Modern.az

"Nuh yurdu"nun nura açılan qapısı - FOTOLAR

"Nuh yurdu"nun nura açılan qapısı - FOTOLAR

24 Oktyabr 2016, 17:18

…Birinci, elə həm də sonuncu dəfə bu qədim məkanda 14 il əvvəl olmuşdum. On min metr hündürlükdə sürətlə şütüyən təyyarənin pəncərəsindən ağappaq buludların, zirvəsi buz bağlamış dağların, kiçicik su damlasını xatırladan göllərin ecazkar mənzərəsini seyr edərək o səfərlə bağlı xatirələrimi çözələməyə, yeniləməyə çalışırdım. Xəyalın düşüncələri keçmişə aparmaq qüdrəti sayəsində həmin səfərin az qala hər anı gözlərim önündə canlanırdı. Xoş təəssüratları illər sonra belə unudulmayan, aralarında tanınmışların da olduğu həmin səfər 20-dək jurnalist üçün taleyin xoş ərmağanı idi.

2002-ci il 15 - İyun Milli Qurtuluş günü ərəfəsində ümummilli lider Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasına (MR) səfərdə müşayiət edən mötəbər nümayəndə heyətinin tərkibində yer almış jurnalist qrupunda bu sətirlərin müəllifi də var idi. O zaman çalışdığım «Bizim Əsr» qəzetinin gənc müxbiri kimi belə sanballı heyətlə, prezident təyyarəsində Naxçıvana gerçəkləşən ilk səfərin doğurduğu həyacan və fəxarət dolu hissləri hələ də unuda bilmirəm.

Şükürlər olsun ki, çətin dövrlər geridə qalmışdı: 2000-ci illərin əvvəlində respublikamız nəinki «özünə gəlmiş", hətta inkişaf relsinin üzərində sürətlə irəliləməyə başlamışdı: müdrik öndərin ardıcıl və sistemli islahatlarının məntiqi nəticəsi olaraq ağır iqtisadi tənəzzül mərhələsi geridə qalmış, insanlarda gələcəyə inam hissi yüksəlmişdi. İntibah mərhələsinə qədəm qoyan respublikanın müdrik rəhbəri, yetərli maliyyə resurslarının olmamasına rəğmən, blokada şəraitində olan Naxçıvana da mümkün dərəcədə diqqət və qayğı ilə yanaşırdı. Bunun nəticəsi olaraq da «Şərqin qapısı» hərtərəfli inkişaf edir, bir çox sahələrdə paytaxt Bakını  qabaqlayırdı. Səfərin ilk anlardan doğurduğu təəssüratlar ürəkləri "dağa döndərirdi".  Naxçıvanda o zaman paytaxt Bakı üçün səciyyəvi olmayan təmizlik, səliqə-sahman, yüksək estetik zövqlə aparılan abadlıq-quruculuq işləri və müasirləşmə əzmi jurnalistləri heyrətə gətirmişdi....

Ulu öndər Heydər Əliyevin doğma yurda səfəri əhalinin bayram ovqatına ikiqat sevinc qatmışdı. Müdrik rəhbər əhali ilə səmimi görüşlər keçirir, abadlıq-quruculuq işləri ilə yaxından tanış olur, görülən işləri yüksək qiymətləndirirdi. İyunun 15-də həmin dövr üçün kifayət qədər müasir üslubda inşa olunmuş Naxçıvan Olimpiya Kompleksinin də açılış mərasimində iştirak edən Heydər Əliyev naxçıvanlılara səmimi təbriklərini, xoş arzularını çatdırmış, ölkəmiz üçün ağrılı və çətin günlərin tarixə çevrildiyini demişdi.

Gözlənildiyindən, daha dəqiqi proqramdan fərqli olaraq, səfər bir neçə gün çəkmişdi: Naxçıvan göycəsinin (alça) tam yetişdiyi, havanın xoş əhval-ruhiyyə yaratdığı bir zamanda səfər iştirakçıları üçün yaxşı istirahət və səmərəli iş imkanı yaradılmışdı. Qələm əhlinə «Nuh Yurdu»nun tarixiliyini, füsunkarlığını görmək, saf havasını, şəfalı suyunu udmaq, ləziz nemətlərinə qonaq olmaq, səmimi, zəhmətsevər insanları ilə söhbətləşib biri-birindən maraqlı yazılar hazırlamaq üçün bundan yaxşı fürsət ola bilərdimi?!

Səfərin ilk günlərindən artıq televiziya ekranlarında deyil, üzbəüz gördüyümüz ümummilli liderin şəxsiyyəti kimi böyüklüyünün, sadəliyinin, səmimiliyinin, qayğıkeşliyinin əyani şahidi olmağa başladıq. Yüksək qayğı və diqqətlə, səmililiklə hər gün jurnalistlərlə söhbət edir, təəssüratlarını bölüşür, necə istirahət etmələrindən tutmuş, qidalanmalarınadək hər bir incə məqamla şəxsən maraqlanırdı. Səfər günlərinin birində özünəməxsus səmimiyyətlə Naxçıvan göycəsini dadaraq jurnalistləri də qonaq olmağa dəvət edən ulu öndərin səfər proqramından kənara çıxaraq şəhər bazarına baş çəkməsi də hamı üçün gözlənilməz və son dərəcə maraqlı olmuşdu.

Dahi öndər yenə də ani bir qərarla bazardakı çayxanada çay üçün əyləşərək ona böyük ehtiram göstərən sadə naxçıvanlılarla hal-əhval tutmuş, gün-güzəranları ilə maraqlanmışdı. Ulu öndərin elə həmin çayxanada Bakıdan gəlmiş qonaqlardan birinin «kəkotulu çay» deməsinə özünəməxsus həssaslıqla reaksiya verməsini, “Kəkotu yox, kəklikotu…Bu, kəkliklərin yediyi otdur. Ona görə də kəklikotu adlanır”, - deyə düzəliş verməsini əks etdirən səmimi videokadrlar bu gün də televiziyalarında tez-tez nümayiş olunur.

 

Ruhu olan şəhər...                                       

 

...Təyyarə pilotunun mikrofonla səsləndirdiyi «Hörmətli sərnişinlər, Naxçıvan Beynəlxalq Hava Limanına enişə başlayırıq» xəbərdarlığı məni 14 il əvvəlki səfərin xoş təəssüratlarından ayırır. Əvvəlkindən fərqli, daha abad, müasir, inkişaf etmiş Naxçıvanı görməyimizə sayılı dəqiqələr qalır. Salonda canlanma yaranır: Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə iştirak məqsədilə Naxçıvan şəhərinə gedən, əksəriyyəti tanınmış, nüfuzlu media rəhbərləri olan həmkarlarım sübh tezdən günəşin al şəfəqlərindən nur alan «Nur yurdu»nun ecazkar mənzərəsini - dağlarını, çoxsaylı göllərini, yaşayış məntəqələrini seyr etməyə başlayırlar (Görüntülərdən vəcdə gələn Fondun əməkdaşı Mirsəid Ağayev isə səfərin digər maraqlı görüntüləri kimi, bu mənzərələri də fotokameranın yaddaşına köçürmək fürsətini qaçırmır).

İlkin təəssürat özünü çox da gözlətmir - uzun illər Naxçıvanda yaşamış və çalışmış «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev şəhərin aydın görünən geniş küçə və meydanlarını, parklarını, inzibati və yaşayış binalarını göstərərək, «Yox, bu o Naxçıvan deyil, bura inanılmaz dərəcədə dəyişib, gözəlləşib" - deyə təəccübünü gizlətmir.

İstənilən şəhərlə bağlı ilkin qənaət səliqə-sahmandan, təmizlikdən, abadlıq və quruculuqdan başlayır. Yüksək səmimiyyətlə qarşılandığımız Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz "Təbriz" otelinədək uzanan təxminən 15 dəqiqəlik yol boyunca üzləşdiyimiz əsrarəngiz mənzələr fonunda şəhərlə bağlı kardinal dəyişikliklərin əyani şahidi olduq. Atalarımız əbəs yerə deməyib - "100 eşitməkdənsə, bir görmək yaxşıdır". Səhər saatlarında xüsusi texnikanın köməyi ilə yuyulan küçə, park və xiyabanlar, az qala hər bir nöqtədə, hətta ucqar kəndlərdə belə rast gəlinən müasir görünüşlü təmizlik qutuları, yaşayış binalarının, inzibati obyektlərin, ticarət mərkəzlərin, restoran və kafelərin estetik cəhətdən göz oxşayan fasadları ilkin təəssürat üçün, əslində, kifayət edirdi.

Mübaliğəsiz-filansız əksəriyyət bu fikirdə idi: şəhər təmizliyinə görə nəinki paytaxt Bakını və digər iri şəhərlərimizi, hətta müasir Avropa meqapolislərini də geridə qoyur. 2016-cı ilin mart ayında Fondun təşkilatçılığı ilə Londonda səfərdə olmuş baş redaktorlar küçələrin birində üzləşdikləri mənzərəni - təmizlik qutularının dolub daşdığı, ətrafında sahibsiz küçə heyvanlarının dolaşdığı antisanitar vəziyyəti xatırladaraq Naxçıvandakı təmizliyi, səliqə-sahmanı qürur hissilə diqqətə çəkirdilər.

Türkiyənin İstanbul şəhərində səfərdə olduğum jurnalist dostlarımdan biri bu şəhərin «öz ruhunun olduğunu» demişdi. 2 günlük səfər müddətində Naxçıvanı gəzərək arxitekturanın innovativ yenilikləri əsasında gerçəkləşdirilmiş inşaat layihələrini, müasir tikililəri, meydanları və möhtəşəm tarixi abidələri görərkən, bu şəhərlə bağlı da eyni qənaətə gəlmişdim. Son illər şəhərin memarlıq siması yeni inşa olunmuş sosial obyektlərin, inzibati və ictimai yayayış binalarının hesabına xeyli dəyişib. Lakin diqqət çəkən həm də odur ki, şəhərin modernləşməsi prosesi onun tarixiliyinə, "etnomədəni ruhu"na qətiyyən xələl gətirməyib. Qədim və müasir memarlıq elementləri qorunaraq saxlanılıb, binalar abad və müasir görkəm alıb. Binaların, parkların, küçələrin işıqlandırılmasından tutmuş landşaft memarlığınadək, - hər bir işə incə zövqlə, həssaslıqla yanaşılıb. Yaşıllıqlar salınarkən müasir bitki örtüyünün, gül-çiçək və kolların muxtar respublikanın kəskin kontinental iqliminə dözümlülüyü maksimum nəzərə alınıb.

Şəhərin nəqliyyat sistemində də nizam-intizam hökm sürür. Naxçıvan istehsalı olan yeni avtomobillərlə göstərilən müasir taksi xidmətləri yerli sakinləri və buraya gələn qonaqları tamamilə qane edir.

 

Peşəkar, operativ və müasir media

 

Fondun təşkilatçı olduğu "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi" mövzusunda konfrans Naxçıvan Texniki Kollecində keçiriləcəkdi. Səfər proqramına görə tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini ehtiramla yad edərək onun adını daşıyan Muzeyin işi ilə yaxından tanış olmalı idilər. Buranı görmək həqiqətən maraqlı oldu. Əzəmətli görkəmə malik muzeydə ümummilli liderin ömür yolunun və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən, xüsusilə də Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrə aid çoxsaylı qiymətli sənəd və eksponatlar nümayiş olunur. Muzeydəki sənədlərlə tanışlıq zamanı ulu öndərin hələ Naxçıvanda MSSR Ali Sovetinin sədri ikən Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətindəki necə əzmkar fəaliyyəti göz önündə canlanırdı.

Muzeylə tanışlıqdan sonra səfərin əsas tədbirinin keçiriləcəyi məkana - Naxçıvan Dövlət Texniki Kollecinə üz tutduq. Naxçıvan MR-də fəaliyyət göstərən KİV-lərin, dövlət qurumlarının mətbuat xidmətlərinin, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin də iştirak etdiyi tədbir yüksək fəallıq, açıq və səmimi müzakirələr şəraitində keçdi. Tədbirin əlahiddəliyi həm də onunla şərtlənirdi ki, burada ilk dəfə belə geniş heyətdə - aparıcı KİV rəhbərlərinin iştirakı ilə media və dövlət qurumları arasında münasibətlərin inkişafına xidmət edən konfrans keçirilirdi. Təkcə bu faktın özü bəzi qərəzli dairələrin formalaşdırmaq istədiyi yanlış təsəvvürləri tam alt-üst edərək Muxtar Respublikada istər yerli, istərsə də respublika miqyaslı KİV-lərin sərbəst fəaliyyəti üçün kifayət qədər demokratik şəraitin mövcud olduğunu təsdiqləyirdi.

Tədbirin məramı bu sadə sualla bağlı idi: Muxtar respublikanın dövlət qurumları ilə Bakıda fəaliyyət göstərən KİV-lərin əlaqələrinin daha da genişləndiliməsi üçün nə etməli? Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, «Şərq qapısı» qəzetinin baş redaktoru Tural Səfərov və digərlərinin çıxışları blokada şəraitində yaşayan Naxçıvanda medianın hazırki vəziyyəti, burada jurnalistlərə göstərilən yüksək diqqət və qayğı ilə bağlı kifayət qədər aydın təsəvvür yaradırdı.

Müzakirələrin gedişindəcə məlum oldu ki, Muxtar respublikada kifayət qədər peşəkar, innovativ yeniliklərini mənimsəyərək uğurla tətbiq edən, müasir texnologiyalardan istifadəyə üstünlük verən, operativ, qərəzsiz və peşə etikası prinsiplərini maksimum dərəcədə qoruyan media formalaşıb. Yerli qəzetlər və teleradio şirkəti istər kadrların yaradıcı potensialına və peşəkarlıq səviyyəsinə, istərsə də müasir texnoloji imkanlarına və maddi-texniki bazasına görə nəinki fərqlənir, hətta Bakıdakı bir çox KİV-ləri geridə qoyurlar.

«Şərq qapısı» qəzetinin baş redaktoru Tural Səfərovun çıxışında bir məqam xüsusi diqqət çəkdi: Muxtar respublika nəşr olunan qəzetlər burada əldə olunmuş uğur və nailiyyətləri işıqlandırmaqla yanaşı, etimadı doğrultmayan, fəaliyyətində qüsur və nöqsanlara yol verən dövlət qurumlarının fəaliyyəti ilə bağlı tənqidi materiallar da dərc edirlər. Bu, Naxçıvanda medianın tamamilə azad və demokratik bir şəraitdə işləməsi, ictimai nəzarət funksiyasını yerinə yetirməsi üçün yaradılan demokratik şəraitin əyani göstəricisi sayıla bilər. 

Faydalı müzakirələrlə yadda qalan konfransda Bakı şəhərində fəaliyyət göstərən KİV-lərlə Muxtar respublikanın dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən maraqlı təkliflər irəli sürüldü.  Naxçıvanda çalışan jurnalistlərin ölkə həyatı ilə bağlı mühüm tədbirlərdə iştirakının təmin edilməsi də səslənən faydalı təşəbbüslər sırasında idi.

Qısası, keçirilən tədbir mərkəzi və yerli KİV-lər arasında qarşılıqlı faydalı əlaqələrin dərinləşməsinə bir növ körpü rolunu oynadı. Tədbirin nəticəsi olaraq mərkəzdən gəlmiş media rəhbərlərinin Naxçıvan KİV-ləri ilə bağlı təəssüratları zənginləşdi. Səfər iştirakçıları burada köhnə stereotiplərdən, arxaik iş üsulundan qurtula bilməyən əyalət mediasını deyil, təşkilatlanmış, peşəkar, vətənpərvər və yenilikçi media qurumlarının əyani şahidi oldular. Bu qənaət səfərin ikinci günü «Şərq qapısı» qəzetinin, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin, eləcə də Naxçıvan Dövlət Universitetinin Media Mərkəzinin iş şəraiti ilə əyani tanışlıq zamanı daha da möhkəmləndi. Muxtar respublika rəhbərliyinin yüksək diqqət və qayğısı ilə burada KİV-lərin iş şəraiti ən yüksək standartlara cavab verir. Qalır yalnız səy və bacarıqla çalışmaq ki, bu da var: səfər müddətində bizi müşayiət edərək biri-birindən maraqlı reportajlar hazırlayan naxçıvanlı həmkarlarımız əsl operativlik və peşəkarlıq nümunəsi nümayiş etdirdilər. 

 

İslam mədəniyyətinin yeni paytaxtı...

 

Naxçıvana ilk dəfə səfər edən hər kəs buranın zəngin turizm potensialını dərhal qabarıq hiss edir. Günəşli günlərin, dağlıq ərazilərin, göl və çayların çoxluq təşkil etməsi, təmiz hava, ekoloji təmiz məhsullar, 250-dək müalicəvi mineral bulaqlar, eləcə də tarixi abidələr burada turizmə yaşıl işıq yandıran təbii resurslardır. Müasir infrastruktur, abad və göz oxşayan yaşayış məntəqələri, iqtisadi inkişaf və tərəqqi turizmin inkişafına əlavə təkan verir. Turizmin inkişafı məqsədilə son illər burada 3 yasaqlıq, 1 milli park, 1 qoruq da yaradılıb.

Fəqət, Naxçıvan MR-in digər turizm bölgələrimizdən bir əsas üstünlüyü də var. "Nuh yurdu"nda təkcə tarixi-mədəni deyil, dini, müalicəvi turizm üçün də unikal imkanlar cəmləşib və bu imkanlardan maksimum səmərəli istifadə olunur. Tarixi-mədəni abidələrin qorunması və bərpası tədbirləri turizmin inkişafını sürətləndirir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən bildirildiyinə görə, Muxtar respublika Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq, ərazidə 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılıb.

İran və Türkiyə kimi böyük müsəlman dövlətləri ilə qonşu olması Naxçıvanın turizm cəlbediciliyini xeyli artır. Bu da təsadüfi deyil ki, yerləşdiyimiz "Təbriz" otelində sanki "Multikulturalizm ili"nin ab-havası hökm sürürdü. Burada nəinki İran və Türkiyədən, digər ölkələrdən də gəlmiş turistlərlə rastlaşmaq mümkün idi. Şahbuz və Culfa rayonlarında da təxminən eyni vəziyyətlə qarşılaşırıq.

Turizm potensialının inkişafına təkan digər amil Muxtar respublikada müasir tələblərə cavab verən 3, 4 və 5 ulduzlu hotellərin tikilərək istifadəyə verilməsidir. Hazırda bu burada 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm mar­şrutları mövcuddur. 2013-cü ildə Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi yerli sakinlərin və əcnəbi qonaqların sevimli məkanlarından birinə çevrilib. Muxtar respublikanın Kükü, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Ərəfsə, Gümüşlü və digər yaşayış məntəqəsində kənd turizminin inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

«Əshabi-Kəhf» Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi dini turizmin inkişafı üçün unikal məkandır. Əzəmətli qayalıqlarla əhatə olunan bu unikal məkanın möcüzəli energetikası insan ruhunu yeniləyir. Burada ilin bütün fəsillərində nəinki yerli, əcnəbi turistləri də görmək mümkündür. Tarixin dərinliklərindən soraq verən məşhur Əlincə qalasına 1301 pilləkəndən ibarət yolun çəkilməsi, eləcə də qala kompleksinin tarixi irs əsasında restavrasiya edilməsi tarixi turizmin canlanmasına əsaslı töhfə olub. Bundan əlavə, Gülüstan türbəsi, «Xan sarayı», Mömünə Xatın türbəsi və Açıq Səma altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və s. ilə tanışlıq da turistlərdə xoş təəssüratlar doğurur.

Naxçıvan həm də şəfa mənbəyi olan təbiət möcüzələri ilə zəngindir. Muxtar respublikaya gələn hər bir turistin arzusu həm də Duzdağ Fizioterapiya Mərkəzində olmaqdır. Burada tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaradılmış şərait ən müasir tələblərə cavab verir. Ağciyər xəstəliyi olan insanlar bu mədəndə spleoterapiya yolu ilə müalicə olunur.

Nəhayət, "Nuh yurdu" şəfalı suları ilə də məşhurdur. Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Badamlı, Sirab kimi suların müalicəvi əhəmiyyətindən xüsusi danışmağa  isə ehtiyac yoxdur. Ümemilikdə, Azərbaycanın mineral su ehtiyatlarının 60 faizinin muxtar respublikanın payına düşməsi faktı da burada müalicəvi turizm üçün imkanların real miqyasını göstərir. 

Naxçıvanın zəngin və özünəməxsus mətbəxi ayrıca mövzudur. Əslində, bu incə məqam turistlərin diqqətini heç də az cəlb etmir. Naxçıvan təamlarını dadan hər kəs yenidən nə vaxtsa bu torpağa yenidən gəlməyi arzulayır.

Muxtar respublikada turizmə təkan verən digər vacib məqam buranın tədricən müxtəlif mədəni-kütləvi, siyasi və iqtisadi tədbirlərin keçirildiyi məkana çevrilməsidir. Bakıdan sonra Naxçıvan şəhərinin İSESKO tərəfindən 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi muxtar respublikanın təbii gözəllliklərinin və ecazkar turizm potensialının təbliği baxımından son dərəcədə əlverişli imkandır.  

 

"Made in Azerbaijan" brendinə töhfə...

 

Səfərin ən yaddaqalan məqamlarından biri də Naxçıvan Biznes Mərkəzi ilə əyani tanışlıq oldu. Buranı Naxçıvan MR-in dinamik inkişaf tempinin və iqtisadi potensialının aynası da adlandırmaq olar. Biznes Mərkəzində yerli istehsal və emal müəssisələrinin çoxsaylı məhsullarının nümayiş edildiyi sərgi hamıda xoş ovqat və qürur hissi yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin "Made in Azerbaijan" brendi ilə milli məhsulların istehsal edilməsi və dünya bazarına çıxarılması ilə bağlı vacib tapşırığı burada uzun illərdir ki, icra edilir. Sərgidə nümayiş olunan ərzaq çeşidləri, dərman preparatları, məişət avadanlıqları, tikinti materialları və s. məhsullar yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Onu da öyrənirik ki, yerli bazarda istehlak olunan zəruri qida məhsullarının da böyük əksəriyyəti Naxçıvanda fəaliyyət göstərən müasir müəssisələrdə istehsal olunur. 

Biznes Mərkəzi ilə yaxından tanışlıq Muxtar respublikada həm sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli liberal mühitdən, həm də zəngin sənaye potensialından xəbər verir. Əlverişli xammal bazasının mövcudluğu və müasir texnologiyalar əsasında fəaliyyət göstərən 100-dək sənaye müəssisəsinin fəaliyyəti ekoloji təmiz, rəqabətədavamlı məhsulların istehsalına imkan yaradır. Bu müəssisələrin məhsulları təkcə paytaxt Bakı və digər regionlara deyil, İran, Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrə də ixrac edilir. Bu sırada plastmas qablardan avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox geniş profildə məhsulların adını qeyd etmək olar. Ümumilikdə, Muxtar respublikada 40-dək ixtisaslaşmış müəssisə fəaliyyətdədir. 

Naxçıvan Avtomobil Çavodu, "Gəmiqaya Bərəkət Qida Məhsulları", "Gəmiqaya Mineral Sular", "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi", "Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Dizayn Sənaye Kompleksi", "Ləzzət Qida Sənaye", "Cahan-Pen", "Naxçıvan Duz İstehsalı", "Araz-3", "Prestij Naxçıvan Pivəsi" və digər məhdud məsuliyyətli cəmiyyətlər respublikanın ərzaq və sənaye təhlükəsizliyinə sanballı töhfələr verirlər.

Sənaye ilə yanaşı, aqrar sahənin, tərəvəzçilik və meyvəçiliyin inkişafı da diqqət mərkəzindədir. 2012-2015-ci və 2016-2020-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı" dövlət proqramları burada əhalinin tarixi məşğulluq ənənələrinin bərpasına yaxşı imkanlar açıb. Bu gün Naxçıvanın ixrac etdiyi məhsullar arasında kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi ildən-ilə artır.

İntibah dövründə olan sahələrdən biri də arıçılıqdır. Naxçıvanda bal yarmarkasında olarkən arıçılığın burada əhalinin əsas məşğuliyyət növlərindən birinə çevrildiyinə və inkişaf etdiyinə bir daha əmin olduq. Biri-birindən keyfiyyətli ballardan dadaraq almaq fürsətini də buraxmadıq. Arıçılıq təsərrüfatlarının sahibləri ilə söhbət zamanı məlum oldu ki, iqtisadi cəhətdən gəlirli, müalicəvi baxımdan faydalı olan bu sahə ucqar dağ kəndlərində yaşayan sakinlərin faydalı məşğulluğunu təmin edir. Arıçılığın inkişafı ilə əlaqədar balın emalı və qablaşdırılması kimi yeni istehsal sahələri də yaranmaqdadır.

 

***

 

...Nəhayət, biri-birindən maraqlı təəssüratlar doğuran səfər yekunlaşır. "Nuh yurdu" jurnalistləri qarşıladığı isti münasibətlə də yola salır. Naxçıvana ikinci səfərin yekunlarının doğurduğu yüksək əhval-ruhiyyə və xoş düşüncələr isə bizi uzun illər tərk etməyəcək.

...Bəli, "Şərq qapısı" kimi simvolizə edilən Naxçıvan bu gün özünün dayanıqlı, sabit və davamlı inkişafı ilə parlayır, qəlblərə nur saçır.

 

Samir Mustafayev,
Əməkdar jurnalist

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir