Modern.az

Keçmiş deputatlar məhkəməyə müraciət edəcəklər

Keçmiş deputatlar məhkəməyə müraciət edəcəklər

3 Noyabr 2009, 11:01

2000-2005-ci illərdə Milli Məclisin üzvü olmuş bir qrup sabiq deputat “KAT LTD” MMC-ni məhkəməyə verməyə hazırlaşır. Buna səbəb keçmiş millət vəkillərinə yaşayış binası tikməli olan həmin şirkətin öz öhdəliyini uzun müddət yerinə yetirməməsidir. Məlumatı Modern.az saytına Milli Məclisin keçmiş üzvləri veriblər. Xatırladaq ki, “KAT LTD” MMC II Çağırış Milli Məclis zamanında Parlament prospektində, 20 saylı orta məktəbin arxasında deputatlar üçün çoxmərtəbəli yaşayış binası tikirdi. Tikinti yekunlaşandan sonra həmin binadan 60-dək deputata mənzil verilməliydi. Bunun üçün keçmiş deputatlar şirkətə müəyyən qədər vəsait də ödəmişdilər. Lakin sonradan tikintisi başa çatdırılan həmin bina yaşayış yeri kimi deyil, inzibati məqsədlər üçün istismara verildi. Nəticədə sabiq millət vəkillərinin yeni mənzillərlə təmin olunması baş tutmadı.

Keçmiş deputatlar saytımıza bildiriblər ki, Parlament prospektində inşa olunan həmin bina inzibati məqsədlər üçün istismara veriləndən sonra “KAT LTD”-yə dövlət tərəfindən Xətai rayonu ərazisində, “Amay” Ticarət Mərkəzinin  yaxınlığında çoxmərtəbəli bina tikmək üçün yeni torpaq sahəsi ayrılıb. Hətta şirkətin hesabına sözügedən ərazidə inşaat işlərini aparmaqdan ötrü lazımi qədər maliyyə vəsaiti də köçürülüb. Amma “KAT LTD” MMC o vaxtdan indiyədək keçmiş deputatlara yaşayış binası tikmək məsələsini uzadır. Nəticədə uzun müddətdir mənzil gözləyən sabiq millət vəkillərinin istəyi reallaşmayıb.

Yaranmış vəziyyətə etiraz olaraq keçmiş deputatların bir qismi yaxın xaxtlarda məhkəməyə müraciət edəcəklər. Əldə etdiyimiz məlumata görə, bunun üçün sabiq millət vəkilləri artıq vəkil də tutublar. Saytımıza verilən digər məlumata görə, vaxtilə Parlament prospektindəki binadan mənzil gözləyən 60 sabiq deputatdan 5 nəfər dövlət tərəfindən ayrı yerlərdə mənzillə təmin olunub. Amma qalanlara bu xoşbəxtlik nəsib olmayıb.

“Modern.az”

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub