söyləyib. Onlar  deyib ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP YAP-ın ideyalarını oğurlayıb təzədən onların özünə göndərir. Onlar məsələni belə görürlər.

Lakin bizim üçün vacib o idi ki, təkliflərimiz, proqramımız həyata keçsin və Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşsın. Biz maraqlı deyildik ki, Razi Nurullayevin, AXCP-nin adı çəkilsin. Adımızı da qabartmağı istəmədik.

 

-AXCP-dən çıxandan sonra ölkədə siyasi gündəm dəyişdi. Partiya daxilində onsuz da Əli Kərimliyə etiraz edib getmişdinizsə, keçirdiyiniz mətbuat konfranslarına ehtiyac var idimi? Əbülfəz Qurbanlı da AXCP-dən ayrıldı, ancaq sizin kimi addım atmadı.

 

-Hər kəsin öz metdou var. Mən bu gün olduğum yerdən, tutduğum mövqedən xoşbəxtəm. Düşünürəm ki, Azərbaycanda bir neçə siyasətçidən biriyəm ki, öz gedişimlə ölkənin siyasi gündəmini dəyişməyə nail olmuşam. 5-6 ay Azərbaycanın siyasi gündəminin əsas mövzusunu təşkil etmişəm. Hər bir siyasətçinin fərqli metodu var. Mənim də üsulum bu idi. Hər bir siyasətçi öz sözünü deməlidir, fikrini aşılamalıdır. Gedirəmsə, bunun səbəblərini açıqlamalıyam. Yoxsa pərdə arxasında gizlənib, hansısa çərçivələri gözləyim – bu metod mənlik deyil. Çünki gözləməyin xalq maraqları üçün bir xeyri yoxdur. Buna görə də bu məsələdə susqun qala bilməzdim. Televiziyalara da çıxmalı idim, mətbuat konfransı da keçirməli idim. Bu gün də nə lazımdırsa, onu etməyə hazıram.

Amma bir məsələyə diqqətinizi çəkmək istərdim. O zaman Azərbaycan televiziyalarının maraqlarında var idi ki, mənimlə bağlı müəyyən məsələlər gündəmə gəlsin. Mənə bir az meydan verdilər. Sonra isə mənim danışdıqlarım onlara sərf etmədi. Mən televiziyaya çıxırdımsa, gündəmim ancaq Əli Kərimli ola bilməzdi. Mən hakimiyyətdə müxalifətdə olan bir partiyanın sədriyəm. Həmişə iqtidara müxalifətdə olmuşam. Mən YAP-ın siyasətini bəyənmirəm və bəyənə də bilmərəm. Mövcud hakimiyyətin siyasətini Azərbaycan üçün düzgün hesab etmirəm. Təbii ki, mən televiziyada bunları da deməli idim. Ancaq televiziyalar mənə meydan vermədilər. Bu gün də belədir. Nə dövlət televiziyası, nə də özəl telekanallar.

Bununla belə Azərbaycan televiziyaları “Yurd” sədri Əli Kərimlini qəhrəman etməkdə çox maraqlıdırlar...

 



-Məsələn.

 

-Aprel müharibəsində 10 gün Əli Kərimli ilə bağlı televiziyalarda, mətbuatda nələrsə deyildi. Deyirdilər ki, Əli Kərimli guya Ermənistanı dəstəkləyib.  Heç kim inana bilməzdi ki, Əli Kərimli Ermənistanın tərəfini tutsun. Təbii ki, heç kim buna inanmaz. Elə mən də inanmıram. Əli Kərimlinin ermənilərin tərəfində olması mümkün deyil. Ancaq televiziyalar “Əli Kərimli ermənilərin tərəfindədir” deməklə dolayı yolla onun təbliğatını apardılar. Bunu istənilən adam görə bilər. Hakimiyyətdəki hansı əllərdir Əli Kərimlini gündəmdə saxlayan? Bu sualı hər bir siyasətçi verə bilər.

Mən ilk dəfədən deyirdim ki, Əli Kərimlini hakimiyyətin içərisində saxlayan qüvvələr var. Əli Kərimlinin varlığından narahat olmayan qüvvələr var. Nəyə görə? Çünki hakimiyyət Əli Kərimlini yaxşı tanıyır, onu idarə edə bilir. Əli Kərimlinin vasitəsi ilə hakimiyyətdə də, beynəlxalq aləm də manipulyasiya edə bilir. Televiziyalar məni niyə tənaid etmirlər?

 

-Gündəmdə qalmaq deyirsiniz. Əgər elədirsə, bəs siz necə, belə gündəmdə qalmağı xoşlayarsınız? İstəyərsiniz ki, evinizin qarşısında o cür aksiyalar keçirilsin?

 

-Bu şəkildə təbliğata ehtiyacım yoxdur. Heç bunu istəmərəm də. Təbii ki, heç kimin evinin qarşısında aksiya keçirilməsini dəstəkləmirəm. Bu, etikadan kənar məsələdir, belə addıma qətiyyən yol vermək olmaz. Sabah da mənim evimin qarşısında bu cür aksiya olarsa, bu məni xalqın gözündən salmaz. Əksinə, xalqın gözündə qaldırar. Buna görə də, bu aksiyanı təşkil edənlər düşünsünlər. Mən mədəni, sivil mübarizənin tərəfdarıyam.

 

-Uzun müddət AXCP-də, Əli Kərimlinin yanında olmusunuz. AXCP-nin mətbəxini bizdən də yaxşı bilirsiniz, buna şübhəm yoxdur. Deyirsiniz ki, hakimiyyətdəki müəyyən dairələr Əli Kərimlini dəstəkləyir. Belə bir şey varsa, bu, indinin məsələsi deyil. Bunu əvvəllər bilirdinizsə, nəyə görə vaxtında AXCP-dən getmirdiniz?

 

-Mən niyə də getməli idim? Mən düşünürəm ki, siyasətçi müxtəlif formatlarda mübarizə apara bilər. Siyasətçi hakimiyyət içərisinə də sirayət edib orada kimlərisə ələ ala bilər. Məsələnin ikinci tərəfi budur ki, bəzən sən kimisə ələ almaq istəyəndə sənin özünü ələ alsınlar və idarə etsinlər. Bu, artq xalqın ziyanına işləyən prosesə çevrilir. Bir şəxs uzun illərdir müxalifətdə qala bilməz. Dəxli yoxdur ki, sən hansı səbəbdən seçkiləri uduzursan. Söhbət nəticədən gedir. Siyasətçi nəticədə uduzursa, deməli onun metodları işləmir. Deməli sən idarə olunursan, səni idarə edə bilirlər. Buna görə də, sən özün müəyyən mənada kənara çəkilməlisən. Bəziləri məni günahlandırır ki, Əli Kərimliyə qarşı çıxmamalı idim. Mən gedənə qədər neçə dəfə təklif etdim ki, Əli Kərimlinin lider olmasına razıyam. Təklif edirdim ki, sədrlikdən getsin, partiyada lider olsun. Lalə Şövkət Azərbaycan Liberal Partiyasının sədrliyindən getdi. Lalə Şövkətin xəncərinin qaşımı düşdü? Etibar Məmmədov da, İsa Qəmbər də eyni addımı atdı. Onlar lider oldular, bununla daha da çox hörmət qazandılar.

Yəni insanlar özündə güc tapıb yerlərini başqasına verə bildilər. Amma Əli Kərimli sədrlikdən getmək istəmir. Sual olunur: niyə getmək istəmirsən? Bunu necə əsaslandırırsan? Mən və başqaları bunun səbəblərini çox gözəl bilirik. Məsələ burasındadır ki, lider olmaq sədr olmaqdan yaxşıdır. Bəs Əli Kərimli niyə lider olmaq istəmədi? Mən qurultay da olanda təklif verdim. Dedim ki, mən sədrliyə namizədliyimi vermirəm. Əli Kərimli də verməsin. Amma mən Əli Kərimlinin  lider olmasına razıyam. Belə bir səmimiyyətə imza atan Razi Nurullayevi başqa məsələlərdə günahlandırmaq nə dərəcədə ədalətlidir?!

Mən müxalifətin idarə olunmasının əleyhinəyəm. Mənim bildiyim çox məqam var, onları açmıram. Bu bildiklərimi desəm, ümumi müxalifətin xeyrinə olmaz. Mən özümü də, müxalifətə düşünüb belə addım atmıram. Mənim işim müxalifətin paxırını açıb tökmək deyil. Bizim əsas mübarizəmiz hakimiyyətlədir. Mən müxalifətin inteqrasiyasının tərəfdarıyam.

 

-Siz Əli Kərimlinin yanında olanda mübarizənizdə etik çərçivələrdən kənara çıxmırdınız. Amma belə düşünürəm ki, AXCP-dən ayrılandan sonra Əli Kərimliyə qarşı açıqlamalarınızda müəyyən çərçivələri aşdınız. Düzdür, ünvanına təhqiramiz fikirlər səsləndirmədiniz. Amma hər halda əvvəlki Razi Nurullayevlə sonrakını müqayisə edəndə mənim gözümdə başqa bir obraz göründü. 

 

-Sualınız çox gözəldir. Aqşin bəy, bu, görünməli idi. Əgər mən partiya sədri oluramsa, məsuliyyətim minlərlə insanın qarşısında olursa, qarşımda tələb varsa, partiyamı hakimiyyətə gətirməliyəmsə, mən əvvəlki Razi Nurullayev kimi qala bilmərəm. Məcburam ki, metodlarımla istəmədiyim işləri də edim, xoşuma gəlməyən ifadələri işlədim. Siyasi həyatın təzahürü, sifarişi bunları məndən tələb edir.

Buna baxmayaraq mən mümkün qədər heç kimi təhqir etməmişəm, şəxsiyyətini aşağılamamışam. Elə “Yurd” sədrinin də şəxsiyyətini aşağılamamışam. Mənim mübarizəm onun siyasi məsələləri ilə bağlıdır. Mən təhqir səsləndirənlərə yaxşı baxa bilmərəm.

Amma Əli Kərimli mənim haqqımda nələr yazdırmayıb, nələr dedizdirməyib. Mən mətbəxin içərisindən gələn adamam, kimin nə dediyini gözəl bilirəm. Bilirəm ki, kimin əlindən tutulub, hansı yazı yazdırılıb. Bilirəm ki, o tezisi ona kim verib. Əli Kərimli öz göstərişi ilə mənə qarşı bu qədər həqarətlər yağdırıb. Əli Kərimli şəxsiyyətimi aşağılatdırıb. Mən isə bunların qarşısında dözümlülük nümayiş etdirmişəm. Əli Kərimli mənə olan təhqirlərin qarşısını almayıb.

Vaxtı ilə Əli Kərimlinin şəxsiyyətini aşağılayan insanların qarşısını almaq üçün mən çox vasitəçi olmuşam. Çox işlər görmüşəm. Əli Kərimli özü də bunu çox gözəl bilir. Mən partiyada əvəzsiz xidmət etmişəm. Heç zaman təmənna güdməmişəm. Mənim başqa məqsədim olsa idi, necə ola bilərdi ki, Əli Kərimlinin dediklərini rus, ingilis və fransız dillərinə tərcümə edirdim?!

 

-Dediniz ki, müxalifət haqqında çox şeyi bilirsiniz. Mən jurnalistəm, siz isə siyasətçi. Bilirəm ki, bununla bağlı nə qədər sual versəm də, detallı olaraq nəyisə açıqlamayacaqsınız. Amma mən istəyirəm ki, heç olmasa, ümumi bir təsəvvür yaradasınız. 

 

-Mən partiyaların hansı yollarla və üsullarla maliyyələşdirildiyini bilirəm. Kimlərlə hansı söhbətlər aparıldığını yaxşı bilirəm. Hakimiyyətə gəlmək üçün hansı yerlərə qədər güzəşt oluna bilər? Nədən keçməmək olar? Hakimiyyətə gəlmək üçün xalqın hansı hissəsini qurban verə bilərik? Bu sualların cavabını gözəl bilirəm. Əslində siyasi mübarizə qurbansız olmur. Mən hakimiyyətə gəlmək istəyirəmsə və görürəmsə ki, bu yolda 4-5 nəfər öləcək buna razı olmuram. Ancaq bunun yüz qatına razı olanlar var.

Belə insanlar Milli Şuranın içərisində də var. Sonuc olaraq adlarını çəkmək istəmirəm.

 

-Bayaq söylədiniz ki, kuluarlarda aparılan danışıqlardan xəbərdarsınız. Normaldır, çünki uzun müddət Əli Kərimlinin müavini olmusunuz. Maraqlıdır, o söhbətlərin ən çox hansında iştirak etmisiniz? İstərdim səmimi cavab verəsiniz. 

 

-Azərbaycanda müxalifətin hakimiyyətə gəlmək şansı o qədər çox olmayıb ki, bu qədər kiçik detalları da müzakirə edək. Mən ümumi kluar danışıqları, ümumi siyasi müzakirələrdə olmuşam. Düzdür, bu söhbətlərdə kiminsə qurban verilməsi açıq şəkildə bildirilməyib. Amma söhbətdən çıxan nəticə budur. Eyni zamanda bir çox insanların dilindən eşitdiyim məsələlər var... Deyiblər ki, Misirdə, Liviyada, minlərlə insan ölüb. “Azərbaycan xalqı onlardan artıqdır?” deyiblər. Bildiriblər ki, dəyişiklik istəyən ölümə də hazır olmalıdır. Mənim gündəmimdə belə şey yoxdur. Mən insanları ölümə göndərə bilmərəm. Mən razı olmaram ki, kimsə gedib həbsdə olsun, mən isə sədr kimi azadlıqda gəzim. Buna dözə bilmərəm. Lakin bunu gözüyumulu edənlər var. Onlar düşünür ki, siyasi mübarizə varsa, burada ölüm də, həbs də olmalıdır. Bunu qəbul edə bilirəm, amma ürəyimdə bununla bacara bilmirəm.  Ola bilsin ki, mənim zəifliyimdir.

 


-Bildirdiniz ki, Əli Kərimliyə hakimiyyətdə dəstək olan qüvvələr var. Bəs hakimiyyətlə AXCP-nin danışıqları olubmu? Olubsa, siz də iştirak etmisiniz?

-Mən belə danışıqlarda olmamışam. Bununla bağlı bir şey deyə bilmərəm. Təbii ki, məndən öncə, AXCP parlamentə düşmək üçün danışıqlara gedib. Belə danışıqlar 2003-cü ilə qədər yüksək səviyyədə davam edib. 2003-dən 2005-ci ilə qədər isə müəyyən bağlar qalıb. 2005-ci ildə isə o bağ qırılıb.

Burada gizli məsələlər yoxdur. Diqqətlə araşdıranda görmək olar ki, kimə nə imkanlar yaradılıb, kim hansı yerə qədər irəli gedə bilib. Bunu məndən öncəkilər deyib. Mən də bunun əsasında deyirəm.

 

-Bir müşahidəmi deyəcəyəm. Siz hələ Əli Kərimlinin müavini olanda da “Azadlıq” qəzeti sizə çox az yer verirdi. O zaman da partiyada sizə qarşı bir aqressiya, qısqanclıq var idi?

-Mən Əli Kərimlinin yanına gələndən 2 ay sonra mənə qarşı qısqanclıq yarandı. Müşahidəniz isə düzdür. “Azadlıq” qəzeti mənə yer vermirdi. Mən Əli Kərimlinin beynəlxalq məsələlər üzrə müavini idim. Deyək ki, prezident İlham Əliyev BMT-də çıxış edib və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunub.

Sonradan “Azadlıq”qəzeti mənə sual verir və İlham Əliyevin çıxışına şərh verməyimi istəyir. Bu zaman mənim cavabım politoloji yox, ideoloji olmalı idi. Deməli idim ki, Azərbaycan hakimiyyətini Qarabağ düşündürmür. Buna isə politoloq kimi fikir bildirmək olmazdı.

Çıxışa düzgün, obyektiv, fikir bildirmək politoloq kimi mənə daha maraqlı idi. Amma məndən başqa şey tələb edirdilər.

Əli Kərimli bəlkə də haqlı idi ki, mən politoloq kimi rəy bildirməli deyiləm, partiyanın mövqeyini ifadə etməliyəm.

Lakin hər şeyə tənqidi yanaşmaq – o pisdir, bu pisdir demək də düz deyil. İnsanlar da bundan bezirlər. Buna görə də “Yurd”da mənə qarşı münasibət birmənalı deyildi. Mən onların siyasətinə uyuşmurdum. Ona görə də məni sıxışdırırdılar.

Kənar siyasi partiyaların isə mənə münasibəti yaxşı, müsbət idi. Bəlkə də bu məqam mənim sevindiyimin kuliminasiya nöqtəsi idi. Ancaq AXCP-ni yaradandan sonra kənardakı neytral siyasətçilərin mənə olan münasibəti bir az dəyişdi. Çünki məni özlərinə rəqib, opponent gördülər.

 

-“Azadlıq” qəzeti bu gün ən çox maliyyə sıxıntısı olan mətbuat orqanlarından biridir. Buna baxmayaraq mən çox yerdə eşidirəm ki, AXCP heç zaman maliyyəsiz qalmır. Bunu, vaxtı ilə “Azadlıq”da çalışmış jurnalistlərin dilindən də eşitmişəm. Siz də AXCP-də olanda yəqin ki, “Azadlıq” ətrafında baş verənlərdən xəbərdar idiniz. 

 

-Birincisi, “Azadlıq” qəzeti digər mətbuat orqanları kimi KİVDF-dən  pul alırdı. Son illərdə bu maliyyə dayandırılıb. “Azadlıq”ın KİVDF-dən aldıqları isə kifayət qədər böyük məbləğlər idi.

İkincisi, “Azadlıq” qəzetinə abunə olmağı çoxumuz özümüzə mənəvi borc bilirdik. Biz bu qəzetə yardım etmək istəyirdik. Mən özüm də “Azadlıq” qəzetinə çox yardım etmişəm. Təbii ki, “Azadlıq” qəzetinə kənardan maliyyə verən insanlar da var idi. Bir neçə dəfə xarici fondlar “Azadlıq”ın borcunun bağlanmasını təşkil etmişdilər. Buna görə də, mən deməzdim ki, “Azadlıq” maliyyəsi olmayan qəzetlər siyahısındadır. Əksinə, “Azadlıq” kifayət qədər maliyyəsi olan qəzet idi.

Bu media orqanı “Yurd” sədrinin göstərişlərini yerinə yetirir, onun maraqlarına xidmət edir. Bu baxımdan çoxların tərəfindən bəyənilmir. “Azadlıq”qəzeti digər tərəflərə yer vermir, birbaşa Əli Kərimlinin ruporu rolunda çıxış edir.

Bir dəfə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mənə zəng etdi. O zaman Əli Kərimli Əbülfəz Elçibəyi zəhərləməkdə ittiham edilrdi. O zaman Əli Əliyevin “Azadlıq” qəzetində 1 səhifəlik müsahibəsi getdi. Əli Əliyev sonra mənə dedi: “Razi bəy, mən bu müsahibəni verdim. Amma nə dərəcədə ədalətlidir ki, neçə illərdir bir yerdə olduğumuz qəzet mənə veto qoymuşdu? İndi isə Əli Kərimliyə lazım oldum ki, onu müdafiə edim, məndən 1 səhifəlik müsahibə götürdülər. 5 ildir ki, heç onlardan mənə zəng gəlmirdi”. İnsanlar bu şəkildə özlərini istifadə olunmuş hesab edirdilər. Amma mədəniyyətlərinə sığınaraq yenə də Əli Kərimlini müdafiə edirdilər. Əli Kərimli göstəriş verirdi ki, belə adamlardan onu müdafiə edən açıqlamalar alsınlar. Təbii ki, heç kim Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərlədiyinə inanmır.

Bu gün də kim Əli Kərimliyə yaxşıdırsa, “Azadlıq” qəzeti ona yer verir. Mənim isə rəhbəri olduğum media qurumlarında heç bir məhdudiyyət qoyulmur. İstəsə Əli Kərimli də gəlib burada müsahibə verə bilər. Heç kimə qadağa qoyulmayıb. Düşünürəm ki, qəzet plüralist olmalıdır.

 

-Müsavat Partiyası da sizin təşkilatı tanımadı...

 

-Mənim bununla bağlı Arif Hacılıya cavabım oldu. Daha bunu qurdalamaq istəmirəm. Düşünürəm ki, Müsavat Partiyası yanlış addım atdı. Onların yanlış addımını da “Yurd” sədri özlərinə göstərdi. Müsavatın addımı “Sən məni sevməsən də, mən səni sevəcəyəm” demək idi. Onların arasında qarşılıqsız sevgi mövcuddur.

 

-Bu qarşılıqsız sevgi Milli Şuranın prezident seçkilərində məğlub olmasından sonra pik həddə çatdı. Siz də o zaman hələ AXCP-də idiniz. Nə baş verirdi? Müsavat həqiqətənmi təqsirkar idi?  

 

-Təbii ki, Müsavatla “Yurd” bir yerdə olan zaman Əli Kərimli və İsa Qəmbər rəqabəti başlayırdı. Kim burada başda görünəcək, kim buranın sahibi görünəcək uğrunda mübarizə başlayırdı. Müsavat Partiyası siyasi intriqalar, oyunlar qurmaqda o qədər mahir deyildi. Əli Kərimli isə bu işlərin ustasıdır. Onun üçün də onlar yola gedə bilmirdilər. Heç zaman da yola gedə bilməzdilər. Sadəcə bir neçə ay adi insanların, siyasətçilərin əsəbləri ilə oynayırdılar. İstənilən halda düşünürəm ki, Müsavat hər zaman öz ətrafında, Əli Kərimli də öz ətrafında orbit yaratmaq istəyib. Düşünürəm ki, artıq Müsavatla “Yurd” arasında liderlik probleminin həll edilməsinə ehtiyac yoxdur. Çünki 20 ildən çoxdur müxalifətdə qalan şəxslərin yenidən liderlik iddiasına düşməsi gülüncdür.

 

-Milli Şura yarananda oradakı favoritlər İsa Qəmbər və Əli Kərimli idi. Hər halda onlar arasında olan qapalı görüşlərdə siz də iştirak etmisiniz. İsa Qəmbər də, Əli Kərimli də soyuqqanlı siyasətçilərdir. Amma onlar arasında rəqabət həmişə hiss olunub. Bu görüşlərdə Əli Kərimli ilə İsa Qəmbər arasında hər hansı mübahisə olurdumu?

 

-İsa Qəmbərlə bu tip görüşlərdə 2 dəfə olmuşam. Əli Kərimli məni elə görüşlərdə iştirak etməyə çox da imkan vermirdi. Mənim özümün İsa bəylə çox görüşüm olub. İsa Qəmbərə həmişə hörmətim olub. O, kifayət qədər səbirli və dözümlü insandır. İkincisi isə heç bir zaman xırda məsələlərə baş qoşmaz. İnsanlara azadlıq verməyin tərəfdarıdır. Kimisə sıxışdırmaz. Çünki İsa Qəmbərin özünə əminliyi var. Özü-özündən şübhələnmir. Buna görə də, ona həmişə hörmətim olub. Onun siyasətinin nəticəsinin olub-olmaması isə başqa məsələdir.

İsa Qəmbər kifayət qədər təcrübəli siyasətçidir. Heç zaman artıq cümlə işlətməz, artıq hərəkətə yol verməz. Siyasi mübarizədə, danışıqlarda Əli Kərimli İsa Qəmbərə qalib gələ bilməz. Bu, mümkün deyil.

Amma görüşlərdə İsa Qəmbərlə Əli Kərimlinin mübahisə etdiyinin şahidi olmamışam.

 

-Rauf Arifoğlu Müsavat Partiyasının üzvü olarkən “Yeni Müsavat” qəzetində AXCP, Milli Şura əleyhinə yazılar gedirdi. Razi Nurullayev isə AXCP funksioneri olaraq Rauf Arifoğluna etiraz etmirdi. Sizi qızğın müzakirələrdə görmürdük. Kənardasınız kimi bir təəssürat yaradırdınız. 


-Mən Rauf Arifoğlu ilə bağlı olan məsələlərdə cəmi bir dəfə münasibət bildirmişəm. Mən bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışırdım. Bir çox məsələlərdə Rauf Arifoğlu ilə Əli Kərimli arasında vasitəçi olmuşam. Bir çox məqamlarda problemin dərinləşməsinin qarşısını almışam. Bunu çox adam bilmir. Bu rolumdan daha çox razı idim. Çünki müxalifət arasında bu cür mübarizənin getməsi, vətəndaşları da, siyasətçiləri də iyrəndirirdi. Rauf Arifoğlunun üzərinə gedib onu təhqir etmək heç mənim ağlımdan da keçmirdi.

 

-Milli Şurada birdən-birə nə baş verdi ki, Cəmil Həsənli qurumun prezidentliyə vahid namizədi oldu? Mən qərarın jurnalistlər üçün açıq olan hissəsinin elanını nəzərdə tutmuram. Mətbuat nümayəndələri üçün qapalı görüşlərdə nə baş verdi ki, Cəmil Həsənli vahid namizəd oldu?

 

-Mən də Cəmil Həsənlinin vahid namizəd olmasına razılaşdım, səs də verdim. Bu, aydın məsələdir. Ancaq məncə, Cəmil Həsənlini Əli Kərimli müzakirə etdi. Hər kəslə razılaşdırdı. Bunun da yeganə bir səbəbi var idi – İsa Qəmbərin vahid namizəd olmasının qarşısı alınsın. Cəmil Həsənlinin namizəd olması İsa Qəmbərə qarşı qurulmuş bir oyun idi.

Cəmil Həsənliyə mənim hörmətim var. O, kifayət qədər səviyyəli bir ziyalıdır. Məncə Cəmil Həsənli ziyalı kimi olanda daha çox hər kəs tərəfindən qəbul olunurdu. Amma bu gün cəmiyyətdə Cəmil Həsənliyə olan münasibət fərqlidir. Amma mənim üçün ziyalı bir insan olaraq qalır.

Bununla belə Cəmil Həsənlinin Əli Kərimlinin yanında olması ona başucalığı gətirmir.

Mən 2013-cü ildəki prezident seçkilərindən sonra səhv qərar verdiyimi anladım. Düşünürdüm ki, kənar bir şəxsin, ziyalının vahid namizəd olması xalqı toparlayacaq. Amma bu baş vermədi.

Doğurdan da siyasətçi biri namizəd olsa idi, proseslər tamamilə fərqli ola bilərdi. Buna görə də, düşünürəm ki, kaş İsa Qəmbər vahid namizəd olaydı.

 

-Növbəti sualım şəxsi motivlidir, bəlkə də xoşunuza gəlməyəcək. AXCP-dən ayrılandan sonra sizi saqqallı gördük. Sizi əvvəllər isə belə görməmişdik. Sanki bir növ simvolik olaraq Əli Kərimlinin yanından getdiyinizə görə, yas saxlayırsınız.

 

-Nə simvolik, nə də gerçək mənada bunun yasa dəxli var. Azərbaycanda saqqal saxlamaq yasla əlaqələndirilir. Mən Əli Kərimlinin yanından ayrılandan bir neçə ay sonra saqqal saxlamağa başladım. Bu, şəxsi qərarımdır. İmicimi dəyişdim.

 

-Sonda: partiyanız qeydiyyata alınmasa və bununla bağlı yekun qərar verilsə, hansı addımı atacaqsınız?

 

-Bu barədə düşünməmişik. Bizim gündəmimizdə bu yoxdur. AXCP kimi təsdiqlənmək bizim gündəmimizdədir. Başqa variantlar üzərində düşünməmişik.

 

Müsahibə apardı: Aqşin KƏRİMOV

                                       


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.04.2017, 22:28

İlin əvvəlindən Donbasda  140 dinc sakin həyatını itirib

25.04.2017, 22:25

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər – YENİ TƏHLÜKƏ

25.04.2017, 22:18

Putinin dünya liderlərinə verdiyi və aldığı canlı hədiyyələr - FOTOLAR

25.04.2017, 22:11

Müdirini qətlə yetirən mühasibin gizlətdiyi pul torbası TAPILIB

25.04.2017, 21:54

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25.04.2017, 21:38

Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda - FOTO

25.04.2017, 21:33

Rusiyanın öhdəsindən gəlmək mümkündür, obyektləri vurula bilər

25.04.2017, 21:25

Türkiyə ordusu 70 PKK terrorçusunu məhv etdi

25.04.2017, 21:11

Yaşayış binasının çardağında asılmış kişi meyiti tapılıb

25.04.2017, 20:59

Rusiya Suriyada hakimiyyət dəyişikliyinə imkan verməyəcək

25.04.2017, 20:43

Cəbhədə daha bir erməni hərbçi öldürüldü

25.04.2017, 20:29

Türkiyə Yəmənə iki milyard dollar yardım edir

25.04.2017, 20:15

“Qanun Prezident Administrasiyasını ləğv edə bilməz”- Şahin Əliyev

25.04.2017, 20:02

SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açdı - VİDEO

25.04.2017, 18:57

Saatlı sakini qardaşı arvadını bıçaqlayıb

25.04.2017, 18:46

Uğurlu layihənin təməl prinsipləri

25.04.2017, 18:33

Bakıda 3 ev yanıb

25.04.2017, 18:25

Türkiyədə silahlı basqında 6 nəfər yaralandı

25.04.2017, 18:09

Gümrüdə rus hərbçisini öldürən erməni İslam qəbul edibmiş

25.04.2017, 17:54

Sahibkarlıq sahəsində fərqlənənlər təltif edildi - SİYAHI

25.04.2017, 17:32

UNESCO-da İran və  Hindistana necə qalib gəldik? - XXI əsr Azərbaycan mədəniyyəti

25.04.2017, 17:24

Əflatun Amaşova “Şöhrət” ordeni verildi

25.04.2017, 17:22

“Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz” - Yeni qanun ŞƏRH OLUNDU

25.04.2017, 17:22

AŞPA ilə Türkiyə arasından QALMAQAL

25.04.2017, 17:11

Dollar BAHALAŞDI

25.04.2017, 16:47

Amerikada yaşayan azərbaycanlıların həyatı 25 dəqiqəlik sənədli FİLMDƏ

25.04.2017, 16:46

Fransa prezidentliyinə ən şanslı namizəd Qarabağdan DANIŞDI

25.04.2017, 16:45

Mal-qaranın kütləvi tələfatı haqda xəbərlərə rəsmi REAKSİYA

25.04.2017, 16:43

ADU-da Əziz Əliyevin xatirəsi anılıb

25.04.2017, 16:33

Bu il istehsalatda baş verən bədbəxt hadisələrdə 10 nəfər ölüb

25.04.2017, 16:02

Azərbaycan Yəmənə yardım göstərdi

25.04.2017, 16:00

Milli Məclisinin foyesində siqaret çəkmək qadağan edildi

25.04.2017, 15:58

Tramp Azəbaycana və Ermənistana yardımı kəsdi

25.04.2017, 15:57

Komitə sədri irad bildirdi: xəstələr arasında fərq qoyulmamalıdır

25.04.2017, 15:47

Ermənistanda mason lojası yaradılır

ARXİV