Modern.az

Dünya bazarlarının yeni brendi - “Made in Azerbaijan”

Dünya bazarlarının yeni brendi - “Made in Azerbaijan”

26 Oktyabr 2016, 09:15

Yaxın zamanlarda ölkəmiz nəinki regionda, dünya miqyasında keyfiyyətli məhsul ixrac edən önəmli dövlətə çevriləcək

 

Bütün zamanlarda baş verən böhranlar bəşəriyyətin inkişafı yolunda yeni imkanlar yaradıb, insanları təkmilləşməyə, daha yaxşıya doğru dəyişməyə və ortaya çıxan maneələri aşmaqda yeni üsullar tapmağa məcbur edib. Böyük dövlətlərdə həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticəsini verib. 
Bu gün dünyada gərginliklər, iqtisadi böhran yenə də davam etməkdədir. Bu böhranlar fonunda dayanıqlı iqtisadi inkişafını təmin edən Azərbaycanda da islahatlar həyata keçirilməkdədir. Prezident İlham Əliyevin ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq barədə ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. İqtisadiyyatın müxtəlif sahələri üzrə konkret proqramların, layihələrin icrası onu deməyə əsas verir ki, əldə ediləcək yüksək məhsuldarlıq nəinki daxili tələbatı ödəməyə, həmçinin yerli məhsulların xarici bazara çıxarılmasına da imkan yaradacaq.

 

Yeni iqtisadi siyasətin əsas prioriteti

 

Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanda da iqtisadi inkişafın qeyri-neft relslərinə keçirilməsini sürətləndirib. Dövlət başçısı ilin əvvəlində qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalını Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri elan etmişdir. Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, texnoparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanır. Dövlət fermerlərə dəstək göstərir, subsidiyalar ödəyir, gübrələr, yanacaq güzəştlərlə verilir. İnvestisiyalar qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 1 milyard manat həcmində güzəştli kreditlər verilib. Bu il isə 200 milyon manatın verilməsi nəzərdə tutulur. 
Artıq Azərbaycanda dünya bazarlarında rəqabətə girəcək müxtəlif məhsullar ictimaiyyətə təqdim edilir. Lakin xarici bazarlara çıxarkən, müəyyən problemlər üzündən valyuta itkisinə məruz qalırıq, yaxud da ki, məhsulumuzu lazımınca təqdim edə bilmirik. Məhz bu cür problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev təqdirəlayiq addım atdı və xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydasını təsdiqlədi və müvafiq istiqamətdə işlərin görülməsilə əlaqədar fərman verdi. 
Fərman qeyri-neft məhsullarının istehsalının stimullaşdırılması və ixracının təşviqi sahəsində həyata keçirilən ən vacib addımlardan biri və demək olar ki, əhatə dairəsinə görə ən əhəmiyyətlisidir. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi qaydası və Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib. Bundan başqa, yerli şirkətlərin xarici ölkələrdə ixracla bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin də müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası öz əksini tapıb. 
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev dünyada “Made in Azerbaijan” brendinin təbliğ olunmasının vacibliyini qeyd etmişdir: “Biz artıq “Made in Azerbaijan” brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər”. Dövlət başçısı bildirmişdir ki, bu gün bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır.

 

İnnovativ inkişafa qədəm qoyan milli iqtisadiyyat

 

Yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahələrin artırılması ilə milli iqtisadiyyat yeni mərhələyə - innovativ inkişafa qədəm qoymuşdur. Uğurla həyata keçirilən islahatların nəticəsi olaraq son illərdə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədi ilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilir. Azərbaycanın rəqabətədavamlı, keyfiyyətli qeyri-neft məhsullarının istehsalı və ixracı üçün böyük potensialı var. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bu potensialı daha da genişləndirir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş və aidiyyəti qurumlara tapşırıqlar verilmişdir. Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyat və onun əsas prioritet sektorları üzrə “Strateji yol xəritəsi”nin hazırlanmasına start verilib. Burada iqtisadiyyatın aparıcı sahələri, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi əsas məqsədlərdəndir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Ölkəmizin müxtəlif yerlərində yaradılan sənaye parkları, istixanalar bol məhsulun yetişdirilməsində böyük rol oynayırlar. Dövlət gələcəkdə həm daxili tələbatın yerli istehsalla təmin edilməsi, eyni zamanda çox böyük ixrac imkanlarının yaranması üçün kənd təsərrüfatının, sənaye potensialının inkişafını təmin edir. Kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın zamanlarda yerli məhsullarını xarici bazarlara asanlıqla çıxara biləcək. Respublikamızın qərb bölgəsinə səfəri zamanı dövlət başçısı bu məsələyə bir daha toxunaraq qeyd etmişdir ki, Azərbaycan nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcək. Bunun üçün bütün imkanlar var. 
Dövlətin dəstəyilə həyata keçiriləcək bu tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı dövlətlərin əmtəələrilə rəqabətə girəcək, “Made in Azerbaijan” brendi dünya bazarlarında xüsusi yer tutacaq. Bu da, əlbəttə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, ölkəmizə əlavə valyutanın daxil olmasına, yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür