Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XII YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XII YAZI

25 Oktyabr 2016, 14:49

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Qacarlar dövlətinin yeniləşməsi, eyni zamanda milliləşməsi Türk sülalələsinin  hakimiyyətinin davamlılığı üçün son şans idi. Çünki Qacarlar özü qüvvə tapıb yeniləşməyəcəyi ya da milliləşməyəcəyi təqdirdə, onun devrilərək yerində farsdilli hakimiyyətin qurulması planı çoxdan hazırlanmışdı. Bu anlamda 1906-1909-cu illərdə Qacarlarda baş verən inqilabın iki xətdən biri üzərində inkişafı qaçılmaz idi. Birinci xəttə görə, Qacarlar ölkədə baş verən inqilabı lehinə çevirərək yenidən Türk kimliyinə əsaslanaraq Azərbaycan mərkəzli siyasət yürütməli, eyni zamanda dini məzhəbçilikdən uzaq dünyəvi hakimiyyətə söykənməli bununla da ağalıqlarına davam etməli idi. İkinci xəttə görə, ölkədə baş verən inqilab Qacarların əleyhinə çevrilməli, onun yerinə fars kimliyinə əsaslanaraq İran mərkəzli “yenilkçi-qərbçi” farsdilli sülalə hakimiyyətə getirilməli idi.

Bizcə, ilk dövrlərdə birinci xəttin tərəfdarları uğur qazanmağa balamışdılar. Belə ki, Müzəffərəddin şah Qacar yerli və daxili Türk düşmənlərinin gözləmədiyi halda, heç bir dirəniş göstərmədən Türk məşrutəçilərin öncüllüyündə irəli sürülən tələblərə uyğun olaraq Anayasalı dövlət olmasına və Qacarlar Parlamentinin açılmasına (1906, sentyabr) razılıq vermişdi. Bu isə, özəlliklə Qacarların da qanını daşıdığı Türklər tərəfindən böyük sevinclə qarşılanmışdır. Çünki Müzəffərəddin şah Qacar bu addımıyla əsasən yenilikçi-dünyəvilik tərəfdarı olan Türklərin sevgisini qazanmışdır ki, Türk ulusuyla Qacarlar arasında qopmuş bağlar yenidən birləşməyə üz qoymuşdur.  Başqa sözlə, farsdillilərlə onların havadarlarının sayəsində “dərin bir uyqu içində hərəkətsiz duran” Qacarlar dövlətində yenilkçi ruhlu bir oyanış baş qaldırmışdı.

Müzəffərəddin şah Qacarın Qacarlarda məşrutiyyət elan etməsini böyük sevinclə qarşılayan Türkçülyün, Turançılığın ideoloqu Əli bəy Hüseynzadə  “Həyat” qəzetində nəşr olunan “Hüriyyət və Vətəni-Firdovsi” (1906, sentyabr) məqaləsində şahın bu addımını Əmir Teymurun bütün hərbi qələblərinə bərabər tutmuşdu: “Türk nəslindən olan yeni bir hökmdarın, Teymurun bütün zəfərlərinə bədəl böyük bir müzəfəriyyətə nail oluyor! Yaşa Müzəffərəddin, yaşa!”. O, daha sonra “Füyuzat” jurnalında Müzəffərəddin şahın ölümü münasibətiylə qələmə aldığı “Müzəffərəddin” adlı məqaləsində onun hələ Təbrizdə vəlihəd olarkən islahatlara meyilli olmasından, daha sonra şah olduğu dövrdə bu islahatları davam etdirməsindən bəhs etmişdir: “Elm və maarifin qədrini bilən Müzəffərəddin şah Azərbaycandakı canişinliyi zamanı bir çox icraati-nafiədən xali qalmadı. Qərbin əfkari-tərəqqi və mədəniyyətini İranda (Qacarlarda – F.Q. ) nəşr üçün Təbrizdə “Nasiri” namilə bir cəridə çıxmağa başladı. Avropa üsulunda mütəfənnin zabitlər yetişdirmək üçün yenə eyni şəhərdə “Müzəffəriyyə” namilə bir məktəbi-ali bina olunub, bunun üçün Avropadan Vaqner xan kimi xüsusi müəllimlər dəvət edildi. Bu sayədə ümuri-əskəriyyədə bir xeyli islahat və tənzimat vücuda gəldi. Mərhum hər yerdə Azərbaycan əhalisinin imdadına yetişməyə qeyrət ediyordu”.

Ə.Hüseynzadə qeyd edirdi ki, ölkənin şahı seçildikdən sonra da Müzəffərəddin şah islahatlarına davam etmiş, dövlətin idarə üsulunun yenilənməsi üçün fərmanlar vermişdir. İlk dövrlərdə bu fərmanları ciddi uğur qazanmasa da, çox keçmədən ölkədə kök salmış istibdad bürokratiyasının yenilməsində mühüm rol oynamışdır: Hüseynzadə yazırdı: “Tərəqqi və islahatə ziddi və istibdad və fəsad tərəfdarı olan mənfur bürokratizmənin axır nəfəsi yaqlaşıb, yavaş-yavaş təcəddüd və inqilab əmarələri zühura başladı”. Turançılığın ideoloquna görə, Müzəffərəddin şahın ölkədə məşrutəçiliyi (anayasaçılığı) elan etməsində də bir tərəfdən Avropanın, Rusiyanın, Yaponiyanın inkişafı fonunda İslam aləminin, İslam mədəniyyətinin geriliyi, digər tərəfdən Qacarlarda mütləqiyyətin Osmanlıda olduğu kimi, dərindən kök atmaması, xüsusilə də buranın üləma və alverçi sinfinin hökumətə qarşı etibarla istiqlallarını mühafizə edə bilmələri mühüm rol oynamışdır. O, yazırdı: “...Müzəffərəddin  şah həzrətləri həm özünü, həm xanədanını, həm də millətini istibdadın, məiyyət və bürokatiya istibdadının əlindən xilas edib hökmdar ilə millət arasındakı haili qismən rəf edə bildi”. Onun fikrincə, İttihada-İslama böyük bir cığır hazırlayanlardan olan Müzəffərəddin şah məşrutə elan etməklə də yalnız Qacarlar tarixinə deyil, ölkənin bütün tarixi üçün bir ilkə qol qoymuşdur.

Türkçülyün, Turançılığın ideoloqlarından M.Ə.Rəsulzadə də 1912-ci ildə Türkiyədə qələmə aldığı “İran inqilabının tarixi”  məqaləsində yazırdı ki, ölümünə az qalmış mərutəçiliyi (anayasaçılığı) bildirmiş Müzəffərəddin şah ulusun içdən sevgisini qazanmışdı: “Şah anayasaçılığı bildirdikdən sonra demək olar Avropa ağaları kimi çox az deyiləcək düzəydə, bir kaç qulluqçuları ilə saya bir biçimdə Tehran küçələrini dolaşır, bazarlara çıxır, yaşayanların alqışlarını qazanır, xeyir-dua görür, bundan olduqca duyğulanırdı. Oxumamışlar Müzəffərəddin şahı tarixin yetişdirdiyi təklərdən sayaraq incə qəlbli olduğunu düşünürdü. Yaşayanlar içində ona ürəkdən güvənənlər, bağlananlar olmuş, ulusal coşqunun bundan yüksəyi düşünülmürdü. Parlamentin önündə toplanan yaşayan­lardan “Yaşasın Asiya imperatoru” deyə bağıranlar olmuşdu”.

Hesab edirik ki, dünya tarixi, o cümlədən Türk (Azərbaycan) tarixi Müzəffərəddin şah haqqında yazdıqları mənfi xüsusiyyətlərlə yanaşı, bu tarixi məqamları da unutmamlıdır. Hər halda onun Türk məşrutəçilərin də təsiriylə ruhanilərin basqısından uzaqlaşıb Türk ulusuyla yaxınlaşdıqca yenilkçi-dünyəvilik cəhətləri ortaya çıxmışdı. Şübhəsiz, Qacarlar hökmdarının belə bir addım atması da daha çox Türk ulusunun işinə yaramış, Türklərin öz soyundan-sopundan olan Qacarlara olan etimadsızlığı müəyyən anlamda azalaraq yeni bağların yaranmasına səbəb olmuşdur.

Ancaq Müzəffərəddin şah Qacardan sonra Qacarların başına keçən Məhəmməd Əli şah Qacar (1907-1909) Türk ulusuyla Qacarlar arasında yenidən yaranan birlik bağını gücləndirmək yolunu tutmadı. Halbuki bütün Türk ulusu, o cümlədən Türk aydınları Məhəmməd Əli şah Qacarın atasının yolunu davam etdirəcəyini gözləyirdilər. Hətta, Əli bəy Hüseynzadə 1907-ci ildə yazırdı ki, Müzəffərəddin şahın  “müqəddəs vəsiyyətləri ortada dururkən Məhəmməd Əli şah mənfur istibdadların nəsihətlərinə qulaq verən deyildi”. Turançılığın ideoloqu inanırdı ki, Şərq, o cümlədən İslam-Türk dünyasında mövcud olan mütləqiyyət dövlətləri daha çox Avropalı ideoloqların işinə yarayırlar. Belə ki, bir neçə nəfərdən ibarət hakimiyyət başçılarını ələ almaq, onları idarə etmək Qərblilər üçün daha asandır nəinki məşrutəli-konstitusiyalı dövlətləri. Bu anlamda, Hüseynzadə hesab edirdi ki, Qacarların konstitusiyalı dövlət olması Avropa dövlətlərinə, o cümlədən Almaniya, İngiltərə və Rusiyaya sərf etmir. Ona görə də, Qacarlar şahı Osmanlı sultanı Əbdülhəmid kimi mütləqiyyət yolu tutmalı, məşrutiyyət fikrindən əsla vaz keçməməlidir.

Çox yazıqlar olsun ki, Məhəmməd Əli şah ingilislərlə rusların fitnəkarlığını dərk etməyərək, Türk ulusunun dayaq olduğu məşrutəni aradan qaldırmaq yolunu tutdu. Ən acınacaqlı hal odur ki, Məhəmməd Əli şah məşrutiyyəti ləğv edib mütləqiyyətə qayıtmaq yolunda Rusiya və İngiltərənin dəstəyini almaq üçün (əslində bu planı Türk düşməni olan bu dövlətlərin özləri hazırlamışdılar), 1907-ci ildə Qacarlar dövlətini rəsmi olaraq onların nüfuz dairələrinə çevirdi.  Belə ki, Qacarların cənubu “ingilis nüfuz dairəsi”, şimalı isə “rus nüfuz dairəsi” elan olundu. Bununla da Qacarlar imperiyası rəsmən formal bir hala gətirilimiş oldu ki, şübhəsiz, buna qarşı ilk növbədə türklərin çıxması təbii idi.

Bizcə, Məhəmməd Əli Şah Qacardan antiməşrutəçilik, antihürriyyətçilik düşmənçiliyi gözləməyən Azərbaycan türkləri Təbrizi məşrutəni qoruma hərəkatının mərkəzinə çevirməklə yalnız özlərini deyil, Qacarları da bu qorxunc oyundan xilas etməyə çalışırdılar. Məhəmməd Əli şahın bu bağışlanmaz hərəkətindən sonra,  Qacarların taleyi artıq hökmdarların deyil, Türk ulusunun iradəsiylə müəyyənləşməli idi. Əgər Türk ulusu Məhəmməd Əli şahın mütləqiyyətə qayıtmaq üçün ölkəni ruslarla ingilislərin arasında bölüşdürlüməsinə səssiz qalsaydı, o zaman Türk ulusunun şərəfi də müzakirə obyekti olacaqdı. Bu anlamda Qacarlar dövlətinin əsas milləti olan Türk ulusunun öz soyundan olan Qacarlar sülaləsinin şahının doğru olmayan siyasətinə qarşı çıxması xəyanət deyil, tam əksinə oyuna gətirilmiş Türk hökmdarı Məhəmməd Əli Şahı doğru yola çəkmək və Türk sülaləsinin nüfuzunu bərpa etmək idi. Ancaq xarici qüvvələrin, xüsusuilə də rus diplomatiyasının təsiri altın düşmüş Məhəmməd Əli Şah Türk ulusuna arxalanmaq ya da Türk məşrutəçilərinin haqq səsini dinləmək əvəzinə, Tehrandakı Millət Məclisini dağıdaraq mütləqiyyətə qayıtmaq yolundan vaz keçmədi. “Şah və onun ətrafında toplanmış mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda (Qacarlarda -F.Q.) hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan əyalət əncüməni, Təbriz sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi”.

Bizcə, “inqilabi mübarizənin mərkəzinin Tehrandan Təbrizə” asanlıqla keçməsində Tehrandakı sözdə məşrutə tərəfdarı farsdilli qüvvələrin “inqilaba”, daha doğrusu ilk məşrutəyə xəyanət etmələri mühüm rol oynamışdır. Farsdilli qüvvələr ingilislərlə rusların da məsləhətiylə, siyasi manevr edərək atasından fərqli olaraq gerilkçi mövqe tutmuş Məhəmməd Əli şahın yanında müvəqqəti də olsa, yer almağı daha münasib bildilər. Çünki məşrutənin aparıcı qüvvəsinin Türklərin olması, özəlliklə Qacarların paytaxtı Tehranda mövcud olan parlamentdə onların söz sahibi olması farsdilli dini və qeyri-dini qüvvələrlə, onların havadarları Rusiyayla İngiltərəni qətiyyən qane etmirdi. Hər halda bu dövrdə elan olunmuş məşrutənin aparıcı qüvvəsi kimi ilk Qacarlar parlamentində əsas rol oynayan türklər, bununla yanaşı məşrutənin əsas zəmanətvericisi qüvvəsinə də çevrilmişdilər. Buna nümunə kimi başda Səttarxan olmaqla, Azərbaycan Türk məşrutəçilərinin Tehranda toplanmış Millət Məclisin qərarlarını hökumətin əməl etməyəcəyi təqdirdə yeni hökumət seçəcəklərini bəyan etməsini də göstərə bilərik. ""İran bahadırları türklərdir" - demək İran inqilabının (Qacarlardakı məşrutə hərəkatının – F.Q.) əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz".

Ona görə də, Tehrandan Türk məşrutiyyətçiləri uzaqlaşdırmaq üçün müvəqqəti də olsa, Məhəmməd Əli şahı dəstəkləmək farsdilli qüvvələrlə havadarlarına sərf etmişdir. Çünki Tehran Türk məşrutiyyətçilərin mərkəzi, Qacarlar parlamenti Türk məşrutiyyətçilərin əsas idarəedici orqanı olaraq qaldığı müddətcə nə farsdilli qüvvələr, nə də onların havadarları Qacarlarda söz sahibi ola biləcəklərdi. Bu anlamda, Türk məşrutiyyətçilərin Tehranda məğlub olmasından dərhal sonra farsdilli qüvvələrin Qacarların paytaxtının, onun parlamentinin ruhundan Türk izini silməyə çalışmaları təsadüfi deyildi. Bununla da Tehranın bir Qacarlar Türk paytaxtından uzaqlaşdırılıb İran Fars paytaxtına çevrilməsinin başlanğıcı qoyuldu.

Məhz Tehranın Türk ruhundan uzaqlaşdırılması prosesinin başlanmasıyla da, istər-istəməz Azərbaycan türklərinin gözü Türklərin ikinci paytaxtı Təbrizə çevrildi.  M.Ə.Rəsulzadənin təbrincə desək, Tehrandan sonra Təbrizi məşrutə hərəkatının əsas dayaqlarından biri halına gətirən türklər, bu hərəkatın yalnız maddiyyatını deyil, mənəviyyatını da sonuna qədər idarə etməyə çalışmışlar: “Təbriz adətən İran (Qacarlar F.Q.) əfkarı-əhraranəsinin bir nazimi-mütləqi olmuşdur, məşrutiyyətin bir dərəcə istiqrarından və Məclisi-Millinin güdaşından sonra da türklərin həyati-siyasiyyədə əhəmiyyətləri artmış və ədədlərinin nisbətindən fəzlə fəaliyyətləri görülmüşdür. Gərək birinci məclisdə və gərək ikinci Azərbaycan vəkilləri nüfuzu-nəzər və həmiyyət-vətəniyyəcə sair arkadaşlarından daima yüksək bir mövqedə bulunmuşlardır».

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi