Modern.az

Hadi Rəcəbli: Yetmiş minus bir - bildiklərim və soruşduqlarım - FOTOLAR

Hadi Rəcəbli: Yetmiş minus bir - bildiklərim və soruşduqlarım - FOTOLAR

25 Oktyabr 2016, 09:37

Mətbuatda, sosial şəbəkələrdə və bəzi “Feysbuk” səhifələrində dünya siyasətçiləri, tanınmış adamlar, hətta xırda məmurlar haqqında belə, cürbəcür reytinqə, ictimai rəyə təsir edə bilən  yazılar dərc olunur. Yazılar təriflə dolu da olur, obyektiv də, ədalət ortaya qoyulur, nə edəsən ki, qərəzli, təhrif olunmuş və bəzən etikadan kənar materiallara da rast gəlinir.

Açıq cəmiyyətin çoxlu müsbət tərəfləri olduğu kimi, bu cür rəngarənglikləri də var. Belə debatlarda bəzən həqiqəti tapmaq çətinləşir.

Bu hissləri xeyli vaxt yaşadıqdan sonra, mənim yaşımdan çox peşəkar siyasətdə təcrübəsi olan bu adam haqqında məqalə yazmaq qərarına gəldim. Onun tərcümeyi-halına, keçdiyi həyat yoluna kiçik bir ekskurs etdim.

Seçdiyim siyasətçinin bu günlərdə 69 yaşı tamam olur. Bu məqsədlə yazıma belı bir başlıq seçdim – “Hadi Rəcəbli: Yetmiş minus bir - bildiklərim və soruşduqlarım”...

 



Hadi Musa oğlu Rəcəbli 1947-ci ilin 25 oktyabrında Lənkəran rayonunun Veravul kəndində anadan olub. Anası Bəylərova Firuzə kənd müəllimi olmuş, atası Musa kişi Kənd Sovetində çalışıb.

Onlar 1956-cı ildə Lənkərana köçdükdən sonra, Hadi orta məktəbi bitirib, Moskvada qiyabi təhsil alıb, komsomol işində çalışıb. Sonradan fərqlənmə diplomu ilə Zaqafqaziya Ali Partiya Məktəbini bitirib, jurnalist olub, rəhbər sovet işində çalışıb, Mərkəzi Komitənin Aparatında işləyib, Şəki şəhər Partiya Komitəsinə rəhbərlik edib. 5 çağırışdır ki, Milli Məclisin deputatıdır, komitə sədridir, siyasi elmlər doktoru, professordur. Ailəlidir, 4 övladı və 9 nəvəsi var.

Bu yazını işləyərkən, həyatda çox nadir hallardan biri kimi Hadi Rəcəbli və Hüseynbala Mirələmov dostluğunun məktəbdə parta yoldaşlığından Milli Məclisdə yanaşı oturmağa qədər davam etməsinin 60 illiyinə nəzər saldım.




Hüseynbala Mirələmov: yazıçı-publisist, texnika elmləri doktoru, professor, Milli Məclisin deputatı. Onun söylədiklərindən:

“Hadi uşaqlıqdan zəhmətkeş, fədakar, mənəviyyatlı, sədaqətli, ailəcanlı və dostqanlı insandır. Onun bütün uğurları bu yüksək insani keyfiyyətlər üzərində qurulub. Mənim qardaşımdır, dostumdur, onsuz bir günüm olmasın. Qismət olsun, azı bir on ildə sağlam yanaşı addımlayaq. Günlərlə danışa biləcəklərimin bax, rezümesi, qısası budur. Təbrik edirəm,  yüz yaşa, daim xoşbəxt ol”.


Fədakar demişkən, bildiyimə görə, haqqında yazı hazırladığım ziyalı çalışdığı bütün vəzifələrdə fədakarlıq nümunəsi göstərib. 15 yaşından əmək fəaliyyətinə fəhləlikdən başladığına və fərqləndiyinə görə, fədakar zəhməti onu Moskvaya ali təhsil ocağına aparıb çıxarıb. Komsomol işində uğur qazanıb. O dövrlərdə “Bakinski raboçi” qəzetində aparıcı jurnalist olub, yazıları dəfələrlə mükafata layiq görülüb. Lənkəranda, Şəkidə gecə-gündüz çalışıb, tikib-qurub, insanlara xidmət edib.

Lənkəran ağsaqqallarından Sərhad Məmmədovun və Barat Məhərrəmovun fikirləri mənim üçün çox maraqlı idi.


Onların söylədikləri:
“Hadinı fəhləlikdən zaman-zaman yüksəldiyi bütün pillələrdə görmüşük, sınamışıq, onunla fəxr etmişik. Sadəliyini, səmimiliyini, qayğıkeşliyini, təmənnasızlığını dəyişməyib, Lənkəranda çalışdığı bütün sahələrdə iz qoymuşdur. İndi də hər addımda adı çəkilir, hörmətlə anılır. Bu heç də təsadüfü deyil. Hadi böyük nəslin övladı idi. Onun ata babası Məşədi Əli, ana babası Kəbleyi Yunus ötən əsrin əvvəllərində Lənkəranda ad çıxarmış, iz qoymuş, xeyriyyəçi, Allah tanıyan şəxsiyyətlərdən idilər. “Ot kökü üstə bitər” - deyiblər.




Bildiklərim:
Hadi müəllimin 6 əmisi 3 bibisi, 8 xalası, 1 dayısı olub. Böyük bir qəbilə, böyük bir nəsildirlər, hamısı zəhmətkeş, hamısı elmə, təhsilə bağlı insanlar olublar.

Hadi Rəcəblinin ailəsində 4 qardaş 2 bacı var. Hamısı ali təhsilidirlər.

Hadinın 4 övladı var – 2 qız 2 oğlan; hamı ayrı-ayrı sahələrin ali təhsillisidirlər, onların ikisi elmlər namizədi, fəlsəfə doktorudur.

Yoldaşı Mehriban xanım əməkdar müəllimdir, hacı xanımdır, ailədə etiqad və milli-mənəvi dəyərlərə böyük hörmət aşılanır və bu güclü hisslər onlarda daim mövcuddur.


Lənkəranın Müharibə Əlilləri İctimai Birliyinin sədri İlham Qurbanovda bir az ciddi, bir az da acıqlı belə danışdı:


“Bu ailə haqqında məndən soruşanda gözümə ilk növbədə milli-mənəvi dəyərlərə hörmət edən insan yada düşür. Uzun illərdir ki, Hadi müəllim bütün tutduğu vəzifələrdə Lənkəranda geniş iftar süfrələri açır, ehsanlar verir, nəzir paylayır, imkansızlara ərzaq bağlamaları göndərir, Qurban bayramında heyvan kəsib evlərə paylayır. Hadi müəllim bunu reklam etmir, bəlkə heç bunu çoxları da bilmir. Amma biz, camaat içində olanlar bunları yaxşı bilirik və yüksək qiymətləndiririk.

Məni bəzən saytlarda, feysbukda gedən sərsəm yazılar hiddətləndirir. Az qalır ki, Azərbaycandakı mülklərin, torpaqların, biznesin yarısını Hadi müəllimin adına yazsınlar. Allahdan qorxun, gəlin müzakirə edək - mən bu mövzuda sizinlə debata hazıram. “Yalan ayaq tutar, yeriməz” – deyiblər atalar!!!”




Ailə məziyyətlərindən söhbət düşmüşkən, Rəcəblilər evinə məhrəm olan, onların dostu, həkim-pedaqoq Elmira xanım Həmidovanın fikirlərini bölüşmək məqamıdır:


“Mənim qırx ilə yaxın müddətdə köklü tanıdığım bu ailədə böyük-kiçik var, halal-haram var, qayğıkeşlik var, bölüşmək ruhu var. Onlar öz tikəsini min nəfərlə paylaşmaq istəyən adamlardır.  Balaları ələbaxımlı böyüməyib. Hərə öz ailəsini dolandırır, şükranlıdırlar. Mən onları çox sevirəm, uğurları ilə qürrələnirəm”.




Yeri gəlmişkən, Lənkərandan Qarabağ döyüşlərinin şəhidi olmuş, Əhmədov İqbal Sərraf oğlunun həyat yoldaşı Rumiyyə xanım da öz fikirlərini bizimlə bölüşmək istədi:


“Həyat yoldaşımın şəhid olduğu ilk gündən Hadi müəllimin ailəsi bizim yanımızdadır.  Biz heç bir məmur qapısı döyməmişik, heç kimdən imdad gözləməmişik. Amma Hadi müəllim ailəsi ilə birlikdə vaxtaşırı bizi arayıb, bizə arxa olub, onu özümüzə qardaş, ata bilirik. Maddi-mənəvi cəhətdən bizə dayaq olduğu üçün ona minnətdarıq. Bu yaxınlarda yenə görüşdük, oğluma kitab bağışladı, nəsihət verdi, maddi dəstək oldu. O, indi bizim mənzil məsələmizin həlli ilə məşğuldur. Allah onu qorusun, eşitdik ki, ad günüdür, min yaşasın, həmişəki kimi əlsiz-ayaqsızların dayağı olsun”.




Bildiyimə görə, Hadi Rəcəbli, 30 ilə yaxındır ki, sosial müdafiəyə ehtiyacı olan insanların qayğıları ilə məşğuldur. O, Nazirlər Kabinetində 6 il müddətində qaçqın və məcburi köçkün problemlərini əlaqələndirmiş, bu sahəyə rəhbərlik etmişdir. O dövrlərdə bu problemlərin həlli ilə bağlı ulu öndərimiz Heydər Əliyev dühasının yanında daim Hadi Rəcəblini görmək olurdu. Bu müddət ərzində, qaçqınların, əlillərin, sosial müdafiəyə ehtiyacı olanların problemləri ilə bağlı onlarla qanun ortaya qoyulmuş, onların hər birinin ərsəyə gəlməsində öz qələmini bu qrup insanların mənafeyinin qorunmasına yönəltmişdir. Ölkə başçısı İlham Əliyev bu təklif və layihələrin böyük əksəriyyətini bəyənmiş və qanunlar imzalayaraq təsbit etmişdir.




Qarabağ bölgəsindən yurd-yuvasının itirmiş 1-ci qrup Qarabağ əlili Maqbet Qarayev də müzakirəmizdən kənarda qalmaq istəmədi:

“Mən Hadi müəllimi köçkün yüklü maşınların qabağına çıxarkən görmüşəm. Onu dərdimizi bölüşüb ağlayarkən görmüşəm. Qapılara düşüb bizim üçün humanitar yardım gətirərkən görmüşəm. Bu təmənnasız insanı Allah qorusun. Onun çəkdiyi zəhmətləri biz unutmamışıq. Onun Milli Məclisdəki qapısına indi də yüzlərlə insan ümid yeri kimi, kömək yeri kimi gəlir”.


Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadədən yan keçə bilmədik, onun söylədikləri:


“Mən Hadini 45 ildir ki, tanıyıram. O, cavanlıq dövründə zonanın komsomol katibləri içində bizim liderimiz idi. O, karagələn, işgörən adam idi. İndi də Milli Məclisə gələn ərizə və məktubların 50 faizə qədəri onun ünvanına yollanır.

Bilirsiniz səbəb nədir? Birincisi, o hər kəsi özünün ən doğma adamı kimi qəbul edə bilir, dərdləşməyi bacarır, şikayətçi üçün əlindən gələni əsirgəmir. Bəzən məsələlər müsbət həll olmasa da, insanlar razı qayıdır. Çünki burda onlar özlərinin doğma, qayğıların bölə bildiyi adamı tapırlar. Mən də qardaşımı təbrik edirəm, onu bağrıma basıb öpürəm. Boş-boş qanqaraldan imzasız elektron demaqoqları onun qəbul gününə dəvət edirəm. Gəlsinlər, görsünlər Hadi qardaşımı qayğıkeş, təmənnasız, Allah adamı kimi yaxından tanısınlar. Əgər bunu istəyirlərsə....”.


Bəzi məsələlərin həll olunmaması fikrinə də aydınlıq gətirmək istərdim, bildiyimə görə, hər bir sosial müdafiə istiqamətli qanun maliyyə tutumlu olur. Bəzən, ilkin olaraq lap kiçik miqdarda görünə bilən imtiyaz - dövlət büdcəsinə 10 milyonlarla manata başa gəlir. Mən Hadi müəllimin keçirdiyi komitə iclaslarında da tez-tez oluram. Bu iclaslarda əlillərin, sosial stratların ürəklərindən keçən arzu və diləklər hövsələ ilə dinlənilir, qayğı və diqqətlə, kömək etmək arzusu ilə çözülür. Lakin onların bir qismini qanun halında ortaya qoymaq mümkün olmur. Sonradan işləməyəcək, maliyyə dəstəyi olmayan qanun kimə lazımdır.  

Hadi müəllim populizmdən uzaq adamdır, o reallıqdan çıxış edir. Nədənsə çox hallarda biz bunu qəbul edə bilmirik. Bir həqiqət də var ki, Hadi müəllim populizmlə çıxış edənlərdən fərqli olaraq, konkret və çoxlu faydalı işlər görür, daim bu populist insanlardan qat-qat çox səmərəli fəaliyyəti və konkretliyi ilə seçilir.



Qarabağ veteranlarının yaxşı tanıdığı döyüş iştirakçısı, ictimai-siyasi xadim Rey Kərimoğlunun arzuları da maraqlı səslənir:


“Gəlin prezidentin ətrafında sıx birləşək, iqtisadiyyatımız yüksəlsin, dostum, qardaşım Hadi Rəcəblinin dili uzun, üzü ağ, qələmi kəsərli olsun. İllərdən bəri yaxşı adam kimi tanıdığım Hadi Rəcəblini ürəkdən təbrik edirəm, hələ bir on ildə orada lobbimiz olmağını arzulayıram! Gərək bağışlayasan, ay Hadi müəllim hərdən mən də sənin qaranca haqlı-haqsız ürəyimi boşaldıb deyinirəm. Bəs dərdimizi kimə deyək. Ərkimiz yenə də sizə, qardaşımıza çatır da...”.


Prezidentin ətrafında sıx birləşək fikri əslində hamımız üçün çox önəmli fikirlərdir. Hadi Rəcəbli illərdir ki, həm Heydər Əliyevin, həm də İlham Əliyevin prezident seçkilərində etibar etdikləri vəkili olub. O, “Şöhrət” ordeninə layiq görülüb, YAP Siyasi Şurasının üzvü seçilib, Dövlət İdarəçilik Akademiyasının buraxılış imtahan komissiyasının sədridir. Bir sözlə, peşəkar siyasətçi kimi prezidentin ən sədaqətli əsgəridir.





Siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin məsul işçisi Adil Vəliyev Hadi müəllimi özünə böyük mənada müəllim bilir.

“Hadi Rəcəbli mənim həyat və elm məktəbimin zəhmətkeş müəllimi olmuşdur. Qanun yaradıcılığı prosesində onun ardıcıllığının, geniş dünya görüşünün, komparativ təhlil ustası və islahatçı olmasının şahidiyəm. Hadi müəllim əlində qələm, önündə kağız olan fikirlərini açıqlaya bilən ləyaqətli peşəkar siyasətçidir. Mən onunla – müəllimimlə fəxr edirəm və ən azı 70 plyus iyirmi yaş diləyirəm”.


Mən də öz növbəmdə, Hadi Rəcəblinin mətbuatda çıxan islahatyönümlü məqalə və çıxışlarını çox oxumuşam və dinləmişəm. Təəssüf edirəm ki, kütlə psixologiyasına uyan bəziləri islahata yönələn fikirləri ilkin olaraq qəbul edə bilmirlər, təhrifə yol verirlər. Onun səsləndirdiyi “ələbaxımlıqdan uzaq olaq, kiçik sahibkarlığa dəstək hamının borcudur, əmək tutumlu iş yerləri yaratmaq, qənaətcillik həyat tərzinə çevrilməlidir, boş vaxtınızı səmərəli istifadə edib çalışaq, əlavə vəsait qazanaq”, fikirləri süngü ilə qarşılanır, fikirlər kontekstdən çıxarılır, təhrif olunur. Amma nə yaxşı ki, onun dedikləri sonradan həyat vəsiqəsi qazanır, hamı bu ideyaları qəbul edir, nahaq danlaq və əziyyət isə yenə də Hadi müəllimə qalır. Nə yaxşı ki, bütün bunlara təmkinlə dözə bilir.


Hadi Rəcəblidə mən - təcrübəsi qismən az olan, yeni başlayan jurnalist kimi cavanlıq ruhu görürəm, onun yaşam tərzi , işgüzarlığı, yenilikçiliyi yaşından çox-çox gəncdir.



Cavanların nümayəndəsi, həkim, qeyri-hökumət təşkilatlarının gənc fəalı Rəşad Cəfərov da bu söhbətlərdə kənar qalmaq istəmir:

“Hadi Rəcəbli məşğulluq məsələlərini daim sosial siyasətin prioriteti kimi qəbul etmişdir və bu sahədə ardıcıl olaraq gənclərin yanındadır. O bürokratlara qarşı daim mübarizədədir. Hətta çəkinmədən, hansısa gənc haqqında nazirlərə zəng edib, onu müdafiə edə bilir. Fürsətdən istifadə edib, hissə qapılan yalançı fotomontaj düzəldənlərə ar olsun deyirəm. Gənclərimizi hissə qapılmayıb ayıq olmağa çağırıram. Ağa müəllim gənc jurnalist kimi sizə minnətdarıq ki, belə bir yazı üzərində işləyirsiniz və bu həqiqətləri bizlərə çatdırırsınız. Gəlin Hadi müəllim kimi örnək insanlarımızı qoruyaq. Onlara arxa olaq!!!”.


Bilirəm ki, Hadi müəllim həmişə özünü jurnalist, yazarların yaxın dostu hesab edir., qələm sahibləri ilə bir yerdədir. Modern.az saytının kollektivi onu çox sevir. Buna misal, vaxtaşırı səhifələrimizdə yazılarının bizdə dərc olunması, doğum günlərinin bu və ya digər formada qeyd edilməsi, lap elə saytın 2011-ci il 24 oktyabr tarixində onunla fotosöhbəti bariz misal gətirə bilərik. Mən bu gün o dəfə ki fotosöhbətdən fərqli, bir neçə şəkilləri sizə təqdim etmək istərdim, düşünürəm ki, bu da oxucularımız üçün maraqlı olardı, Hadi müəllimi yaxından tanımağa azca da olsa, əlavə kömək edərdi.


Mən də bütün söylənilən təbriklərə qoşulub, Hadi müəllimi bir daha yetmiş minus bir tarixi yaşı münasibətilə təbrik edir, ona ən xoş arzularımı diləyirəm. Həmişə mətbuata açıq olsun, qəlbiniz kimi, əməlləriniz kimi sizinlə bağlı qoy ədalət həmişə zəfər çalsın. Necə ki, bu günə qədər zəfər daim sizi müşayət edir.

 

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?