Modern.az

Uğur və sevgi qazanmağın sadə düsturu

Uğur və sevgi qazanmağın sadə düsturu

26 Oktyabr 2016, 10:25

Akif CABBARLI

 

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyi əslində hər birimizin bayramıdır

 

1973-cü ilin payızı heç zaman unudulmayacaq, yaddan çıxmayacaq bir zaman kəsiyi kimi taleyimə, ömür kitabıma yazılıb. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu kimi Azərbaycan Radiosunda işə başlamışam. Bir ay sonra isə Radionun 47 yaşı qeyd olundu. Ad günü tədbirlərində iştirak edənləri göz önünə gətirəndə daxili bir qürur hissi keçirirəm. Soltan Nəcəfov, Aydın Qaradağlı, Aqşin Babayev, Tahir Paşazadə, Rauf İsmayılov, Ramiz Mustafayev, İbrahim Göyçaylı, Sevda Məmmədzadə, Sabutay Quliyev, Ofeliya Sənani, Gültəkin Cabbarlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Fəridə Babayeva, Qara Tağızadə, Əli Məhəmmədoğlu, Telman Qarayev, Hidayət Səfərli, Yasin Qaraməmmədli, İlyas Adıgözəlli, Zöhrab Zeynalov, Bəhram Gözəlov, Rafiq Savalan, Yalçın Əlizadə, Ənvər Qafarlı, Altay Zahidov, Mülatif Adurov, Mailə Muradxanlı, Vaqif Əlixanlı, İntiqam Mehdizadə, Natiq Səfərov kimi əsl söz, sənət adamları ilə bir məclisdə oturmaq həqiqətən də qürurverici məqam idi və onu da deyim ki, bu hisslər hələ də qəlbimin bəzəyidir.

 

Bir neçə gündən sonra doğma Radiomuzun – Ata Radionun 90 yaşı tamam olur. Kifayət qədər böyük rəqəmdir və bu rəqəmin ucalığında mənə dünyalar qədər əziz olan bir kollektivin ötən dövrdə yaşadığı çətin, şərəfli, məsuliyyətli yaradıcılıq həyatının maraqlı, rəngarəng səhifələri birər-birər canlanır. Bu kollektivi şərəfləndirən, Azərbaycandan çox-çox uzaqlarda belə tanıdan insanların, yaradıcı, qurucu şəxsiyyətlərin adlarını bütövlükdə sadalasaq, bir kitaba sığan deyil və adlarını qeyd eləmədiyim şəxslərdən üzr istəyir, dünyasını dəyişənlərin ruhu qarşısında baş əyirəm.

 

“Ata Radio” ifadəsini təsadüfən işlətmədim. Yəqin ki, yaşıd həmkarlarım da mənimlə razılaşar, həqiqətən də ötən əsrin 70-80-ci illərində Radio sözün əsl mənasında yaradıcı insanların, elm və mədəniyyət xadimlərinin daha çox üz tutduğu məkanlardan idi və qonaqlarımız da, biz özümüz də özümüzü evimizdəki kimi, Ata ocağında olduğu təki hiss edirdik. Elə “Ana Televiziya” ifadəsi də məhz əməkdaşlara və bura üz tutan, mavi ekrandan cəmiyyətə söz çatdırmaq səlahiyyəti olan insanlar üçün məhz isti Ana qucağını, məhrəmdən-məhrəm bir ünvanı xarakterizə etməkdən dolayı yaranmışdı və elə indi də müdriklik yaşına çatan Televiziyamız bu xüsusiyyəti ilə digər telekanallara canlı bir örnəkdir.

 

Bu sətirlərin müəllifi Radioda əmək fəaliyyətinə “Son xəbərlər” redaksiyasında başlayıb. O vaxtlar axşam xəbərləri ana proqram “Günün səsi”ndə təqdim olunurdu. Televiziyada isə axşam saatlarında əsas proqram kimi “Günün ekranı” yayımlanırdı. Gün ərzində ölkəmizdə, beynəlxalq aləmdə baş verənlər hər iki buraxılış vasitəsi ilə Azərbaycan dinləyicilərinə və tamaşaçılarına çatdırılırdı. Doqquz il fasiləsiz Radioda çalışdım. 1982-ci ilin bir payız günü “Günün ekranı”ndan Mürsəl Mustafayev zəng edib təcili rayondan qayıtmağımı istədi. O vaxt Qəbələdə idim, valideynlərimə baş çəkməyə getmişdim. Gəldim və məlum oldu ki, sədrimiz Elşad müəllimin göstərişi ilə məni “Günün ekranı”na keçirirlər. O zaman bu redaksiyaya vaxtilə Radionun “Xəbərlər”ində baş redaktor müavini işləmiş Ənvər Qafarlı rəhbərlik edirdi və görünür, ənənəyə görə Radioda bişib-düşən, təcrübə keçən gənclərin televiziyaya dəvət edilməsi baxımından məni də yada salmışdılar. Təbii ki, ümidləri doğrultmağa çalışdım, istədim ki, “Günün ekranı”nın Ələkbər Abbasov, Telman Qafarlı, Telli Pənahqızı, Alı Mustafayev, Qərib Əhmədli, Nadir Abdulayev və digərləri kimi səviyyəli əməkdaşları ilə bir sırada dayana bilim. Nəyə isə nail oldumsa, bunu dostlarım məndən yaxşı bilirlər.

 

Radio mənə və gənc həmkarlarıma nələri öyrətdi, hansı keyfiyyətləri aşıladı, hansı məqamları tarixiləşdirdi? Yaddaşımda olanları deyəcəyəm.

 

Radio bizə müasir Azərbaycan ədəbi dilində sərbəst danışmağı və yazmağı öyrətdi;

 

Radio insanlarla, xüsusən müsahibə götürdüyümüz adamlarla ünsiyyət qurmağı, onlarla danışmağı və danışdırmağı öyrətdi;

 

Radioda işləyərkən daha çox mütaliə etməyi, dünyada baş verən prosesləri izləməyi, hadisələrə obyektiv qiymət verməyi, konkret nəticələr çıxarmağı öyrəndik;

Radio bizə kollektiv arasında hörmət qazanmağın sirrini başa saldı, səmimi, həssas, qayğıkeş, canımyandı olmağın yollarına işıq saldı;

 

Radio bizə ailəcanlı olmağın, sevib-sevilməyin, dosta, yoldaşa qarşı necə ülfətli, mehriban olmağın sirrini aşıladı;

 

Radio bizə çətinliklərdən çəkinməməyi, obyektiv, operativ, gözüaçıq olmağı, cəldliyi öyrətdi.

 

Biz o vaxtlar yorulmaq nədir bilməzdik. Yaxşı xatırlayıram, o dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə Bakıda İttifaq əhəmiyyətli obyektlər, sənaye müəssisələri tikilirdi. Bu tikintilərdə Radionun da operativ qərargahı fəaliyyət göstərirdi. Bakı Məişət Kondisionerləri zavoduna təhkim olunmuşdum və gün ərzində ən azı üç-dörd dəfə tikintinin gedişi ilə bağlı Radioya reportajlar təqdim edirdim. “Reportyor-6” adlı ağır səsyazma qurğusu ilə nəhəng tikintini qarış-qarış gəzir, mühəndislərdən, inşaatçılardan müsahibələr alırdım. O vaxtlar burada çalışanların bəziləri ilə dostluğum indi də davam edir.

 

Heç yadımdan çıxmaz, Ümummilli lider Heydər Əliyev pambıqçılıqla və yaxud digər məsələlərlə bağlı vaxtaşırı zona müşavirələri keçirirdi. Biz də mütləq o tədbirlərdə iştirak edər, telefon bağlantısı ilə efirə çıxar, müşavirələrin gedişini və nəticələrini dinləyicilərə çatdırardıq. Ölkə rəhbəri maşındaca həmin reportajları dinləyər, yeri düşdükcə, fikirlərini də çatdırar, məsləhət və tövsiyələrini verərdi. Bir dəfə hətta Naxçıvan səfərində qrupumuzun rəhbəri Hidayət Səfərlini yanına çağırıb radio-reportajlar üçün təşəkkürünü də bildirmişdi. Unudulmaz günlər idi və qürurverici məqamlar kimi hafizələrdə yaşayır.

 

Azərbaycan Radiosu istər Sovetlər Birliyi, istərsə də müstəqillik illərində həmişə sadə, əməksevər insanların yanında olub və indi də belədir. Mehdi Hüseyn küçəsi – 1 ünvanına o illərdə nə qədər dinləyici məktubu gəlirdisə, sayı-hesabı bilinməzdi. Vaxtaşırı bu məktubların xülasəsini hazırlayıb efirə verərdik. İnsanlar ən əziz adamlarına açmadığı sirlərini bizə bildirər, qarşılaşdıqları problemlərlə bağlı kömək istəyirdilər. Bu fikirlər efirdə səsləndirilər, həmin adamlar da sonradan Radioya təşəkkür məktubu yazar, göstərilən köməyə, qayğıya görə minnətdarlıq edərdilər. Bu ənənənin davamı arzuolunandır və Azərbaycan Radiosunun tutduğu yolla üst-üstə düşür.

 

Ata Radiomuzun 90 illiyi ilə yanaşı, Azərbaycan tamaşaçıları Ana Televiziyamızın 60 illiyini də böyük bayram sevinci ilə qarşılayır. Yaxşı yadımdadır, ötən əsrin 70-80-ci illərində video-texnikanın bu kanala ayaq açması bir çox yeniliklərin tətbiqi üçün bir növ stimul oldu. Mərkəzi Televiziyadan üç il sonra – 1973-cü ildə AzTV-də rəngli yayıma keçilməsi ö dövr üçün əlamətdar hadisə idi. 1985-ci ildə kollektivin yaradıcılıq əzmi və təşəbbüsü sayəsində AzTV bütün parametrlər üzrə - xüsusən də texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə SSRİ-də dördüncü yerə çıxmışdı. AzTV sədri Elşad Quliyev bu uğurları Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, mədəniyyət və incəsənətə verdiyi yüksək qiymət və tükənməz qayğısı ilə əlaqələndirirdi.

 

Son 10 ildə AzTV milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin yorulmaz təbliğatçısına, ana dilimizin qorunması, saflaşması yolunda mübariz əsgərə çevrilib. AzTV-nin Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırdığı muğam müsabiqələri, bir-birinin ardınca efirə vəsiqə alan musiqili-əyləncəli proqramlar, tele-tamaşalar, sənədli filmlər, tok-şoular tamaşaçıların dərin hörmətini qazanıb. Kiçik yaşlı uşaqlardan tutmuş ahıl insanlara qədər hər kəsin AzTV-yə olan inamının, etimadının, əsl tamaşaçı məhəbbətinin yaranması məhz bu qurumda çalışanların yorulmaz fəaliyyətinin, əsl vətəndaşlıq mövqeyinin bariz ifadəsidir. Adlı-sanlı ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin, elm adamlarının, əməkçi insanların ürəklə qədəm basdığı, cəsarətlə addımladığı AzTV dəhlizləri həmişə saflığa, irfana və aydınlığa uzanan, üfüqlər qədər geniş, səma təki aydın yolları xatırladır mənə. Harada çalışsam da, yaradıcılıq bioqrafiyamın ən yaddaqalan səhifələri məhz AzTV-də yazılıb və bu gün də mən özümü illərlə çiyin-çiyinə işlədiyim dostlarımın yanında hiss edirəm.

 

İndi tanınmış televiziya ekspertləri, hətta obıvatellər belə etiraf etməkdədirlər ki, AzTV hər bir ailədə sevilir, bu qurumda hazırlanan verilişlər səbirsizliklə gözlənilir. Ana Televiziyamız da qarşılığında hər bir tamaşaçının xoş sözünün, haqlı iradının və məsləhətinin, xeyir-duasının sorağındadır.

 

Müsahidəçilərin və ekspertlərin qənaətincə, bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyinin uğur qazanmaq və nailiyyətləri qoruyub saxlamaq təcrübəsinə nəzər salarkən, ürəklə söyləmək olar ki, yaxşı nə varsa, öyrənmək, tətbiq etmək, ənənələrdən bəhrələnmək, müasir texnologiyalara ardıcıllıqla yiyələnmək, üstəgəl, televiziya işində saç-saqqal ağartmış insanların təcrübəsinə, cavanların enerjisinə güvənmək hesabına yüksək keyfiyyət göstəricilərinə nail olmaq Azərbaycan Televiziyası və Radiosunda tamaşaçı və dinləyici sevgisini qazanmağın sadə düsturudur.

 

Əlamətdar yubiley münasibəti ilə hər birinizi ürəkdən təbrik edir, sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram, əziz dostlar. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı