Modern.az

Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR

Xarici və yerli sahibkarlar mütləq oxusunlar - QAYDALAR

25 Oktyabr 2016, 09:21

“Vergilər Nazirliyi tərəfindən təqdim olunmuş siyahıya əsasən,  2004-2015-ci illər ərzində ölkəmizdə xarici investisiyalı 6812 şirkət qeydiyyatdan keçib. Bunlar ticarət, xidmət, tikinti, sənaye, nəqliyyat, bank və sığorta, rabitə, kənd təsərrüfatı və digər sahələri əhatə edir”.

Bu haqda Modern.az-ın sorğusuna cavabında İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev məlumat verib.

Aparat rəhbəri xarici şirkətlərin Azərbaycanda fəaliyyəti üçün tətbiq edilən güzəştlərlə bağlı bildirib ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir:


“Ölkəmizdə biznes qeydiyyatı sistemi sadələşdirilib, sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilib, sahibkarların vergi yükü azaldılıb, onların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb və əlverişli biznes mühiti formalaşdırılıb.

Qeyd edim ki, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli hüquqi rejim yaradılıb. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Bundan başqa, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51, investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 48 ölkə ilə sazişlər imzalanıb. Bununla belə, qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində işlər bu gün də davam etdirilir”.


S.Vəliyev bildirib ki, xarici investisiya qoyuluşunu dəstəkləmək, sahibkarlığı daha da inkişaf etdirmək məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığa Kömək Milli Fondu yaradılıb:


“Yerli və xarici sahibkarlara müxtəlif biznes xidmətlərinin göstərilməsi, iş adamlarının işgüzar əlaqələrinin genişləndirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sahəsində müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, həmçinin yerli sahibkarlara güzəştli kreditlərin verilməsi baxımından bu qurumlar uğurla fəaliyyət göstərirlər. Ölkəmizin biznes investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib.

Eyni zamanda, müəyyən edilmiş prioritet iqtisadi fəaliyyət sahələri üzrə istehsal fəaliyyəti həyata keçirən sahibkarlıq subyektlərinin “İnvestisiya təşviqi sənədi” əsasında 7 il müddətində əldə etdikləri texnika və avadanlıqlara görə gömrük rüsumuna, əlavə dəyər, torpaq və əmlak vergilərinə 100%, eləcə də, gəlir və mənfəət vergisinə 50% güzəşt tətbiq edilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik olunub”.


S.Vəliyevin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə lisenziyalaşdırma sahəsində ciddi islahatlar aparılıb:

“Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı ciddi nisbətdə azaldılıb, lisenziyaların müddət məhdudiyyəti aradan qaldırılıb və lisenziyaların rüsumları ortalama olaraq 2 dəfə aşağı salınıb. Lisenziyaların verilmə müddəti əhəmiyyətli dərəcədə azaldılıb və sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Ölkəmizin tranzit və logistik imkanlarından səmərəli istifadə edilməsi məqsədilə bu sahədə zəruri islahatlar aparılmış tranzit yükdaşımaların tənzimlənməsi ilə əlaqədar Koordinasiya Şurası təsis edilib və yükdaşımalar üzrə tariflər azaldılaraq, ölkənin tranzit yükdaşıma qabiliyyətinin artırılması üçün münbit zəmin yaradılıb.

Aparılan uğurlu iqtisadi islahatlar fonunda Azərbaycan Prezidentinin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 17 mart 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir”.


Nazirlik rəsmisi bildirib ki, ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır: 


“Sumqayıt Kimya, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının, regionlarda sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və innovativ iqtisadiyyatın formalaşmasında əhəmiyyətli olmaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir.

Əlavə olaraq, sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur yaradılır, burada səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, xüsusilə ciddi güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur.

Həmçinin, ölkəmizdə sənaye sahəsinin inkişafı, sənaye məhsullarının istehsalının artırılması, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafını təmin edilməsi məqsədilə yaradılmış sənaye parklarında əlverişli investisiya mühitinin təmin edilməsi üçün investorlara bir sıra güzəştlərin tətbiqi ilə əlaqədar vergi məcəlləsində müvafiq dəyişikliklər aparılıb. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə müvafiq olaraq sənaye və texnologiyalar parklarının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri tətbiq edilir. Habelə rezidentlər əmlak, torpaq, mənfəətvergisindən, əlavə olaraq idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Hazırda vergiləri ödədikdən sonra investorlara mənfəətin repatriasiyası imkanına da təminat verilir.

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi də sahibkarlar üçün geniş imkan yaradır, həmçinin ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması baxımından çox əhəmiyyətlidir. Belə ki, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır.

Bütün bu imtiyaz və islahatlar həm daxili, həm də xarici mənbələr hesabına ölkəmizə ciddi investisiya axınlarının cəlb edilməsinə şərait yaratmış olacaq. Eyni zamanda ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması yaxın gələcəkdə istehsalın səmərəliliyinin yüksəldilməsinə, istehsalın genişlənməsinə, yeni müəssisələrin yaradılmasına və bunun əsasında çoxçeşidli və yüksək keyfiyyətli əmtəə istehsalının həyata keçirilməsinə gətirib çıxaracaq”.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir