Modern.az

Komitə sədrindən məhkəmələrə ÇAĞIRIŞ

Komitə sədrindən məhkəmələrə ÇAĞIRIŞ

Aktual

25 Oktyabr 2016, 13:11

Azərbaycanda qadınlara qarşı hələ də zorakılıq hallarına rast gəlinir.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə,  bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər hələ də aktuallığını saxlayır:

 

“Xüsusilə hərbi münaqişələrdə zorakılığa məruz qalanlar əsasən qadın və uşaqlardır. Yaşanılan stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edi. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya olmaları vacibdir".

 

Komitə sədri bir çox hallarda qadınların öz hüquqlarını bilməməsi faktlarını da diqqətə çatdırıb:

"Bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi çətinliklərlə üzləşirlər".

H.Hüseynova deyib ki, qadın zorakılığı faktlarının həll olunmasında məhkəmələrin üzərinə böyük məsuliyyət düşür:

 

"Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərakatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Azərbaycanda bu sahədə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Qadınlarımız bilir ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Lakin təkcə qanunların qəbul olması əsas deyil, onların həyata keçirilməsi də vacibdir. Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir".

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı